Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3325/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3170/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün bir uşağa görə müəyyən edilmiş 136 manat məbləğində alimentin bir uşağa görə 220 manata, iki uşağa görə 440 manata artırılması, həmçinin əlavə xərclərin əvəzi olaraq aylıq sabit olaraq 300 manat məbləğində əlavə pul vəsaitinin və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3170/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə birgə nikahdan anadan olmuş övladları xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün bir uşağa görə 136 manat olmaqla, iki uşağa görə 272 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. İddiaçı qeyd edir ki, yetkinlik yaşına çatmamış övladları böyüdükcə onların tələbatı və müvafiq olaraq xərcləri artır və iddiaçı onların xərclərini təkbaşına qarşılaya bilmir. Cavabdehin ödədiyi aliment məbləği 2017-ci ilin “Yaşayış minimumu haqqında” qanununa əsasən təyin edilmiş məbləğdir. Cavabdeh könüllü şəkildə aliment məbləğinin artırılmasına razıdır. Həmçinin, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur və şəxsi biznesi var. Bundan başqa, İddiaçı qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya qaydasında təkliflə cavabdehə müraciət etsə də, 14 gün müddətində həmin müraciətə cavab verilmədiyindən o, Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə 13 saylı Mediasiya Təşkilatında müvafiq iclas keçirilmiş və ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin alimentin artırılması hissəsi ilə razı olduqlarını qeyd etsə də, iddia ərizəsinin əlavə xərclərin ödənilməsi hissəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-3170/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi üzrə iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Sədaət sarayında bağlanmış və 1908 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş və Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşağın saxlanılması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, 04 iyun 2006-cı il təvəllüdlü X4 və 27 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında, yəni hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddia tələbi - əlavə xərclərin tutulması hissəsində rədd edilməlidir. Belə ki, ailə qanunvericiliyində valideyndlərin əlavə xərclərin ödənilməsinə cəlb oluna bilməsi əsasları qeyd olunmuşdur. Hazırki iddia tələbində bu cür əsaslar olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-3170/2017 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3325/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3325/2023
28.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver