Məhkəmə qərarları › İş №2(004)-3308/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3308/2024

11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3308/2024 11.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o - iddiaçı X5 Cavabdeh ilə aralarında olan nikah xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 229 nömrə ilə rəsmləşdirilmişdir. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə aralarında olan 229 nömrəli nikah aktı pozulmuşdur. Bundan əvvəl 15 avqust 2023-cü il tarixdə barışıq sazişi MSB/13/2023-01084 əsasən Cavabdeh 150 (yüz əlli) manat hər ay ödəməklə qarşlılıqlı olaraq razılaşmışlar. Onun şəxsi kart hesabına alimentin ödənilməsi 2023-cü ilin 10 sentyabr tarixdən Cavabdeh tərəfindən təmin olunması razılaşdırılmışdır. Buna baxmayaraq 150 manat aliment uşağın normal yaşamasını təmin etmir. Ona görə ki, qızı X6 tez-tez xəstələnir, həkimlərin yazmış olduğu dərman ləvazimatları çox bahalı olduğundan almağa çətinlik çəkir. Qohumlarından və valideynlərindən ona heç bir maddi yardım olunmur. Uşağa həm ərzaq həm də apteklərdən dərman almağa çətinlik çəkir. Onu da qeyd edir ki, Cavabdeh şəxsi kart hesabına 150 manat pulu da vaxtlı-vaxtında ödəmir. Uşağ hazırda xəstəlikdən əziyyət çəkir. Ona görə də uşağın onunla birlikdə maddi çətinlik çəkdiklərinə görə sabit pul vahidi məbləğinin 250 manata çatdırılması tələbi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: AZ-İ seriyalı, 475700 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikaha xx.xx.2023-cü ildə xitam verilmişdir. Bu barədə 721 nömrəli akt qeydi tərtib edilmişdir. AZ-İV seriyalı 501620 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4602/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış və akt qeydləri kitabında 229 nömrə ilə qeydə alınmış nikah pozulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01084 nömrəli barışıq sazişindən görünür ki, tərəflər qismində adladandırılan "birinci tərəf" - İddiaçı və "ikinci tərəf" - Cavabdeh nəzdində aşağıda göstərilən şərtlərdə barışıq sazişi imzalanmışdır:

1. Tərəflər razılaşırlar ki, 24 yanvar 2019-cu il tarixində aralarında bağlanmış nikaha xitam verilsin.

2. Tərəflər razılaşırlar ki, bu sazişin 1-ci bəndində qeyd edilmiş nikahdan xx.xx.2020ci il tarixində anadan olmuş X6 anası İddiaçı himayəsində saxlanılır.

3. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Cavabdeh hər ay 150 (yüz əlli) manat məbləğində alimenti xanımın şəxsi kart hesabına ödəyir. Alimentin ödənilməsi 2023-cü ilin sentyabr ayının 10-dan təmin edilsin.

4. Tərəflər razılaşırlar ki, Cavabdeh birgə nikahdan doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X6 ilə məhdudiyyət olmadan ünsiyyətdə olacaq. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15 avqust 2023-cü il tarixli, MŞB/13/2023-01084 nömrəli Barışıq sazişinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh X2 xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. 15 avqust 2023-cü il tarixli, MŞB/13/2023-01084 nömrəli Barışıq sazişinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh X2 xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar