Məhkəmə qərarları › İş №2(004)-3258/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3258/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3258/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 23.04.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 04.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.043,11 ABŞ dolları əsas borc, hesablanmış 1.108,20 ABŞ dolları faiz borcu, 630,60 ABŞ dolları cərimə, müqavilənin müddəti bitəndən sonra yaranmış 686,28 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.468,19 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 04.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 12 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 4.750 ABŞ dolları kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq və xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Hazırda bank çıxarışına əsasən borclunun 04.09.2015-cü il tarixli kredit müqaviləsi üzrə 18.03.2021-ci il tarixə 3.043,11 ABŞ dolları əsas borc, müqavilənin müddətinin bitdiyi 04.09.2016-cı il tarixə 1.108,20 ABŞ dolları faiz borcu, 630,60 ABŞ dolları cərimə, müqavilənin müddəti bitəndən sonrakı dövrdə 686,28 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5.468,19 manat borcu vardır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi 02.06.2021-ci il tarixdə məhkməyə ərizə göndərərək, iddia tələbini tam müdafiə etdiyini bildirmiş və nümayəndəsi iştirak etmədiyi təqdirdə, işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı və 185.5-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 04.09.2015-ci il tarixli PK040915/108824 nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 12 ay müddətinə illik 29 faiz ödənilməsi şərti ilə 4.750 ABŞ dolları kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 31.03.2021-ci il tarixli arayışda göstərilir ki, cavabdehin 04.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 18.03.2021-ci il tarixə 3.043,11 ABŞ dolları əsas borc, hesablanmış 1.108,20 ABŞ dolları faiz borcu (müqavilənin müddətinin bitdiyi 04.09.2016-cı il tarixə), 630,60 ABŞ dolları cərimə, müqavilənin müddəti bitdikdən sonra 5 faizlə hesablanmış 686,28 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5.468,19 ABŞ dolları borcu vardır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 630,60 ABŞ dolları cərimə azaldılaraq 130 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 04.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.043,11 ABŞ dolları əsas borc, müqavilənin müddətinin bitdiyi 04.09.2016-cı il tarixə yaranmış 1.108,20 ABŞ dolları faiz borcu, hesablanmış 130 ABŞ dolları cərimə olmaqla, cəmi 4.281,31 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - “500,60 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış 686,28 ABŞ dolları faizin tutulması” hissəsində rədd edilməlidir. Çünki, borclunun pul məbləğinin ödənilməsini gecikdirməklə, ondan fayda götürməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04.09.2015-ci il tarixli PK040915/108824 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.043,11 ABŞ dolları əsas borc, müqavilənin müddətinin bitdiyi 04.09.2016-cı il tarixə yaranmış 1.108,20 ABŞ dolları faiz borcu, hesablanmış 130 ABŞ dolları cərimə olmaqla, cəmi 4.281,31 (dörd min iki yüz səksən bir ABŞ dolları otuz bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar