Məhkəmə qərarları › İş №2(004)-3321/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3321/2022

29.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3321/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 595/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün hər ay 500 manat olmaqla cəmi 1000 manat məbləğində aliment tutularaq ona ödənilməsi, əyani ödənişli təhsil alan xx.xx.2004-cü il təvəllüdlü X4 təhsil xərcinin ödənilməsində iştirak etməklə, hər il cəmi 3000 manat təhsil haqqının yarısı 1500 manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-595/2021 saylı qətnaməsi ilə, Cavabdeh qarşı “aliment və əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, övladları xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh tərəfindən aliment öhdəlikləri vaxtlı-vaxtında icra edilmir. Hətta xx.xx.2021-ci il tarixdə Abşeron Rayon İcra şöbəsinin icra məmuru tərəfindən aliment ödənilməsi ilə bağlı yuxanda göstərilən icra sənədi üzrə məcburi icra tədbiri tətbiq edilmiş, Cavabdeh məxsus əmlakın üzərinə həbs qoyulması barədə Abşeron Rayon məhkəməsinə təqdimat verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-595/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh məxsus VAZ-21074 minik markalı, **-XB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 8(Q12)- 533/2021 saylı qərardad çıxarılmışdır. Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsini qarşılamır. X1 və X6 orta məktəbdə, böyük qızı X7 Azərbaycan Universitetində “Humanitar fənlər” fakültəsinin “Tərcümə” ixtisası üzrə ödənişli təhsil alır. Göstərilənlərə əsasən uşaqların saxlanılması üçün məsrəflər yetərincə artmışdır. Uşaqların bütün qayğısını, ehtiyacını özü çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını tək olaraq ödəmək çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması və təhsil xərcinin ödənilməsində iştirak” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul dur, geniş maddi imkanları var. Cavabdehin adına külli miqdarda dəyəri olan təqribən 8 adda daşınmaz əmlak var. Bu əmlakların içində cavabdehin icarəyə verdiyi qeyri-yaşayış sahələri də mövcuddur. (Məsələn,cavabdehin market kimi işlətdiyi ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsində “ Lətif-Market”, və s)Tərəfindən cavabdehin gəlirləri və icarəyə verdiyi qeyri yaşayış sahələri ilə bağlı vergi orqanına sorğu verilsə də, ya bunun kommersiya sirri olduğunu qeyd edərək, cavabdehin sahibkar kimi gəlirləri barədə məlumat verilməsindən imtina edilmişdir, ya da ümumiyyətlə sorğulara cavab verilməmişdir.Nəticə etibarilə cavabdeh gəlirlərini gizlədir və uşaqların saxlanmasında iştirak etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən onun təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hazırda yalnız pensiya alır. İddiaçı tərəfindən qeyd edildiyi kimi, heç bir marketlər şəbəkəsi və ya digər şəxsi sahibkarlıq fəaliyyəti yoxdur. Yeganə gəlir mənbəyi aldığı pensiyadır, market isə qardaşına məxsusdur. Qardaşı tez-tez ölkə xaricinə getdiyindən onun adına keçirmişdir. Aylıq olaraq, uşaqlarının təminatı üçün müəyyən məbləğlərdə onlara pul verir. Həmçinin, hazırda ali təhsil alan qızının illik təhsil haqqı olan 3000 manat da onun tərəfindən ödənmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 595/2021 saylı qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş arayışdan və təhsil haqqı barədə məlumatdan görünür ki, X7 2021-ci ildə Azərbaycan Universitetinin əyani şöbə «Humanitar fənlər» fakültəsinin Tərcümə (İngilis dili) ixtisasına daxil olmuşdur və hal-hazırda birinci kursda təhsilini davam etdirir. İllik təhsil haqqı məbləği 3000 manat təşkil edir. “İlkin mediasıya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/2- 00799 saylı arayış iddia ərizəsinə əlavə edilmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, iddiaçı qismən haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, uşaqların saxlanılması hər iki valdeyinin vəzifəsi olduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilməli, hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Bununla yanaşı, məhkəmə heab edir ki, təhsil haqqının yarısını təşkil edən 1500 manat pulun cavabdehdən tutulması hissəsində iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 113.2.1-ci maddəsinə görə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında göstərildiyi kimi, “Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: - yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması; - onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.” Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatması, həmçinin onun Ailə Məcəlləsinin 80 və 81-ci maddələri ilə nəzərdə tutulmuş “əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar” kateqoriyasına aid olmaması tam olaraq təsdiqini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan aliment dəyişdirilsin. Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq, İddiaçı ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar