Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-326/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh3 qarşı "əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh3 qarşı "əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri və mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 2000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yeni Yasamal-2, ev 2, 5 saylı mənzilin sahibidir. Həmin mənzil Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 102 saylı reyestr kitabında, səhifə 15677, qeydəalma nömrəsi 30/10189 olan ÖM №048712 Qeydiyyat vəsiqəsinə əsasən ona məxsusdur. 2020-ci ilin yanvar ayından bu günədək mütəmadi olaraq onun mənzilini dördüncü mərtəbədə yerləşən on birinci mənzildən suyun axması nəticəsində su basmışdır. Həmin mənzilin su xətti sisteminə baxış keçirərkən həmin xəttin tamamilə istismara yararsız olduğunu aşkar etmişdir. Dəfələrlə xahiş etmişdir ki, yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində tədbir görülsün, amma bu günədək heç bir nəticə verməmişdir. Buna baxmayaraq, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə bağdan evə qayıdaraq mənzili yenidən suyun axması nəticəsində su basmışdır. Baş verənlərin səbəbi həmin mənzilin su xətti sisteminin bütövlüyünün pozulması, bağlama qurğularının sıradan çıxması və şəxsən cavabdehin məsuliyyətsizliyi və hərəkətsizliyi nəticəsində dəfələrlə xəbərdar etdiyinə baxmayaraq sonuncu dəfə xx.xx.2020-ci il tarixdə bağdan evə qayıdaraq mənzili yenidən suyun axması nəticəsində su basmışdır. Baş verənlərin səbəbi həmin mənzilin su xətti sisteminin bütövlüyünün pozulması, bağlama qurğularının sıradan çıxması və şəxsən cavabdehin məsuliyyətsizliyi və hərəkətsizliyi nəticəsində dəfələrlə xəbərdar etdiyinə baxmayaq vəziyyətin həlli istiqamətində heç bir iş görülməmişdir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri arasında bağlılığın mövcudluğu foto və videomateriallarla təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni mətbəx otağı, sanitar qovşağı və dəhlizi su basaraq mənzilin tavanı, laminat örtüklü döşəməsi, mətbəx mebeli və divar kağızları zədələnərək yararsız vəziyyətə düşmüşdür. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 2000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X1 izahatında bildirmişdir ki, həmin mənzil onun mülkiyyətində olsa da o, həmin mənzildə yaşamır və orada qanunsuz olaraq başqa şəxslər yaşayır. O, həmin şəxslərin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmiş və icraya yönəldilməmişdir. Ona görə suyun həqiqətən də onun mülkiyyətində olan mənzildən axıdılmasını bilmir və bunu mənzilə daxil olandan sonra biləcək. İddiaçının mənzilinə su həqiqətən onun mülkiyyətində olan mənzildən axıdılmışdırsa o, dəyən zərəri ödəməyə razıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 048712 nömrəli Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsi 2 saylı evin 28.88 kv.m yaşayış sahəsi 2 otaqlı 5 saylı mənzili İddiaçı Oktay oğlunun adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materillarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsi 2 saylı evin 11 saylı mənzili Cavabdeh3 mülkiyyətindədir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4217 nömrəli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, 2 saylı yaşayış evinin 5 saylı mənzilin üst mərtəbəsində yerləşən 11 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 5 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, 2 saylı yaşayış evinin 5 saylı mənzilin üst mərtəbəsində yerləşən 11 saylı mənzillin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmadığından və eləcə də, mülki iş materialında MKİS-in əməkdaşlarının su sızma faktını təstiq edən Akt olmadığından, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, 2 saylı yaşayış evinin 5 saylı mənzilə 11 saylı mənzildən suyun sızıb-sızmadığını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, 2 saylı yaşayış evinin 5 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 844 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal küçəsi 2 saylı evin 11 saylı mənzili Cavabdeh3 mülkiyyətdə olmaqla, həmin mənzildən aşağı mərtəbədə yerləşən, İddiaçı mülkiyyətində olan 5 saylı mənzilə su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilinə zərər vurulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı mülkiyyətində olan yaşayış sahəsində aşkar olunmuş qüsurlar məhz cavabdehin mənzilindən axıdılmış su nəticəsində əmələ gəlmişdir. Belə ki, iş üzrə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında sualların yekun məzmunu müəyyən edilmişdir. Lakin xx.xx.2021-ci il tarixli ekspert rəyindən də göründüyü kimi cavabdehə məxsus olan mənzilin qapısı bağlı olduğundan mənzilə baxış keçirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2 küçəsi, 2 saylı yaşayış evinin 11 saylı mənzilin mülkiyyətçisi olduğundan ekpertizanın aparılmasına, yəni ekspertin həmin mənzilə daxil olub baxış keçirməsi üçün məhz cavabdeh şərait yaratmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olduğu halda isə iddiaçı su axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Lakin məhkəmə, iddiaçının ona vurulmuş zərəri 2000 manat məbləğində dəyərləndirsə də, cavabdehdən vurulmuş zərərin əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği məhkəmə tikinti-texniki ekspertizası tədqiqatına uyğun müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan mənzilə su axıdılması nəticəsində vurulmuş zərərə görə 844 manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 100 manat cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3 844 (səkkiz yüz qırx dörd) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-326/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-326/2021
31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver