Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3207/2022 01.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurulan zərərin əvəzi olaraq 15151 manat pulun və ödənilmiş 136,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurulan zərərin əvəzi olaraq 15151 manat, əlavə xərclərə görə 4000 manat olmaqla, cəmi 19151 manat pulun və ödənilmiş 136,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi “BMW X6M” marakalı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 21:40 radələrində S.S.Axundov küçəsində avtoqəzaya uğramışdır. Cavabdeh1 Bakı şəhər sakini Cavabdeh2 mülkiyyətində olan, idarə etdiyi "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu zaman yol hərəkət qaydasını pozaraq iddiaçının idarə etdiyi avtomobili vurmuşdur. Cavabdeh yol hrəkət qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh1 Binəqədi Rayon Dövlət Yol Polisinin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Yol hərərkət hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparılmışdır. İddiaçıya sığorta şirkətindən 3919 manat ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən avtomobilinə dəyən ümumi zərər hesablanmışdır. Hesablama aktına əsasən dəyən zərər 19070 manat müəyyən edilmişdir. Cavabdehə dəyən zərərin əvəzinin könüllü olaraq ödənilməsi üçün tərəfindən dəfələrlə təklif edilmişdir. Hazırda cavabdehlə əlaqələri heç bir nəticə verməmişdir. O yol hərəkəti hadisəsini törətdikdən sonra onunla görüşlərdən yayınır. Avtomobilə dəyən ziyanı isə ödəmək niyyətində deyildir. Cavabdeh2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1099 və 1108-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1108-cı maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Mülki Məcələnin 159-cu (Əşyaya sahiblik) sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Eyni Məcəllənin 163-cü (Sahibliyin verilməsi) maddəsinə əsasən (163.1.) Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164-cü (Sahibliyin müdafiəsi) maddəsinə əsasən (164.1 ) hətta sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün guc işlətmək ixtiyarı vardır. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun huquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Mülki Məcəllənin 166-cı (Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi) maddəsinə əsasən (166.1.) Daşınar əşyanın sahibi haqqında ehtimal edilir kı. o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir kı, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən Qərarında göstərilmişdir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin huquqa zidd olması- ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə gorə mülki huquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ gorə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə kı, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr tapşırıq və təlimatlarına əsasən habelə nəzarəti altında başqasının - işçinin göstərmiş olduğu xidmətlərdən yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s ) üzrə fıziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin - işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi uçün və onun nəzarəti altında görülən işin lazımı qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi təızdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki huquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş huquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtləri, tərəflərin huquq və vəzifələri əks etdirən yazılı müqavilədir. Əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-cı maddəsində isə işçinin əmək funksiyasının dairəsi konkretləşdiriləcək müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin, göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqı şəxs (fizik şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin, işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş oldugu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülkı Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Belə ki, Mülki Məcəllənin 1108.1 maddəsinə uyğun olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci madəsinə əsasən isə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəzymiş zərərin ödənilməsi öhdəliyi hüquq nəzəriyyəsində 'təhlükə məsuliyyəti' adlandırılır. Təhlükə məsuliyyəti anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır Obyektiv fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahiblən təqsirsiz olsalar belə, bu fəaliyyətdən əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski oz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərmə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsim qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; -dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; -ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli uçun ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə gorə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mulkı Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən aşağıdakı nəticələrə gəlir: əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra ediİməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Mülki Məcəllənin 1114cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir; yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti Mülki Məcəllənin 1108-cı maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu (Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti KMQ19) maddəsinə əsasən (1099.1) Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. (1099.2.) Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilənləri nəzərə alaraq, iddiaçının iş üzrə Cavabdeh2 qapşı irəli sürdüyü iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, etibarnamənin olub-olmamasından məlumatlı olmamışdır. O, hadisəni törətmişdir. Lakin, İddiaçı avtomobili sürətlə idarə etmiş və özü avtomobilin qabağını onun idarə etdiyi avtomobilə vurmuşdur. Onun tələb edilən məbləği ödəmək üçün maddi imkanı yoxdur. Həmçinin, bildirmişdir ki, Cavabdeh2 ilə onun arasında əmək və ya mülki hüquqi müqavilə bağlanmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, əvvəl avtomobil Ədilov Coşkunun adına olmuş və avtomobili idarət etmək üçün Cavabdeh1 etibarnamə vermişdir. Hadisə baş verən gündən 4 gün əvvəl avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Hadisə baş verdiyi tarixdə Coşkun Ədilovun verdiyi etibarnamə artıq qüvvəsini itirmiş və hadisə baş verdiyi tarixdə delikt törətmiş şəxsin həmin avtomobili idarə etmək səlahiyyəti olamamışdır. Cavabdeh1 Cavabdeh2 faktiki olaraq işçisi olmamışdır. Mülki qanunvericilliyə əsasən fizini və hüquqi şəxs işçinin törətdiyi delikt üçün məsuliyyət daşıyır. Ammma məhkəmə iclasında bir daha müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında əmək münasibətləri mövcud olmamışdır. Hesab edir ki, iddia Cavabdeh2 münasibətdə əsassızdır. Odur ki, iddianın ona münasibətdən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, saat 21:40-da Bakı şəhəri, S.S.Axundov küçəsində "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh1 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesablama aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW X6M” markalı 10DR888 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği, ehtiyat hissələrinin dəyəri 15270 manat, görülən işlər 3800 manat olmaqla, cəmi 19070 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22-01755/04/AA-1124/22 nömrəli sığorta aktından görünür ki, hadisə nəticəsində İddiaçı məxsus “BMW X6M” markalı 10DR888 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri aradan qaldırılmaq üçün "xxxx" ASC tərəfindən İddiaçı hesabına 3919 manat köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4751 nömrəli ekspert rəyindın görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2009-cu il buraxılışlı “BMW X6M” markalı 10DR888 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri təxminən 17520 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X1 ötürən X6 vasitəsilə "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 2 ay 8 gün müddətində Cavabdeh1 idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh2 "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 3 ay 1 gün müddətində Cavabdeh1 idarə etmək səlahiyyəti vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə, saat 21:40-da Bakı şəhəri, S.S.Axundov küçəsində "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş və “BMW X6M” markalı 10DR888 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. Binəqədi rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsndə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. “BMW X6M” markalı 10DR888 dövlət qeydiyyat nişanlı avtomobillə 19070 manat məbləğində maddi zərər dəymişdir. "xxxx" ASC tərəfindən İddiaçı hesabına 3919 manat sığorta ödənişi köçürülmüşdür. Eləcə də müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X1 ötürən X6 vasitəsilə 2 ay 8 gün müddətində Cavabdeh1 "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququna dair etibarnamə vermişdir. "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. xx.xx.2022-ci il tarixdə isə Cavabdeh2 3 ay 1 gün müddətində Cavabdeh1 "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququna dair etibarnamə vermişdir. Məhkəmə qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi Cavabdeh1 təqsiri səbəbindən baş verdiyindən, hüquqa zidd əməl nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş zərər tam həcmdə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehlər dəymiş zərərin ödənilməsində müştərək qaydada məsuliyyət daşıyırlar. Belə ki, xx.xx.2022-ci il tarixdə X4 tərəfindən "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 2 ay 8 gün müddətində Cavabdeh1 idarə etmək səlahiyyəti verilsə də, qeyd edilən avtomobil xx.xx.2022-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmiş, bununla da X2 mülkiyyətindən çıxmışdır. "Hunday Getz” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair artıq X2 mülkiyyət hüququ olmadığından, onun tərəfindən həmin avtomobilə dair verilmiş etibarnamə də, avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçdiyi andan qüvvəsini itirmişdir. Hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixdə isə Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Cavabdeh2 tərəfindən Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə yol nəqliyyat hadisəsi baş verdiyi gündən bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə verilmişdir. Bununla da, hadisə baş verdiyi vaxt Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Cavabdeh2 isə digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində avtomobilin onun sahibliyindən çıxdığına dair məhkəməyə heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu halı mübahisələndirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobilin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğundan dəymiş zərərin ödənilməsi üçün digər cavabdehə birgə məsuliyyət daşıyır. Bundan başqa, məhkəmə iddiaçıya dəymiş zərərin məbləğini müəyyənləşdirərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4751 nömrəli ekspert rəyi ilə razılaşmır. Belə ki, rəydən görünür ki, ekspert tərəfindən avtomobilə vizual baxış keçirilməmiş, yalnız nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərcləri müəyyən edilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən tərtib edilmiş hesablama aktı əsas götürülməklə müəyyən edilməli və sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 3919 manat sığorta ödənişi çıxılmaqla 15151 manat zərər cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətlərinə görə avtomobili olmadığı üçün hadisə baş verdiyi tarixdən hazırki dövrə qədər hər ay taksi xidmətindən istifadə üçün 400-500 manat pul xərcləməsinə dair hər hansı sübut təqdim etmədiyindən, həmçinin məhkəmə prosesinin hansı müddətdə başa çatması dəqiq bilinməməsinə baxmayaraq iddiaçının prosesin 1 il davam edəcəyini əsas götürərək həmin müddət üçün taxsi xidmətindən istifadə üçün çəkəcəyi xərcləri tələb etməsi əsassız olduğundan, iddia tələbi “4000 manat əlavə xərclərin tutulması” hissəsində təmin edilə bilməz. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 15151 (on beş min yüz əlli bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 136 manat dövlət rüsumu da cavabdehlərə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 15151 (on beş min yüz əlli bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 136 (bir yüz otuz altı) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3207/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3207/2022
01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver