Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3340/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı X4, Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəlüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X7 və Cavabdeh arasında olan nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş 2013-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 170 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X3 9 yaşı var. Suraxanı rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan gec ödəyir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehyiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı "aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz ərizəsi verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 izahat verərək bildirir ki, birgə nikahdan olan uşaq məktəbə gedir və onu kifayət qədər xərcləri vardır. Bundan əlavə o, özü də xəstədir. Belə ki, bağırsaqlarının 70-80% xəstədir. Ona görə də işləmək qabiliyyətini itirmiş və əvvəlki iş yerindən çıxmışdır. Əvvəllər mağazada satıcı kimi işləmişdir. Hal-hazırda işləyə bilmədiyindən uşağın saxlanılmasında çətinlik çəkir. Cavabdeh aylıq yaşayış minimumdan aşağı məbləğdə, yəni 170 manat məbləğində aliment ödəyir. Göstərilənlərə əsasən alimentin artırılması hissəsində iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, o, yenidən nikaha daxil olmuş və həmin nikahdan da iki uşağı doğulmuşdur. Hazırda əlavə olaraq himayəsində iki azyaşlı uşaq vardır. Həyat yoldaşı da işləmir. Hazırda ödədiyi 170 manat aliment məbləğin dəyişdirilməməsinivə iddianın rədd olunmasını xahiş edir. Verilmiş suallara əsasən əlavə olaraq bildirir ki, hazırda öz himayəsində olan hər bir uşağa aylıq minimum 150-200 manat məbləğində xərci çıxır. Özü kompüter təmiri ilə məşğul olur və bir sifarişdən minimum 15-20 manat məbləğində qazanc əldə edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-601/2020 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, Cavabdeh və X4 birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəlüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 200 manat məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5398/2020 saylı qətnaməsindən müəyyən edilir ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-601/2020 saylı qətnaməsi alimentin məbləğinə aid hissədə dəyişdirilmiş, Cavabdeh və X4 birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəlüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələblərinə görə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması müəyyən edilməlidir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh digər nikaha girmiş və həmin nikahdan xx.xx.2020-ci il tarixdə X8 doğulmuşdur. Məhkəmə cavabdehin ailə vəziyyətində dəyişiklik olmasını nəzərə alaraq, aliment məbləğini 170 manat müəyyən etmişdir. Hazırki məhkəmə araşdırması ilə müəyyən edildi ki, cavabdehin ailə vəziyyətində dəyişiklik olmuş və onun ikinci nikahdan daha bir övladı dünyaya gəlmiş, hazırda himayəsində iki yetkinlik yaşına çatmayan uşaq vardır. Lakin onun maddi vəziyyəti ilə bağlı ciddi çətinlik olmasına dair sübut təqdim edilməmişdir, bunun əksinə olaraq onun məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilir ki, gündəlik olaraq verilmiş sifarişlər əsasında kompyüter təmiri ilə məşğul olur. İddiaçının isə maddi vəziyyətində dəyişiklik olması, yəni onun səhhəti ilə bağlı işdən çıxması müəyyən edilir. Belə ki, bu hal iddiaçının məhkəmə təqdim etdiyi epikrizlə təsdiq olunur. Eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlardan müəyyən edilir ki, iddiaçının iş yeri və gəlir gəlir yeri yoxdur, cavabdeh isə fərdi qaydada vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə “printerlərin, monitorların, klaviatura, siçan və onun hissələrinin təmiri və texniki xidməti” fəaliyyəti ilə məşğul olur. Məhkəmə uşağın mənafeyini, yəni əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının qanunvericiliyin tələblərinə görə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar olmasını; əvvəlki aliment məbləğinin təyin edildiyi vaxta – 2020-ci ilə münasibətdə hazırki dövrdə cəmiyyətin ümumi sosial-iqtisadi həyatında və həyat şəraitində baş vermiş hamıyaməlum olan dəyişiklikləri; eləcə də iddiaçının işsiz olmaqla başqa gəlirinin olmamasını, cavabdehin isə fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gündəlik gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2013-cü il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir. Lakin bununla yanaşı cavabdeh tərəfin mənafeyi, ailə vəziyyətindəki dəyişikliklə bağlı maddi durumu və sosial vəziyyətində olan dəyişiklik də, yəni himayəsində daha iki azyaşlı övladının olması nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X8 doğulmuşdur. Göründüyü kimi, cavabdehdən tutulan alimentin məbləği sonuncu dəfə 2020-ci ildə müəyyən edilmiş, 2020 və 2021-ci illərdə isə onun digər nikahdan iki uşağı doğulmuşdur. Yəni, alimentin tutulmasından sonra cavabdehin sosial vəziyyətində dəyişiklik olmuşdur. Hazırda cavabdehin ailəsi və himayəsində iki azyaşlı övladı var, bundan əlavə hazırkı mübahisə ilə bağlı birgə nikahdan olan uşağın saxlanılması üçün aliment ödəyir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin rəsmi gəlirləri barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Lakin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlardan onun fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilir. Cavabdeh kompyüter təmiri fəaliyyəti ilə məşğul olmasını etiraf etməklə izahatında bildirir ki, təsadüfi işlərdə işlədiyi üçün qazancı azdır və mütəmadi deyildir. İddiaçının əsaslarından biri də xəstəliyinin olmasıdır. Məhkəmə bununla əlaqədar qeyd edir ki, iddiaçının səhhətində problemin olmasına baxmayaraq övladının saxlanılması hər bir valideynin borcudur. Uşaqlar üçün yaşayış minimumu isə hər iki valideyn tərəfindən uşağın ümumilikdə saxlanılması ilə əlaqədar müəyyən edilmişdir, bir valideyndən digərinin xeyrinə tutulan aliment məbləğinin əsası deyildir. Lakin buna baxmayaraq məhkəmə onun hazırda səhhəti ilə bağlı işsiz olmasını da nəzərə alır. Məhkəmə cavabdehin sosial vəziyyətindəki dəyişikliyi, himayəsində iki azyaşlı uşağının olmasını, aylıq gəliri barədə rəsmi məlumatın olmamasını, eyni zamanda birgə nikahdan olan uşağın saxlanılmasının hər iki valideynin borcu olmasını, iddiaçının isə səhhəti ilə bağlı işsiz olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2013-cü il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı qismən artırılaraq hər ay 190 (yüz doxsan) manat məbləğində müəyyən edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5398/2020 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəlüdlü X2 üçün Cavabdeh iddiaçı X4 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun ½ hissəsi olan 25 manat məbləğində pul Cavabdeh iddiaçı X4 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-5398/2020 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X4 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin ½ hissəsi olan 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh iddiaçı X4 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-3340/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3340/2023
08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver