Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-334/2022 18.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mənzilinə vurulmuş ziyanın əvəzi olaraq 3500 (üç min beş yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birgə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Üst mərtəbənin sahibi Cavabdeh Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2, ev 9 mənzil 175 saylı mənzili uzun illərdir ki, şəxsi gəlir mənbəyinə çevirmiş, mənzil ayrı-ayrı illərdə müxtəlif müştərilərə kirayəyə verilmişdir. Bu dəfə 8 dəfə su basmaya məruz qalmışdır. Dəfələrlə etdiyi xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Mənzilə külli miqdarda ziyan dəymişdir. Belə ki, mənzilin giriş hissəsində, mətbəxində işıq xətləri yararsız hala düşmüşdür. Spotlar sıradan çıxmışdır. 2 dəfə divar kağızlarını dəyişsə də, növbəti 3 oktyabr 2021-ci il tarixdə yeni gələn kirayənişinlərin su basmasından sonra divar kağızları artıq aralanmağa başlamışdır. Uşaq otağının 1 divarı tamamilə sıradan çıxmış, girişdə, keçiddə artıq çatlaqlar meydana gəlmişdir. Döşəmədə aralanma halları yaranmışdır. Dəfələrlə cavabdehə bu barədə müraciət etməyinə baxmayaraq əhəmiyyət verməmiş və onun mənzilinə ziyan vurmaqda davam etmişdir. 188 MTK sədrinə müraciət etmişdir. Nəticəsi olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Beləliklə cavabdeh dəymiş ziyanın ödənilməsi üçün məsuliyyət daşıyır və bu ödəməni könüllü şəkildə icra etməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etməyə məcbur qalıb. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və işə qiyabi icraat qaydasında baxılması barədə ərizə təqdim edərək, Cavabdeh 2982 məbləğində pulun tutularaq ona ödənilməsi barədə qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS elektron sistemi vasitəsilə SMS bildiriş göndərilsə də, dəfələrlə məhkəmənin iclas katibi tərəfindən telefon vasitəsilə cavabdehə məxsus telefon nömrəsi ilə əlaqə saxlanılsa da, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11.03.2013-cü il tarixli, 11/1949 inventar nömrəli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, bina 9, 173 saylı mənzil 3 otaqlı olub, ümumi sahəsi 61,2 m2, yaşayış sahəsi 42,62 m2, 3 yaşayış otağından, dəhlizdən, mətbəxdən və sanitaq qovşağından ibarətdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Tikinti Kooperativi 188 saylı MTK tərəfindən təsdiq edilmiş, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2, 9 saylı binanın sakinləri- 20 saylı mənzilin sakini İ.S.Abdullayeva, 41 saylı mənzilin sakini P.İ.Abbasova və S.İ.Sərxanova tərəfindən tərtib edilmiş aktda qeyd olunur ki, binanın 173 saylı mənzili sonuncu 03 oktyabr 2021-ci il tarixindəki subasmadan sonra ciddi zərər görmüş , belə ki, giriş, keçid, mətbəx, eyvan və otağın işıq xətləri sıradan çıxmış, otağın divarlarıçatlara məruz qalmış, divar kağızları, döşəmədə aralanmalar yaranmışdır. Üst mərtəbədəki 175 saylı mənzildən bu mənzilin subasmaya məruz qalması, birinci dəfə deyil, bu hal dəfələrlə baş vermişdir. Mənzil sahibi burada yaşamır, mənzilini kirayə vermişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Tikinti Kooperativi 188 saylı MTK tərəfindən təsdiq edilmiş 30.03.2022-ci il tarixli arayışda qeyd olunur ki, Əliyev X2 rayonu, Yeni Yasamal 2, ev 9, mənzil 175 ünvanında qeydiyyatdadır, xeyli vaxtdır ki, adı çəkilən mənzili kirayə verərək mənzildən şəxsi gəlir mənbəyi kimi istifadə edir. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, Əliyev X2 rayonu, Yeni Yasamal 2, ev 9, mənzil 175 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(004)- 6978/2021 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6896 nömrəli, 11 fevral 2022-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2-də yerləşn 9 saylı evin 173 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2982 manatdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal 2-də yerləşən 9 saylı evin 173 saylı mənzilinə həmin binanın 175 saylı mənzilindən susızma baş verməsi iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Tikinti Kooperativi 188 saylı MTK tərəfindən təsdiq edilmiş, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 2, 9 saylı binanın sakinləri tərəfindən tərtib edilmiş akt ilə müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-də yerləşən 9 saylı evin 175 saylı mənzilində qeydiyyatdadır. Həmin mənzilin cavabdeh tərəfindən kirayə verilməsi Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Tikinti Kooperativi 188 saylı MTK-nın 30.03.2022-ci il tarixli arayışı ilə müəyyən olunmuşdur. İddiaçıya məxsus mənzilə subasması nəticəsində dəyən zərərin məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6896 nömrəli, 11 fevral 2022-ci il tarixli rəyi əsas götürülməklə 2982 manat müəyyən olunur. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 2982 (iki min doqquz yüz səksən iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda, iş üzrə aparılmış 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2982 (iki min doqquz yüz səksən iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərcinə görə 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-334/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-334/2022
18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver