Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-33/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət edərək Cavabdeh dəymiş maddi ziyana görə 5.000 (beş min) manat məbləğində pulun onun xeyrinə tutulması və cavabdehin qanunsuz çəkdiyi su xətti və borunun ləğv edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakının təmin edilməsi məqsədilə təxirə salınmasını xahiş etmişdir. Lakin üzrlü səbəblərə dair məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Yasanal rayonu, 2-ci Alatava 108 ünvanında yerləşən ev ona məxsusdur və 5 nəfərdən ibarət ailə üzvlər ilə birgə həmin ünvanda yaşayır. Cavabdeh uzun illərdir ki, ailəsi ilə birlikdə qonşuluqda yaşayır. Tərəflərin yaşadıqları hər iki ev fin tiplidir. Cavabdeh 2021-ci ilin əvvəllərində yaşadığı mənzildə əlüzyuyan quraşdırmış və çirkab axansu xəttini həyətin yuxarı hissəsində olan çirkab su kanalizasiya xəttinə birləşdirməyərək, öz evinin altından keçən çox uzun müddət istifadəsiz qalmış və fəaliyyət göstərməyən köhnəlmiş boruya qoşmuşdur. Nəticədə köhnəlmiş boruya qoşulan çirkab suları onun mənzilinin zirzəmisinə axaraq gölməçə yaratmış, son nəticədə mənzildə divarlar çatlamış, mənzilin bünövrəsi yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymayaraq heç bir tədbir görməmişdir. Bununla bağlı Yasamal rayon 138 saylı MKİS-ə müraciət etmiş və MKİS əməkdaşları tərəfindən mənzilə baxış keçirilərkən mənzilin yarasız vəziyyətə düşməsi müəyyən edilmişdir. Mənzilin ümumi vəziyyətindən cavabdeh tərəfindən ona dəyən ziyanı təxmini olaraq 5.000 manat qiymətləndirir. Həmçinin qeyd edir ki, cavabdeh mübahisəli kanalizasiya xətlərini çəkərkən aidiyyəti orqanlardan icazə almamışdır. O, göstərilənlərlə yanaşı zəruri tədbirlərin görülməsi üçün Yasamal rayon Su-Kanal idarəsinə də müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən yaşayış sahələrinə baxış keçirilmiş və ona bildirilmişdir ki, cavabdehin birləşdirdiyi su xətti onların nəzarətində olan mərkəzi su xəttinə birləşdirilmədiyi üçün, həmin su xəttinin ləğv edilməsinə müdaxilə edə bilməzlər. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq mübahisə ilə bağlı razılığa gələ bilməmişlər. Məhkəmə baxışı zamanı keçirilən ekspertiza tədqiqatı nəticəsində verilən rəylə razı deyil. Belə ki, tədqiqat zamanı o, yaşadığı evin zirzəmisini və ziyan dəyən otaqları göstərmiş, buna dair fotoşəkilləri ekspertə təqdim etmişdir. Lakin rəydə qüsur aşkar edilmədiyi göstərilmişdir. Baxmayaraq ki, 138 saylı MKİS-nin tərtib etdiyi aktda çirkab suların evin zirzəmisinə axıdılması və divarlarda çatlar əmələ gəlməsi qeyd edilmişdir. Ekspert rəyində bu hal nəzərə alınmamışdır. O, evinın zirzəmisində yaranmış nəmişliklə bağlı əlavə istilik avadanlığı quaşdıraraq nəm çəkən divarı qurutmağa çalışır. Hesab edir ki, problemin həll olunması üçün cavabdehin kanalizasiya sistemi ləğv edilməlidir. Çünki cavabdehin yaşayış sahəsində heç vaxt kanalizasiya xətti olmamış, o, kanalizasiya xəttini çəkdikdən sonra onun evində bu problemlər yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Verilmiş suallara əsasən iddiaçı bildirmişdir ki, onun yaşadığı evin kanalizasiya xəttinin layihəsi yoxdur. O, yalnız aidiyyəti orqanları şifahi məlumatlandırmaqla kanalizasiya xətti çəkmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, onun yaşadığı ev, qonşuluqda yaşayan digər evlər kimi 1956-cı ildə “fin” üslubu ilə inşa edilmiş köhnə evlərdir. Yəni, evlərin bünövrəsi bir neçə sıra daşdan inşa edilmiş, qalan hissəsi isə taxtadandır. İddiaçının öz evi əvvəldən yararsız vəziyyətdə olan kanalizasiya xətlərinin üzərində yerləşir ki, onun bunda hər hansı təqsiri yoxdur. Həmin ərazidə yerləşən heç bir yaşayış sahəsinin kanalizasiya xəttinin layihəsi yoxdur. O, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 2021-ci ildə bəzi təmir işləri görmüş və yeni kanalizasiya xətti çəkməklə əvvəldən mövcud olan mərkəzləşdirilmiş kanalizasiya xəttinə birləşdirmişdir. İddiaçı özü də orada mərkəzi kanalizasiya xəttinə qoşulmaqla hər hansı layihə olmadan yeni xətlər çəkmişdir. Buna görə məsuliyyəti o daşımır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan məhkəmənin tapşırığına əsasən "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən edilir ki, həmin tarixdə Yasamal rayonu, 2-ci Alatava 80b və 108 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evlərinin kanalizasiya şəbəkəsinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həqiqətən də sözügedən ünvanlarda çirkab sularının axıdılması məqsədilə qurulmuş kanalizasiya xətləri "xxxx" ASC-nin balansında deyildir. Mövcud xətlər fərdi yaşayış evlərinin sahibləri tərəfindən qurulmuşdur. Həmçinin məhkəməyə "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş Yasamal rayonu, 2-ci Alatava 80b və 108 ünvanların kanalizasiya xəttinin cizgisi təqdim edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3803 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 108 saylı evin konstruktiv elementləri (tavan, divar və s.) üzərində hər hansı qüsur olmadığı müşahidə olunmuşdur. Bundan başqa rəydə bildirilmişdir ki, müvafiq təşkilatlarla razılaşdırılaraq layihə tərtib edildikdən və texniki şərtlər nəzərə alınmaqla Bakı şəhəri, Yasamal rayonu, 2ci Alatava, 80b ünvanından çirkab sularının həmin evə yaxın olan mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulması texniki cəhətdən mümkündür. Rəylə müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 108 saylı evin konstruktiv elementləri (tavan, divar və s.) üzərində hər hansı qüsur aşkar olunmadığına görə cavabdehə məxsus evin kanalizasiya xəttindən axıdılan çirkab suların iddiaçının evinə nə kimi zərər vurmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmənin ekspertiza təyin edilməsi haqqında qərardadında ekspert qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Araşdırma zərurəti ilə əlaqədar 10/3803 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi vermiş ekspert X4 məhkəmə iclasında şahid qismində dindirilmiş və o, ifadəsində bildirmişdir ki, tədqiqat zamanı ilk öncə iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirmişdir. İddiaçı ona bir otaq və zirzəmi qatı təqdim etmişdir və o, evin divarlarında hər hansı qüsur aşkar etməmişdir. Lakin zirzəmi qatında olan torpaq sahəsində nəm izləri aşkar etmişdir. Eyni zamanda cavabdehlə iddiaçının evləri arasında digər qonşu yaşayış evinin olması aşkar edilmişdir ki, qonşunun kanalizasiya xətlərinin olub-olmamasını müəyyən edə bilməmişdir. Çünki həmin sahə betonlanmış və adi vizual görünüşlə kanalizasiya xətlərini aşkar etmək mümkün deyildir. Daha sonra cavabdehə məxsus evə baxış keçirilmiş, həmin evin də konstruktiv elementlərində hər hansı qüsur aşkar edilməmişdir. Əgər iddiaçının ehtimal etdiyi su-kanalizasiya xətlərindən çirkab sularının ona məxsus evin altına sızma ehtimalı var idisə də boruların üstü qapalı olduğundan bunun səbəbini müəyyən edə bilməmişdir. Digər tərəfdən Yasamal rayon Sukanal İdarəsi tərəfindən daxil olmuş məlumata əsasən həmin xətlərin onların balansında olmadığı və vətəndaşlar tərəfindən fərdi qaydada çəkildiyi qeyd olunmuşdur. Tərəflər isə xətlərin yerləşmə istiqamətinə dair layihə təqdim edə bilməmişlər. Həmin xətlərin necə, nə vaxt çəkildiyini müəyyən etmək isə onun səlahiyyətinə aid deyildir. Kanalizasiya xətlərinin çəkilişi barədə layihə sənədi olmalıdır və bu səlahiyyət isə "xxxx" Sukanal İdarəsinə məxsusdur. İddiaçıya məxsus evin daxili divarlarında qüsur aşkar etməmişdir. O cümlədən, baxış keçirilən zaman evin divarında hər hansı nəm və ya çat aşkar edilməmişdir. Hesab edir ki, iddiaçıya məxsus evin divarın çöl hissəsində çat olub-olmamasını bilmir, yalnız daxilindən tədqiqat aparmışdır. Cavabdehin evinin balaca pəcərəsindən baxanda iddiaçıya məxsus evin çöl divarında cüzi çat müşahidə etmiş həmin lakin çatın əmələgəlmə səbəbi və kanalizasiya xətləri ilə əlaqədar olub-olmaması müəyyən etmək mümkün deyildir. Hesab edir ki, çöl tərəfdən çat olsaydı belə, onun yaranma səbəbini və çatın dərinliyini müəyyən etmək yüksək texniki avadanlıqlarla təchiz olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müəyyən edilə bilər. Məhkəmə tərəfindən keçirilən yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evləri ünvan 4 ünvanlarda yerləşir. Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi 80b saylı evin həyətinə darvazadan daxil olduqda, sol tərəfdən iki ədəd sanuzel olması və dar küçənin sonluğunda, eyni həyətdə iki ədəd ayrı-ayrı giriş qapısı olan fərdi yaşayış evlərinin yerləşməsi aşkar edildi. Cavabdeh baxış zamanı bildirmişdir ki, dar küçə ilə üzbəüz giriş qapısı olan fərdi yaşayış evində o, öz ailə üzvləri ilə birlikdə, sol tərəfdə yerləşən digər fərdi yaşayış evində qardaşı və onun ailə üzvləri yaşayır. Sol tərəfdə yerləşən fərdi yaşayış evinə bitişik əlüzyuyan aşkar edildi. Cavabdehə məxsus evin qarşısında çardaq vardır ki, evə çardağın altından keçib daxil olmaq mümkündür. Çardağın altında “trap” vardır. Evin giriş qapısından daxil olduqda sol tərəfdə mətbəx, moydadır və şkaflardan ibarətdir. Baxışda iştirak edən tərəflər çöldəki iki ədəd sanuzel və sol tərəfdəki fərdi yaşayış evinə bitişik əlüzyuyanın kanalizasiya xəttinin eyni olmasını, cavabdehə məxsus fərdi yaşayış evinin çardağının altındakı trap və evin daxilindəki mətbəxin kanalizasiya xətinin ayrı olmasını bildirdilər. Həmçinin bildirmişlər ki, evin altından ümumi kanalizasiya xətti keçir. Həmin kanalizasiya xətti isə iddiaçı ilə cavabdehə məxsus evlərin ortasında olan qonşu evin həyətindən keçir. Dolayısı ilə mübahisəli ümumi kanalizasiya xətti qonşu fərdi yaşayış evinə də bağlıdır. Cavabdehə məxsus evə daxil olduqda mətbəx, ona bitişik qonaq otağı və ona bitişik yataq otağı olmaqla 2 otaqlı olması müəyyən olundu. Qonaq otağının pəncərəsindən baxdıqda aşağıda kanalizasiya boruları və yan tərəfdə qonşu ev görünür. Yataq otağına daxil olduqda girişin sağındakı divarın cavabdehin də bildirdiyinə görə iddiaçıya məxsus 108 nömrəli evə bitişik olan divar olması müəyyən olundu. Daha sonra qeyd olunan qonşu fərdi yaşayış evinə baxış keçirildikdə ev sahibəsi kanalizasiya xəttində hər hansı problem yaşanmadığını, eləcə də cavabdehin evindəki kanalizasiya xətti ilə bağlı onun yaşadığı evə hər hansı zərər dəymədiyini bildirmişdir. İddiaçıya məxsus 108 saylı evə daxil olduqda darvazadan sağ tərəfdə kiçik bir sanuzel olması müəyyən olundu. Fərdi yaşayış evi həyətin sonluğunda yerləşmişdir. İddiaçının yaşadığı evin yanından yer boyunca kanalizasiya xətti keçməsi və həmin xəttlərin evin arxa hissəsində yerləşən hamamdan başlamaqla evin ön hissəsi boyunca keçməsi və oradan da mərkəzi kanalizasiya xəttinə birləşməsi müəyyən olundu. Evin içərisinə daxil olduqda koridor və bir-birininə bitişik qonaq otağı və yataq otağından ibarət olması, yataq otağının döşəməsinin bir hissəsində sökülmüş taxta olması və döşəmənin həmin hissəsinə baxış keçirildikdə altının torpaqdan ibarət olmaqla nəmişlik olması müəyyən olundu. İddiaçı izahatında bildirmişdir ki, yataq otağının bir divarı 80b saylı evin divarı ilə bitişikdir və həmin divarda rütubət nəticəsində yaranmış izlər qalmışdır və nəmişlik məhz cavabdehin evinə 2021-ci ildə qoydurduğu əlüzyuyandan sonra ortaya çıxmışdır. Evə baxış zamanı döşəmə qatının altındakı torpaq sahəsinin nəm olmasından başqa evin divar qatında hər hansı çat və digər qüsur aşkar edilmədi. Beləliklə, hər iki evə keçirilmiş baxış nəticəsində müəyyən oldu ki, qonşu evlərin bir çoxunun altından eyni kanalizasiya xəttləri keçir, lakin həmin kanalizasiya borularının sonunun məhz haraya gedib çıxmasını aydınlaşdırmaq mümkün deyil və iddiaçı ona məxsus evin torpaq qatının nəm olmasını məhz cavabdehin sonradan qoşduğu əlüzyuyan səbəbindən olub-olmamasını sübut edən konkret fakt aşkar edilmədi. Həmçinin tərəflərin verdikləri izahlardan müəyyən edilir ki, ümumi evlər və onların bağlı olduqları kanalizasiya xəttləri 50-60-ci illərdə inşa edilmişdir. Hər bir fərdi yaşayış evini kanalizasiya xəttləri fərdi qaydada mərkəzi kanalizasiya xəttinə birləşdirilmişdir və layihəsi mövcud deyildir. Beləliklə məhkəmə tərəfindən işin müəyyən edilmiş halları odur ki, iddiaçı ünvan 5 ünvanında, cavabdeh isə ünvan 6 olmaqla yaşayırlar. Hazırda iddiaçı cavabdehin qanunsuz təqsirli hərəkətləri nəticəsinə onun yaşayış evinə dəymiş maddi ziyanın əvəzi olan 5.000 (beş min) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassız və təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində onun yaşayış evinə maddi ziyan dəydiyini bildirsə də, iş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, iddiaçının yaşadığı evin konstruktiv elementlərində hər hansı qüsur aşkar edilməmişdir. Zirzəmi qatında olan torpaqda isə nəm izləri aşkar edilməsinə baxmayaraq həmin izlərin yaranma səbəbini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa qeyd olunan ünvanda olan kanalizasiya xətləri fərdi xarakterli olduğundan, yəni "xxxx" ASC-nin balansında olmadığından və layihəsi məlum olmadığından mövcud xətlər tikinti normalarına riayət olunmadan qurulduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi mövcud susızması (nəm izləri) eyni ərazidə olan bir çox xətdən yarana bilər. Nəzərə alınsa ki, tərəflərə məxsus evlərin arasında digər qonşu fərdi yaşayış evi yerləşir. Mübahisəli kanalizasiya xətti həmin evin ərazisindən də keçir və qeyd olunan evə qüsur aşkar edilmir. Bundan başqa, iddiaçı ona məxsus evdə çirkab suların axıdılması nəticəsində çatlar əmələ gəlməsini bildirməsinə baxmayaraq nə ekspertiza tədqiqatı zamanı, nədə məhkəmə tərəfindən keçiriləm yerli baxış zamanı bu fakt öz təsdiqini tapmamışdır. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti 138 saylı Mənzil- Kommunal İstismar Sahəsinin əməkdaşları – sahə rəisi və sahə nəzarətçiləri tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, Yasamal rayonu, 2-ci Alatava 80b və 108 ünvanlarına baxış keçirilən zaman Alatava-2, ev 80b ünvanında yaşayan X2 yaşadığı mənzilə əl-üz yuyan quraşdırmış və çirkab su xəttini həyətin yuxarı başında olan çirkab kanalizasiya xəttinə birləşdirməyərək mənzilinin altından keçən çox uzun müddət istifadəsiz və fəaliyyət göstərməyən köhnəlmiş boruya qoşmuş, borunun sonluğunun fəaliyyət göstərməsi məlum deyildir. Nəticədə axan çirkab su İddiaçı mənzilinin altına zirzəmiyə axır və nəticədə divarda nəm, pis qoxu və çat əmələ gəlmişdir. Məhkəmə aktla bağlı qeyd edir ki, iddia tələbi 138 saylı MKİS-in xx.xx.2021-ci il tarixli aktına əsaslansa da, MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, MKİS içməli və çirkab su borularının saz vəziyyət olmasının yoxlanılması və nəzarət edilməsi ilə bağlı səlahiyyətli orqan deyildir. Eyni zamanda həmin ünvanda mövcud olan qüsurlar və onların yaranma səbəbləri barədə araşdırma aparmaq və nəticə olaraq akt tərtib etmək üçün xüsusi bilik tələb edilməsinə baxmayaraq aktı tərtib edən əməkdaşların bu sahədə xüsusi biliyinin olması müəyyən edilmir. Bununla yanaşı həmin sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş rəydə aktda qeyd olunanlar öz əksini tapmamış və hətta təkzib edilmişdir. Yerli baxış zamanı aktda qeyd olunanlar təsdiq olunmamışdır. Bu halda məhkəmə hesab edir ki, 138 saylı MKİS-in xx.xx.2021-ci il tarixli aktı deyil, 10/3803 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya məhz cavabdehin hər hansı təqsirli hərəkəti nəticəsində maddi ziyan dəyməsi sübut olunmur. İşin hallarından görünür ki, iddiaçı özü də cavabdeh kimi ona məxsus fərdi yaşayış evində kanalizasiya xəttini səlahiyyətli orqanın razılığı alınmadan və layihəsi olmadan mərkəzləşdirilmiş kanalizasiya xəttinə birləşdirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 4.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq və STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçının əsas vəzifələrindən biridir. Həmin qaydaların 9.1-ci bəndinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM tərəfindən təmin olunmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh dəymiş maddi ziyana görə 5000 (beş min) manat məbləğində pulun onun xeyrinə tutulması və cavabdehin qanunsuz çəkdiyi su xətti və borunun ləğv edilməsi barədə iddia tələbi rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi rədd edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-33/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-33/2023
19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver