Məhkəmə qərarları › İş №2(004)-3260/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3260/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3260/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 337p/14 saylı kredit xətti müqaviləsi üzrə əsas kredit borcu üzrə 198.882,59 AZN, faiz borcu üzrə 128.998,69 AZN olmaqla, cəmi 327.881,28 AZN və dövlət rüsumu kimi ödənilmiş 615,28 AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, ekspertiza rəyində faiz borcu hissəsində 165.299,04 manat göstərilmişdir, lakin o faiz borcunun iddia ərizəsinə uyğun yəni, 128.998,69 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, o 12 ay müddətinə 280000 manat məbləğində kredit verilməsi üçün banka müraciət etmişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 337p/14 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank tərəfindən cavabdehə istehlak məqsədilə 12 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 280000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli 337p/14 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan müddət dəyişdirilərək 60 ay uzadılmış və kredit xətti müqaviləsinin bitmə tarixi xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə ikinci Əlavə Sazişə əsasən müddət dəyişdirilərək 36 ay uzadılmış və kredit xətti müqaviləsinin bitmə tarixi xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli sərəncamdan görünür ki, 280000 manat məbləğində pul Cavabdeh verilmişdir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixə banka 198,882.59 AZN (Bir yüz doxsan səkkiz min səkkiz yüz səksən iki manat əlli doqquz qəpik) əsas borc, 128,998.69 AZN (Bir yüz iyirmi səkkiz min doqquz yüz doxsan səkkiz manat altmış doqquz qəpik) faiz borcu olmaqla, cəmi 327,881.28 AZN (Üç yüz iyirmi yeddi min səkkiz yüz səksən bir manat iyirmi səkkiz qəpik) borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9/5309 ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli,337p/14 saylı kredit müqaviləsinə əsasən iddia tələbinin tarixinə Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə olan borcu xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 280000 manat, faiz borcu üzrə 228959 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 198811,30 manat, faiz borcu üzrə 165299,04 manat təşkil edir. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, 280.000 manat krediti cavabdehə vermiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini qismən yerinə yetirmiş, borcunu tam və vaxtında ödəməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2014-cü il tarixli 337p/14 saylı kredit xətti müqaviləsi üzrə 198882,59 manat əsas, faiz borcu üzrə 128998,69 manat olmaqla, cəmi 327881,28 manat borc və dövlət rüsumu kimi ödənilmiş 615,28 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 100 manat ekspertiza xərci xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 615,28 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 337p/14 saylı kredit xətti müqaviləsi üzrə 198882,59 manat əsas, faiz borcu üzrə 128998,69 manat olmaqla, cəmi 327881,28 manat borc və dövlət rüsumu kimi ödənilmiş 615,28 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar