Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3211/2022 06.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı Esmira İusubovanın iştirakı ilə, İddiaçı Esmira İusubovanın (İddiaçı) Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Esmira İusubova (İddiaçı) Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh azyaşlı övladı xx.xx.2021 ci il doğumlu Asyanın atasıdır. 2021 ci ildə aliment tələbinə dair iddiası Yasamal rayon Məhkəməsində baxılmış və qismən təmin edilmişdir. Belə ki, azyaşlı Asyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 175 manat tutulması qət edilmişdir. Cavabdeh hal-hazırda Müdafiə Nazirliyinin Təlim tədris mərkəzində müəllim vəzifəsində çalışır. Eyni zamanda 1800 manat təqaüd alır. Ona görə də cavabdehdən aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə uyğun olaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa,məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan əlavə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilir ki, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvadın ərindən aliment tələb etmək hüququ vardır. Azyaşlı Asyanın 1 yaşı yeni tamam olduğundan Azərbaycan Respublikası Ailə məcəlləsinin 85.1.1-ci maddəsinin tələblərinə uyğundur. Göstərilənlərə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun aylıq qazancının ¼ hissəsi miqdarında, eyni zamanda Ailə Məcəlləsinin 85.1.1-ci mədəsinə əsasən əlavə 200 (iki yüz) manat alimentin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Esmira İusubova iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh uşaqlarının 1 yaşı olmamış onu tərk edərək, birinci ailəsinin yanına getmişdir. Belə ki, cavabdeh ondan öncə bir dəfə ailə həyatı qurmuş və o nikahdan da uşağı vardır. Onların aralarında olan nikah hələ pozulmamışdır. Cavabdehə qarşı aliment tələbinə dair iddia qaldırmış və məhkəmə tərəfindən onun xeyrinə uşağın saxlanılması üçün 175 manat miqdarında alimentin tutulması qət edilmişdir. O, heç bir yerdə işləmir və həmin pulla uşağı saxlamaqda çətinlik çəkir. Eyni zamanda cavabdeh kifayət qədər gəlirə malikdir. Belə ki, aylıq qazancı 500-600 manat, təqaüdü isə 2000 manata yaxındır. Cavabdeh hərbiçi olduğundan onun nə qədər təqaüd alması sistemdə görsənmir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6777/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 26 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi; alimentin tutulma müddətinin xx.xx.2021-ci il tarixdən hesablanması və alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6777/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh 26 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi; alimentin tutulma müddətinin xx.xx.2021-ci il tarixdən hesablanması və alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. İddiaçı cavadbehə qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun aylıq qazancının ¼ hissəsi miqdarında, eyni zamanda Ailə Məcəlləsinin 85.1.1-ci mədəsinə əsasən əlavə 200 (iki yüz) manat alimentin tutulması barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə Ailə Məcəlləsinin 85.1.1-ci mədəsinə əsasən əlavə 200 (iki yüz) manat alimentin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvada kömək etməlidir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericilik arvadın ərindən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində aliment almaq hüququnu müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın 3 yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Esmira İusubovanaya verilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6777/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçı Esmira İusubovanaya (İddiaçı) verilməli; xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçı Esmira İusubovanaya (İddiaçı) verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla hesab edir ki, aliment (xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçı Esmira İusubovanaya (İddiaçı) verilməsi) iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6777/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirinin 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçı Esmira İusubovanaya (İddiaçı) verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçı Esmira İusubovanaya (İddiaçı) verilsin. Alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən müəyyən edilsin. Qətnamə xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat məbləğində alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3211/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3211/2022
06.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver