Məhkəmə qərarları › İş №2(004)-3232/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3232/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3232/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh ləğv prosesində olan QSC Cavabdeh2 nümayəndəsi Quliyev Türhan Ceyhun oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan QSC Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, QSC “xxxx” KB-yə və Cavabdeh3 MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və borcun olmaması barədə qeydin aparılması tələbinə dair” mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər ləğv prosesində olan QSC Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, QSC “xxxx” KB-yə və Cavabdeh3 MMC-yə qarşı “öhdəliyə xitam verilməsi və borcun olmaması barədə qeydin aparılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək LPO QSC “xxxx” KB ilə aralarında bağlanmış 07.10.2008-ci il tarixli (İDsi 9919775) kredit müqaviləsi üzrə müddətin keçməsi nəticəsində öhdəliyə xitam verilməsi, həmin kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə Cavabdeh3 MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandrımışdır ki, 2008-ci ildə məişət əşyası almaq üçün “Home Kredit” elektronika dükanına müraciət etmiş, kredit verilməsinə razılıq verilsə də, kredit müqaviləsi imzalanan gün əşyanı almaqdan imtina etmişdir. Elektrik dükanı isə buna heç bir etiraz etmədən sənədləşmənin ləğv olunacağını və kredit xətti açılmayacağını bildirmişdir. Bir müddət sonra “xxxx” KB-də onun adına mövcud olan kredit xətti barədə təsadüfən xəbəri olmuşdur. Bankdan nə kredit xətti olmasını aydınlaşdıran zaman məlum olmuşdur ki, home kreditə etdiyi müraciəti ilə bağlıdır. Əşya almaq üçün etdiyi müraciətinin rəsmiləşdirilməyəcəyi bildirilsə də, həmin kredit müqaviləsi üzrə adına kredit açılmışdır. Bu barədə “home kredit” elektrik dükanına müraciət emiş, onlar isə öz növbəsində qeyd olunan kredit xəttinin ona heç bir aidiyyətinin olmadığını bildirmişlər. Adına mövcud olan kredit xəttinin silinməsini israrla tələb etdiyindən, ona “xxxx” KB-yə təkrar müraciət etməsini, onun borcu olmamasını təsdiqləyən müvafiq məktub təqdim ediləcəyini və qısa müddətdə həmin pul məbləğinin adından silinəcəyini bildirmişdirlər. Banka müraciət etmiş və ona məktub təqdim edilmişdir. Lakin bir müddət əvvəl istehlak krediti üçün bankların birinə müraciət etdiyi zaman onun aktiv krediti olduğundan və gecikmə günləri olduğu üçün kredit verilməsindən imtina edilmişdir. Bu səbəbdən də adına olan kredit borcunun müəyyən olunması üçün MKR-dən çıxarış əldə etmiş və məlum olmuşdur ki, “xxxx” KB-yə 1 manat əsas, 5524,54 manat faiz borcu mövcuddur. Lakin kredit müqaviləsi üzrə heç bir məsuliyyəti olmaması barədə bank tərəfindən müvafiq məktub verildikdən sonra ona bu barədə heç bir məlumat verilməmişdir. Bundan sonra öhdəliyin silinməsi üçün LPO “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, müraciətinə cavab verilməmişdir. MKR-də kredit kimi göstərilmiş kredit müqaviləsi üzrə borcun tutulması barədə bank tərəfindən heç bir məhkəmə orqanına müraciət olunmamışdır. Hesab edir ki, bank tərəfindən ona qarşı qeyd edilən kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə məhkəməyə müraciət etməməsinə səbəb öhdəliyin əsassız olması, həmçinin bu müqavilə üzrə iddia müddətinin buraxılması ilə əlaqədardır. Lakin buna baxmayaraq Mərkəzləşdirilmiş Kredit Reyestrində 07.10.2008-ci il tarixli (İD 9919775) kredit müqaviləsi üzrə öhdəliklər qalmaqda davam edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan QSC Cavabdeh2 nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 2008-ci ildə “Home Kredit” elektronika dükanına məişət əşyası almaq üçün müraciət etmiş, buna görə də, aralarında kredit müqaviləsi bağlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam, qərəzsiz, obyektiv və hərtərəfli araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı məxsus ********** hesab nömrəsindən 16.04.2021-ci il tarixli Cavabdeh3 çıxarışdan görünür ki, QSC “xxxx” KB tərəfindən İddiaçı 07.10.2008-ci il tarixdə 4000 manat məbləğində kreditin verilməsi, hazırda onun banka 1 manat əsas və 5524,54 manat faiz borcunun qalması barədə məlumat reyestrdə əks olunmuşdur. LPO QSC Cavabdeh2 İdarə Heyətinin sədri S.Kriman tərəfindən İddiaçı ünvanlanmış 21.05.2013-cü il tarixli, 11/3484 sylı məktubdan görünür ki, 07.10.2008-ci il tarix LD********** saylı kredit müqaviləsi üzrə QSC Cavabdeh2 İddiaçı qarşı heç bir iddiasının olmadığı bildirilmişdir. İddiaçı tərəfindən LPO QSC Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış məktubdan görünür ki, iddiaçı adında L.0********** saylı kredit müqaviləsi üzrə borcun mövcud olduğunu, lakin bank qarşısında heç bir öhdəliyinin olmamasının bank tərəfindən təqdim olunan 21.05.2013-cü il tarixli məktubda təsdiqini tapdığını bildirərək, adına olan borc məbləğinin silinməsini xahiş etmişdir. Məhkəmə tərəfindən LPO QSC “xxxx” KB ilə İddiaçı arasında bağlanmış L.0********** saylı kredit müqaviləsinin əslinin və ya təsdiq edilmiş surətinin təqdim olunması üçün cavabdeh banka 01.06.2021-ci il tarixli sorğu göndərilmiş, lakin cavabdeh tərəfindən müvafiq kredit müqaviləsinin əsli və təsdiqlənmiş surəti təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında kredit götürülməsinə dair hər hansı bir kredit müqaviləsi bağlanması barədə razılaşma olmamış və müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, bankla X1 arasında “bağlanmış” kredit müqaviləsinin uydurma əqd olmağı işin mübahisəsiz halını təşkil edir. Mülki qanunvericiliyə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Ona görə də, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, 07.10.2008-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə İddiaçı Solta oğlunun ləğv prosesində olan QSC “xxxx” KB-yə borclu olması barədə qeydin Cavabdeh3 silinməsi vəzifəsi cavabdehlər ləğv prosesində olan QSC Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə həvalə edilməlidir. Tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmadığından, iddia tələbi öhgəliyə xitam verilməsi hissəsində əsassız hesab edilərək, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07.10.2008-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə İddiaçı Solta oğlunun ləğv prosesində olan QSC “xxxx” KB-yə borclu olması barədə qeydin Cavabdeh3 silinməsi vəzifəsi cavabdehlər ləğv prosesində olan QSC Cavabdeh2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə həvalə edilsin. İddianın verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar