Məhkəmə qərarları › İş №2(004)-3333/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3333/2022

07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3333/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat və bütün qazancından 100 manat olmaqla, ümumilikdə 293 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay əmək haqqısının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment və 50 manat mediyasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4105/2019 saylı qətnaməsi ilə X6 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X3 onun yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Alimentin tutulmasına dair son məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan üç ildən çox müddət keçmişdir. Ötən müddət ərzində azyaşlı uşağın saxlanılması, təhsil və digər zəruri məsrəfləri yetərincə artmışdır. Hazırkı vaxtda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. Cavabdeh tərəfindən hazırkı dövrə kimi ödənilmləli olan ayda 160 manat aliment məbləği isə qeyri-stabil ödənilmiş, ən əsası isə sözügedən məbləğ uşağın minimum tələblərinin ödəməkdə yetərli deyildir. Uşağın atası olan cavabdeh isə rəsmi iş yeri və kifayət qədər qazancı olsa da onun saxlanılması xərclərində iştirak etməkdən yayınır və minimum səviyyədə aliment ödəməsi ilə işini bitmiş hesab edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4105/2019 saylı qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2011-ci il tarixli nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X3 anası X4 yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət etmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İ № 395252 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh Sumqayıt şəhər Səhiyyə Şöbəsi mərkəzi qarajında sürücü vəzifəsində çalışır və orta aylıq əmək haqqısı 1653 manat təşkil edir. Məhkəmə uşağın mənafeyini və cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay əmək haqqısının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4105/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar