Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-328/2020 19.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və cavabdehlərə qadağalar qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və cavabdehlərə qadağalar qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilinin alt mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneənin aradan qaldırılması, onlar tərəfindən işlədilən “Lavanderiya” camaşırxanasında kimyəvi qurutəmizləmə aparatının fəaliyyətinin dayandırılması və həmin aparatın mübahisə edilən qeyri-yaşayış sahəsində işlədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mənzil ünvan 1 ünvanında yerləşən 5 saylı, xx xxxxxx 2017-ci il tarixli, RX № ******* seriyalı çıxarış ilə iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda mənzildə iddiaçı ailəsi ilə birlikdə yaşayır. Ailəsində isə bir xəstə övladı vardır və həmin mənzildə yaşayır. İddiaçının mənzilinin alt mərtəbəsində Cavabdeh2 ona məxsus olan qeyri-yaşayış sahəsində digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə qanunsuz olaraq və heç bir icazəsi olmadan “Lavanderiya” adlı camaşırxana açmışdır və fəaliyyət göstərir, həmin camaşırxanada işləyən kimyəvi qurutəmizləmə aparatın səsi və sağlamlığına ciddi təsir edən zərərli kimyəvi maddələrin iyi yaşayış binasının sakinlərini və ailəni ciddi şəkildə narahat edir. Onun evində beta Talasimiya böyük formada olan xəstə bacısıqızı yaşayır, aparatın səsindən otaqda belə vahiməyə düşür və iddiaçı onun sağlamlığından narahatdır. Bütün bu səbəblərdən də dəfələrlə cavabdehlərə aparatın söndürülərək işlətməməsi və fəaliyyətinin dayandırılması barədə müraciətlər etsələr də əvvəl onlar məsələni həll edəcəklərini bildirsələr də sonradan buna əməl etməmişlər və etməyəcəklərini belə bildirmişlər. Cavabdehlərin bu hərəkətlərindən məcbur olub aidiyyəti qurumlara müraciət etmişlər və həmin aparatın hazırki işlədildiyi sahədə işlədilməsinin insan üçün təhlükəli narahatçılıq yarada biləcək və normadan artıq səs-küy yaratdığı müəyyən edilmişdir və bu barədə Bakı şəhər Yasamal rayon Gigiyena və Epidemiologiya mərkəzinin mütəxəssis rəyi verilmişdir. Hətta həkimlər gəlib yoxlayıb mənfi rəy verərək həmin qeyri-yaşayış sahəsində aparatın işlədilməməsi qənaətinə gəlinmiş və cavabdehlərə camaşırxananın dayandırılması məsləhət görülmüşdür. Cavabdehlər isə buna əməl etmirlər və bütün sakinlər narahat və narazıdırlar. Bütün bunları nəzərə alaraq məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, iddia tələbini müdafiə edir. Nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq edir və əlavə olaraq bildirir ki, istirahət edə bilmir. O da rahat yaşamaq istəyir. Aparatın çıxarılmasını və iddia tələbinin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Aparatın dayandırılması mümkün deyil. Səsin norma daxilində olduğu bildirilmişdir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X2 izahat verərək bildirir ki, iddia tələbini qəbul etmir. Təmsil etdiyi şəxsin verdiyi izahatı təsdiq edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li çıxarışından müəyyən olunur ki, ünvan 1, 5 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsi 2(iki) il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 31482 saylı rəyinə əsasən aparılmış ölçmələrin nəticəsi olaraq mənzilin yaşayış otağında səsin səviyyəsi orta 42 dBA olaraq “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının” təsdiq edilməsi haqqında AR Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli fərmanı ilə müəyyənləşdirilmiş yol verilən səviyyədən artıq olduğu müəyyən edilmişdir. Həmin camaşırxanadan mənzilə iy daxil olmasını isə bu məsələ Ekspertiza Mərkəzinin ekspertinin həll etdiyi məsələlərə aid olmadığından cavabdırılması mümkün olmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1361 saylı rəyinə əsasən SN-nin Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşları tərəfindən aparılmış ölçmələrin nəticələri əsasında tərtib olunmuş 83 saylı 28 09 2020-ci il tarixli protokolda yataq otağında sakit vəziyyətdə səsin səviyyəsi orta 33,8 dBA, işlək vəziyyətdə orta 43,1 dBA (norma 40 dBA), qonaq otağında sakit vəziyyətdə səsin səviyyəsi orta 33,6 dBA. işlək vəziyytətdə orta 38,9 dBA (norma 40 dBA) olduğu qeyd olunmuşdur. Aparılmış ölçmələrinin nəticələrinə əsasən mənzilin qonaq otağında səsin səviyyəsi orta 38,9 dBA olaraq “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə müəyyənləşdirilmiş yol verilən səviyyəyə (40 dBA) uyğun olmuşdur. Həmçinin mənzilin yataq otağında səsin səviyyəsi orta 43,1 dBA olaraq “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə müəyyənləşdirilmiş yol verilən səviyyədən (40 dBA) artıq olmuşdur. İşin halları ondan ibarətdir ki, mübahisə predmeti olan Yasamal rayonu, Landau küçəsi, ev 6 ünvanında yerləşən 5 saylı mənzilin alt mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində, Cavabdeh1 isə istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsi çamaşırxana kimi istifadə edilir. Həmin sahənin üst mərtəbəsində yerləşən mənzilin mülkiyyətçisi camaşırxanada istifadə olunan quru təmizləmə aparatının fəaliyyətinin dayandırlmasını tələb edir. İş üzrə məhkəmə tərəfindən iki dəfə ekspertiza keçirilmiş və məhkəmə ekspertizasının rəyinə əsasən mənzildə səsin səviyyəsinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanı ilə müəyyənləşdirilmiş yol verilən səviyyədən (40 dBA) artıq olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Çünki, iş materialları ilə sübut olunur ki, quru təmizləmə aparatından istifadə digər mülkiyyətçi olan iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin alt mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneə aradan qaldırılmalı, cavabdehlər tərəfindən işlədilən “Lavanderiya” camaşırxanasında kimyəvi quru təmizləmə aparatının fəaliyyəti dayandırılaraq həmin aparatın mübahisə edilən yaşayış sahəsində işlədilməsi cavabdelərə qadağan edilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin alt mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneə aradan qaldırılsın, cavabdehlər tərəfindən işlədilən “Lavanderiya” camaşırxanasında kimyəvi quru təmizləmə aparatının fəaliyyəti dayandırılsın və həmin aparatın mübahisə edilən yaşayış sahəsində işlədilməsi cavabdelərə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 82,06 (səksən iki manat altı qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-328/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-328/2020
19.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver