Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3269/2024 18.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh2 Firmasının qanuni təmsilçisi X2 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından ona dəymiş maddi ziyana görə 1370 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 33,70 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “QAZ-3302-18 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 mülkiyyətindədir. Sözügedən avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixində etibarnamə ilə idarə etdiyi avtomobillə Mehdiabad-Pirşağı yolunda İST Petrol YDM-də hərəkətə başlayarkən sol tərəfindən gələn “DAEWOO BS090 avtobus” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxdığı üçün toqquşmuşdur. Baş vermiş qəza nəticəsində cavabdehlər tərəfindən idarə etdiyi avtomobilə ciddi şəkildə ziyan dəymişdir. “DAEWOO BS090 avtobus” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 Firmasının mülkiyyətindədir. Həmin avtomobili onun sürücüsü Cavabdeh1 idarə edir. Sözügedən qəza baş verdikdən sonra polis əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Qeyd etdiyi kimi cavabdehlər tərəfindən ona ciddi şəkildə maddi ziyan vurulmuşdur. Cavabdehin xətası sübutlarla təsdiq olunmasına baxmayaraq onlar avtomobilin təmirinə, ona dəymiş maddi ziyanın aradan qaldırılmasına heç bir təşəbbüs göstərməmişlər. “QAZ-3302-18 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin kapotu, tiyaqa, bufer, krılo, radiyator, krılo kantı, antifriz, su baçoku, evakuatoru sıradan çıxmışdır. Ərizəyə əlavə edilmiş avtomobilin təmiri üçün zəruri ehtiyyat hissələrinin siyahısı və avtomobil hissələri mağazalarında olan qiymətlər barədə arayışdan da göründüyü kimi kapotun qiyməti 150 manat, tiyaqanın qiyməti 40 manat, buferin qiyməti 110 manat, krılonun qiyməti 110 manat, radiyatorun qiyməti 110 manat, krılo kantının qiyməti 50 manat, antifrizin qiyməti 40 manat, su baçokunun qiyməti 50 manat, evakuatorun qiyməti 50 manatdır. Sözügedən təmir işlərinin aparılması üçün tələb olunan məbləğ isə 660 manat məbləğindədir. Dəfələrlə cavabdehlərdən ona dəymiş maddi ziyanın aradan qaldırılmasını xahiş etsə də, cavabdehlər müxtəlif bəhanələr gətirərək ona dəymiş 1370 manat məbləğində ziyanı ödəməkdən boyun qaçırmışlar. Daha sonra İddiaçı1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh2 Firmasının qanuni təmsilçisi X3 xx.xx.2024-cü il tarixdə İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, Cavabdeh2 Firmasının balansında olan **-TF-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsini "xxxx" MMC-yə 29 aprel 202-ci il tarixdə 022/22 nömrəli müqavilə əsasında icarəyə vermişdir.Həmin tarixdən icarə müqaviləsinin 1.2-ci bəndinə uyğun olaraq yəni, bu müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin 1.1-ci bəndində qeyd olunmuş nəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilmiş inzibati xətalara, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan xətalara görə icarədar məsuliyyət daşıyır. Bu baxımdan "xxxx" MMC tam məsuliyyət daşıdığından, Cavabdeh2 Firmasına qarşı qaldırılmış hissədə iddia tələbi əsassız sayılır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh2 Firmasına qarşı qaldırılmış iddianın rədd edilməsini xahiş edir. Daha sonra, İddiaçı2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl iddiaçı, yəni onunla (İddiaçı2) əvəz edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. İddiaçı2 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Firmasının qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh2 Firması həmin nəqliyyat vasitəsini "xxxx" MMC-yə icarəyə vermişdir. Cavabdeh olan sürücü "xxxx" MMC-nin işçisidir. İcarə müqaviləsinin 1.2-ci bəndinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin 1.1-ci bəndində qeyd olunmuş nəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilmiş inzibati xətalara, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan xətalara görə icarədar məsuliyyət daşıyır. Odur ki, iddianın Cavabdeh2 Firmasına aid olan hissədə rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, qeyd edilən məbləğlə razı deyil. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində, saat 16:00-da Mehdiabad qəsəbəsi ərazisində “DAEWOO BS090 avtobus” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, “DAEWOO BS090 avtobus” markalı, **-TF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2010-cu il tarixdən Cavabdeh2 Firmasının mülkiyyətindədir. İş materiallarında olan Şəhərdaxili və şəhərətrafı sərnişin daşıma avtonəqliyyatı üçün "xxxx" MMC-nin 22010 nömrəli yol vərəqəsindən görünür ki, Cavabdeh1 “DAEWOO BS090 avtobus” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək icazəsi verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2007-ci il buraxılışlı “QAZ-3302-18 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci cəmi 1370 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli 9/5658 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2007-ci il buraxılışlı “QAZ-3302-18 yük” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təmir-bərpa xərci təxminən 1370 manat (dəyişilməli hissələrin qiyməti - 660 manat; təmir-bərpa işlərinin qiyməti - 710 manat) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “QAZ-3302-18 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan ƏN seriyalı, 507477 nömrəli xx.xx.2008-ci il tarixli Etibarnamədən görünür ki, İddiaçı2 mülkiyyətində olan “QAZ-3302-18 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnu İddiaçı1 etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 16:00-da Mehdiabad qəsəbəsi ərazisində Cavabdeh2 Firmasının mülkiyyətində olan və yol vərəqəsi əsasında Cavabdeh1 idarə etdiyi “DAEWOO BS090 avtobus” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı2 mülkiyyətində olan və etibarnamə əsasında İddiaçı1 idarə etdiyi “QAZ-3302-18 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində “QAZ-3302-18 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixində, saat 16:00-da Mehdiabad qəsəbəsi ərazisində “DAEWOO BS090 avtobus” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması inzibati tənbeh vermə haqqında qərar ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh1 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə həmçinin qeyd edir ki, yol nəqliyyat hadisəsinin baş verməsi zamanı Cavabdeh1 ilə yanaşı “DAEWOO BS090 avtobus” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 Firması da birgə məsuliyyət daşıyır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği mülki iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli 9/5658 nömrəli ekspert rəyi əsas götürülməklə müəyyən edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada vurulmuş maddi zərərə görə 1370 (bir min üç yüz yetmiş) manat pul alınaraq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,70 (otuz üç manat yetmiş qəpik) manat pul da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada alınaraq İddiaçı2 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada vurulmuş maddi zərərə görə 1370 (bir min üç yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,70 (otuz üç manat yetmiş qəpik) manat pul alınaraq İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada vurulmuş maddi zərərə görə 1370 (bir min üç yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,70 (otuz üç manat yetmiş qəpik) manat pul alınaraq İddiaçı2 verilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE **********00********) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3269/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3269/2024
18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver