Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3257/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı “Mətanət A” şirkətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “Mətanət A” şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Mətanət A” şirkəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “Mətanət A” şirkəti arasında bağlanmış 224/16 saylı, 26.09.2016-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2 bəndinə əsasən cavabdeh, malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 01.06.2018-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı“ tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, lakin indiyədək 2450.06 manat borc qalığını ödəməmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu günədək öz borcunu ödəməmiş və bu o deməkdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.2 bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,5 % həcmində penya pulunuda ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh 2450.06 manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 2450.06 manat penya, cəmi 4930.12 manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Mətanət A” şirkətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ilə 26.09.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Sözü gedən malları dəyəri bir müddət ödənildikdən sonra ödənişlərdə gecikmələr yaranmış və bu səbəbdən də, cavabdeh ilə 01.06.2018-ci il tarixdə öhdəliklərin qarşılıqlı tanınması aktı imzalanmışdır. Həmin dövr üçün cavabdehin borcu 5180.96 manat müəyyən edilmişdir. Lakin sonradan keçən müddət ərzində cavabdehin həmin borcundan hissə-hissə ödənişlər etmiş və hazırda cavabdehin əsas borc üzrə ödənilməmiş 2450.06 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, düzdür iddiaçıdan qeyd edilən mallar götürülsə də, həmin malları onun atası götürmüş, müqavilə onun adına bağlanmışdır. Lakin sonradan işlərində axsamalar olduğu üçün ödənişlərində gecikmələr yaranmışdır. Onun hazırda iddiçıya 2450.06 manat ödənilməmiş əsas borcu vardır. Bundan başqa iddiaçı tərəfindən yüksək miqdarda cərimə də tələb olunur ki, onların azadılmasını istəyir. Eyni zamanda tələb edilən məbləği birdəfəyə ödəmək iqtidarında deyillər. Hissə-hissə ödəyə bilərlər. Odur ki, qətnamə çıxarılarkən nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə “Mətanət A” şirkəti arasında bağlanmış 26.09.2016-cı il tarixli müqaviləyə əsasən, satıcı müqavilədə göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. 01.06.2018-ci il tarixli, 1692 nömrəli öhdəliklərin qarşılıqlı tanınması aktına əsas alıcının satıcıya 5180.96 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Həmin borcdan cavabdeh tərəfindən ödənişlər edilmişdir. Cavabdehin hazırda iddiaçıya əsas borc üzrə 2450.06 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh iddiaçıya olan əsas borcunu etiraf edir. Cavabdeh sonuncu dəfə 13.01.2021-ci il tarixdə 50 manat ödəniş etmişdir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 26.09.2016-cı il tarixli müqaviləsinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı “Mətanət A” şirkətindən aldığı malların müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Mətanət A” şirkəti ilə Cavabdeh arasında bağlanmış 26.09.2016-cı il tarixli müqaviləsinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, “Mətanət A” şirkəti tərəfindən hesablanmış 26.09.2016-cı il tarixli müqavilə üzrə 2450.06 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 200 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 2450 (iki min dörd yüz əlli) manat 06 (altı) qəpik, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 2650 (iki min altı yüz əlli) manat 06 (altı) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “Mətanət A” şirkətinin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%, yəni 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 50%, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq iddiaçı “Mətanət A” şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 2450 (iki min dörd yüz əlli) manat 06 (altı) qəpik, cərimə borcu üzrə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 2650 (iki min altı yüz əlli) manat 06 (altı) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “Mətanət A” şirkətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50%, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq iddiaçı “Mətanət A” şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3257/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3257/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver