Məhkəmə qərarları › İş №2(004)-3227/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3227/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3227/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.02.2020-ci il tarixli M9790123/20 nömrəli Nisyə satış müqaviləsi üzrə 750 manat əsas borc və 130 manat cərimə borcu olmaqla cəmi 880 manat, 05.01.2020-ci il tarixli M9790014/20 nömrəli Nisyə satış müqaviləsi üzrə 600 manat əsas borc və 100 manat cərimə borcu, cəmi 700 manat olmaqla ümumilikdə 1580 (min beş yüz səksən) manat məbləğində pulun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddaçı M.Ələkbərov ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci il tarixli M9790123/20 nömrəli Nisyə satış müqaviləsinə əsasən 850 manat dəyərində,ilkin ödəniş 50 manat olmaqla 1 ədəd Samsung markalı A515 4/64GB black modelli mobil cihazı 12 (on iki) ay müddətinə hər ay 66.67 manat ödənilməklə nisyə satılmışdır. Belə ki, Nisyə satış müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək nəticədə onun kreditor qarşısında gecikdirilmiş öhdəliyi yaranmışdır. Cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Hər iki Nisyə satış müqavilələrinin 2.4.4-cü bəndinə əsasən, “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün borc məbləğinin 1% həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Bu barədə cavabdehə xəbardar edilmişdir. Beləliklə, Cavabdeh 14.02.2020-ci il tarixli M9790123/20 nömrəli Nisyə satış müqaviləsi üzrə borc 750 manat əsas borc və cərimə borcu 130 manat olmaqla cəmi 880 manat, 05.01.2020-ci il tarixli M9790014/20 nömrəli Nisyə satış müqaviləsi üzrə borc 600 manat əsas borc və cərimə borcu 100 manat olmaqla cəmi 700 manat olmaqla ümumilikdə 1580 (min beş yüz səksən) manat təşkil edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.02.2020-ci il tarixli M ******* saylı müqavilədən görünür ki, müqavilə əsasında İddiaçı dəyəri 850 AZN olan “SAMSUNG A5 15" markalı telefonu Cavabdeh nisyə satmağı, Cavabdeh isə satılmış əşyaya görə 50 AZN ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 05.01.2020-ci il tarixli ******* saylı müqavilədən görünür ki, müqavilə əsasında İddiaçı dəyəri 760 AZN olan “SAMSUNG A505FN/DS markalı telefonu Cavabdeh satmağı, Cavabdeh isə satılmış əşyaya görə 40 AZN ilkin ödəniş edərək malı qəbul edib bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, 14.02.2020-ci il tarixli və 05.01.2020-ci il tarixli müqavilələr üzrə yaranmış borcu 5(beş)gün müddətində ödəməyi tələb etmişdir. İş materiallarında olan 11.04.2021-ci il tarixli 20358 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 20,40 (iyirimi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Əlİddiaçı oğu ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci il tarixli M9790123/20 nömrəli Nisyə satış müqaviləsi üzrə 750 manat əsas borc, 130 manat cərimə borcu olmaqla, cəmi 880 manat; 05.01.2020-ci il tarixli M9790014/20 nömrəli Nisyə satış müqaviləsi üzrə əsas borc 600 manat və cərimə borcu 100 manat olmaqla cəmi 700 manat ümumilikdə 1580 (min beş yüz səksən) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14.02.2020-ci il tarixli M9790123/20 nömrəli Nisyə satış müqaviləsi üzrə 750 manat əsas borc və 130 manat cərimə borcu, 05.01.2020-ci il tarixli M9790014/20 nömrəli Nisyə satış müqaviləsi üzrə 600 manat əsas borc və 100 manat cərimə borcu, cəmi 1580 (bir min beş yüz səksən) manat borc və 20,40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar