Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-321/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12.06.2021-ci il tarixdə axşam saat 22:30 radələrində sürücü Cavabdeh idarə etdiyi "BMW 535" minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Saf Su”nun qarşısında tənzimlənməyən piyada keçidində yolu keçərkən onu və ondan da başqa (sonradan adı, soyadı tanınan) X2 vurmuşdur. Hadisə nəticəsində onun sağlamlığımın pozulması ilə nəticələnən, ağır hesab olunan xəsarətlər yetirmişdir. Qeyd edir ki, o hadisədən sonra ona və digər yaralıya kömək göstərərək xəstəxanaya çatdırmışdır. O, xəstəxanada bir müddət müalicə olunmuşdur. Həmin ərəfədə işdə adıgedən cavabdeh ona lazım olan tibbi pereparatları öz vəsaiti hesabına ödəmişdir. Lakin o, xəstəxanadan çıxıb ev şəraitində müalicələrini davam etdirəndə cavabdeh ona daha pul vəsaiti olmadığını və imkansızlığını telefon vasitəsilə bildirmişdir. Halbuki ona hal-hazırda da ayrı-ayrı tibb müəssisələrinə gedib müalicə olunmaq olduqca vacibdir. Bunun üçün də ona minimum 4000 manat pul xərcləmək lazımdır ki, gələcəkdə tam sağalsın və öz işinə qayıda bilsin. Bu barədə cavabdehə bildirmişdir. Lakin o, bundan imtina etmişdir və bugünki gündə də onun sağlamlığı ilə maraqlanmır. Ona görə də hesab edir ki, onun sağlamlığının tam bərpa olunması üçün vacib hesab edilən 4000 manat pul vəsaitini Cavabdeh öz hesabından ödəməlidir. Çünki onun təqsiri ucbatından o xəsarətlər almışdır. Mənə bu məqsədlə bundan sonra vacib olan pul vəsaitlərini cavabdeh öz hesabından ödəməlidir ki, onun sağlamlığı tam bərpa olunsun. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında faktiki yaşayan Cavabdeh hesabından onun müalicəsi üçün vacib olan 4000 manat pul vəsaitinin tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, həmin zaman onun atası da, rəhmətə getdiyindən, eləcə də, cavabdehin ailəsinin xahişini və tərəflərindən onun sağlamlığının bərbası üçün bütün maddi köməkliklərin də, göstəriləcəyinə dair vədlərini nəzərə alaraq o, cavadehdən şikayətçi olmamışdır. Cavabdeh ilk vaxtlarda onun müalicəsi üçün müəyyən məbləğlərdə pul xərcləsə də, sonuncu dəfə həkimdə olaraq müalicənin davamı və onun tam olaraq sağalması üçün fizioterapiya lazım olduğu bildirilmiş və bu müddətin də, 21 gün çəkəcəyi deyilmişdir. Belə ki, cavabdeh ona nəğd şəkildə pul verməmiş, sadəcə onu həkimə apararaq həkim müayinəsi və eləcə də, digər zəruri müayinələrin, rentgen, KT müayinəsi və s... keçirilməsi üçün xəstəxanaya cuzi ödənişlər etmiş, ödənişlərin digər hissəsi və ilkin müalicə və dərmanların alınması isə cavabdehin sığorta şirkəti tərəfindən ödənilmiş 1480 manat pul vəsaitinin hesabına ödənilmişdir. Daha sonra cavabdehə müalicənin davam etdirilməsi üçün zəruri vəsaitin ödənilməsini təklif etmiş, cavabdeh isə ona müalicələr üçün cəmi 200 manat ödəniş etmişdir. Lakin həmin məbləğ zəruri fizioterapiya kursunun tam başa çatması üçün yetərli olmadığından, eləcə də, həkimlər tərəfindən müalicə yarımçıq kəsiləcəyi təqdirdə heç bir nəticə verməyəcəyi bildirildiyindən, onun isə maddi imkanı olmadığından o, müalicəyə başlaya bilməmiş, cavabdeh isə pul verməkdən imtina etmişdir. O hətta cavabdehə pulun, ona deyil, hansı məbləğdə olsa birbaşa klinikaya ödənilməsini təklif etsə də, cavabdeh onunla kobud danışaraq ümumiyyətlə pul verməyəcəyini bildirmişdir. Ona verilmiş həmin 200 manat məbləğ hazırda ondadır və sözü gedən məbləğ də, onun tam kurs müalicəsi üçün deyil, bir neçə gün üçün kifayət edəcəyi məbləğdir. Ola bilər ki, o iddiasında artıq məbləğ istəmişdir. Lakin ona lazım olan müalicəyə çatacaq məbləğdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, 12 iyun 2021-ci il tarixində axşam 22.30 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində “Saf Su” adlanan məntəqənin qarşısında cavabdehin idarə etdiyi “BMV 535” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən tənzimlənməyən piyada keçidində yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsində təhqiqat başlanmış, xəsarət almış şəxsin məhkəmə tibbi ekspertizası keçirilərək ona yetirilmiş xəsarətin dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X6 Yasamal rayon şöbəsindən verimiş 18 iyun 2021-ci il tarixli 117 saylı məhkəmə-tibbi ekspertizası rəyinə əsasən iddiaçıya hadisə nəticəsində iddia ərizəsində qeyd etdiyi kimi ağır deyil az ağır xəsarət yetirilmişdir. Hadisə baş verdikdən dərhal sonra iddiaçını özünün də iddia ərizəsində qeyd etdiyi kimi xəstəxanya çatdırmışdır. Cavabdeh iddiaçının istər xəstəxana xərclərini, istərsə də digər xərclərini tam olaraq şəxsi vəsaiti hesabına ödəmişdir. Bu faktı iddiaçının özü də Yasamal rayon Polis İdarəsinin təhqiqat şöbəsinə ünvanladığı ərizəsi ilə də təsdiq edir. Belə ki, Yasamal rayon Pois İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, 10 iyul 2021-ci il tarixində ünvan 4 ünvanında yaşayan İddiaçı Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 12 iyun 2021-ci il tarixində Yasamal rayon Şərifzadə küçəsində Cavabdeh idarə etdiyi “BMV 535” markalı **- PV-*** dövlət nömrə nişanlı avtomaşınla onu vuraraq xəsarət yetirmişdir. Hal-hazırda Cavabdeh ona dəymiş olan maddi ziyanı tam şəkildə ödədiyi üçün ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Qərardan və iddiaçının özünün etirafından da göründüyü kimi cavabdeh iddiaçıya dəymiş ziyanı tam olaraq ödəmişdir. Möhtərəm hakim, yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan baş verən hadisədir. Hadisə zamanı cavabdeh iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi onu dərhal maşına mindirərək tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırmış, bütün müayinə və xəstəxana xərclərini ödəmişdir. İddiaçı cəmi bir gün xəstəxanada qalmışdır. Qalan müalicəsini ev şəraitində davam etdirmişdir. Cavabdeh hər həftə onu evində ziyarət edib, maddi ehtiyaclarını artıqlaması ilə ödəmişdir. Hətta işə çıxmadığı müddətin əmək haqqını belə ödəmişdir. Cavabdeh ümumilikdə iddiaçıya 5000 manatdan artıq maddi vəsait xərcləmişdir. Hesab etmişdir ki, bu bir vicdan məsələsidir. Lakin iddiaçının iddia tələbi heç bir vicdana sığmır və cavabdehdən əsassız pul tələb edir. Belə ki, iddiaçıya bir həftəlik fizioterapiya təyin edilmişdir. Bir həftənin xərcini cavabdeh tam ödəmişdir. Sonra iddiaçı bildirmişdir ki, guya həkim 3 gün artıraraq 10 gün, daha sonra isə 15 gün olduğunu deyərək, ondan əlavə pul tələb edərək hər dəfə bank kartına vəsaitlər ödətmişdir. Cavabdeh həmin həkimin yanına gedib maraqlandıqda məlum olmuşdur ki, iddiaçı cəmi 5 gün fizioterapiya müalicəsinə gedib, qalan günlərin pulunu isə ondan əsassız olaraq almışdır. Yəni iddiaçı tamamilə sağlamdır, ona dəymiş maddi ziyan özünündə etiraf etdiyi kimi cavabdeh tərəfindən tam olaraq ödənilmişdir. İddia ərizəsində qeyd edilən məbləğ isə sadəcə fürsətdən istifadə edərək cavabdehdən əlavə pul qoparmaqdır. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs iddia tələbini qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və X3” X8 18.06.2021-ci il tarixli rəyinə əsasən İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlərdərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid olması müəyyən edilmişdir. Cavabdeh öz növbəsində iddiaçının xəstəxanada yatdığı müddətdə onu müayinə və müalicəsi üçün 5000 manat yaxın xərc çəkmişdir. Cavabdeh tərəfindən iddiaçının anasının kartına 250 manat köçürülmüş, daha sonra da öz anası vasitəsi ilə iddiaçı və onun anasına ümumilikdə 850 manat məbləğində pul verilmişdir. Düzdür pulların ödənilməsinə dair onlarda sübutlar olmasa da, cavabdeh tərəfindən iddiaçıya köməklik edilmişdir. İddiaçının iddia tələbində göstərdiyi 4000 manat isə müalicə üçün tələb olunan xərcdən çoxdur. İddiaçı ilk öncə 5 gün, soradan isə 10 və 15 gün müddətində fizioterapiya müalicəsinin lazım olduğunu bildirmiş və buna görə iddiaçıdan pul almışdır. Cavabdeh iddiaçının həkiminin yanına gedib maraqlandıqda məlum olmuşdur ki, iddiaçı cəmi 5 gün fizioterapiya müalicəsinə getmiş, qalan günlərin pulunu isə ondan əsassız olaraq almışdır. Hazırda iddiaçının etiraf etdiyi kimi, cavabdeh tərəfindən ödənilmiş puldan sonuncuda 200 manat məbləği qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyib, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 12.06.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi “SafSu”nun qarşısında Cavabdeh idarə etdiyi “BMW 535” markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomaşın ilə yolu keçərkən piyada vətəndaşlar X5 və İddiaçı vuraraq İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid olan bədən xəsarəti yetirmişdir. Eyni zamanda iş materiallarında olan 12.07.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən, qərarın təsvir hissəsində göstərilənlərə əsasən vətəndaşlar X5 və İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər almaları faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh barəsində AR İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi məqsədi ilə qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və X3” X8 18.06.2021-ci il tarixli rəyinə əsasən İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlər-dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid olması müəyyən edilmişdir. İddiaçı X1 keçdiyi 14.06.2021-ci il tarixli çanağın KT müayinəsi aktına əsasən sol superior və inferior pubik ramisda, sağ simfizis pubis sümük qismində sınıqların, 05.07.2021-ci il tarixli kontrastsız çanaq KT müayinəsi aktına əsasən sol superior və inferior pubik ramusda sınığın və 25.08.2021-ci il tarixli kontrastsız çanaq KT müayinəsi aktına əsasən sol superior pubik ramus proksimalında qəlpəli yerdəməmiş sınıq aşkar edilmişdir. İddiaçı hazırda cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müalicəsi üçün vacib olan 4000 manat pul vəsaitinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi, cavabdeh isə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfindən təyin edilmiş və rəyi alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və X3” X8 1043/KEŞ saylı, 15.03.2022-ci tarixli ekspert rəyindən görünür ki, İddiaçı mütəxssis müayinəsi zamanı hazırda onda aparılmış rentgen müayinəsində hər hansı bir patoloji dəyişikliyin olmadığı və obyektiv müayinədə hər iki budun medial səthində dərialtı səthin köhnəlmiş hematomalarının olduğu müəyyən edilmişdir. Qeyd olunan hematomalar müxtəlif travmaların təsirindən yarana bilər. İddiaçı müəyyən edilən hər iki budun medial səthində dərialtı səthin köhnəlmiş hematomaları ilə əlaqədar hazırda onun bud-çanaq oynağının, ətraf əzələlərinin fizioterapiyası və reabilitasiyasına ehtiyacı vardır. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı onun sağlamlığının bərpa edilməsi və müalicəsi üçün 4000 manat məbləğində pul vəsaitinin tələb olunduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq iş materiallarında olan məhkəmə sorğusu əsasında, N.Tusi adına Klinikanın 09.04.2022-ci il tarixli, 27 nömrəli məktubu ilə iddiaçıya, sağlamlığının bərpası üçün 1 ay ərzində hər gün olmaqla ortopedik reabilitasiya tətbiq olunmasının məsləhət görülməsi və ümumi müalicə kursunun maliyyə xərcinin 780 manat məbləğində təşkil etməsi müəyyən edilmişdir. İşin halları və eləcə də, tərəflərin etiraf edici izahatları ilə cavabeh tərəfindən iddiaçının müalicəsinə əlavə olaraq 200 manatm məbləğində pul vəsaitinin ödənildiyi və həmin məbləğin də hazırda iddiaçıda olduğu müəyyən edilmişdir. Odur ki, məhkmə hesab edir ki, iddiaçının sağlamlığının bərpa edilməsi üçün hazırda zəruri olan ümumi müalicə kursunun maliyyə xərcinin 780 manat məbləğində təşkil etməsini, cavabdehin iddiaçıya ödədiyi və hazırda da onda saxlanılan 200 manat məbləğində pul vəsaitini də, nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə, sonuncunun tam kurs müalicəsi üçün dəymiş zərərin əvəzi kimi 580 (780-200=580) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi olaraq 580 (beş yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 580 (beş yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-321/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-321/2022
11.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver