Məhkəmə qərarları › İş №2(004)-3418/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3418/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3418/2021 17.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.04.2010-cu il tarixli 2(004)-2514/2010 nömrəli məhkəmə əmri ilə ünvan 1 ünvanda yaşayan Cavabdeh "xxxx" ASC-nin Nərimanov filialının xeyrinə 1.537 manat əsas borc, 568 manat faiz borcu olmaqla, cəmi 2.105 manat borcun və ödənilmiş 10 manat dövlət rüsumunun tutulması barədə göstəriş verilmişdir. Borclu Cavabdeh 23.04.2021-ci il tarixdə poçt vasitəsilə məhkəmə əmrinə etirazla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.04.2010-cu il tarixli 2(004)-2514/2010 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçilməsini xahiş etmişdir. Etiraz 26.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(004)-3418/2021 nömrəli qərardadı ilə etiraz təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 19.04.2010-cu il tarixli 2(004)-2514/2010 nömrəli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 05.08.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 06.08.2008-ci il tarixli F6-1063İ nömrəli kredit müqaviləsi üzrə 26.07.2021-ci il tarixə yaranmış 1.537,55 manat əsas borc, 06.08.2009-cu il tarixə yaranmış 283,28 manat faiz borcu (müqavilənin müddətinin bitdiyi tarixə), 941,78 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 905,10 manat faiz borcu və ödənilmiş 10 manat dövlət rüsumu olmaqla, cəmi 3.677,71 manat pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 06.08.2008-ci il tarixli F6-1063İ nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC borcalan Cavabdeh illik 30% hesablanmaqla 12 ay müddətinə 2.200 manat kredit vermişdir. 30.07.2021-ci il tarixdə verilmiş bank çıxarışına əsasən borclunun 06.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə 26.07.2021-ci il tarixə 1.537,55 manat əsas borc, 283,28 manat müqavilə müddəti üçün hesablanmış faiz, 941,78 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 905,10 manat faiz borcu olmaqla, ümumilikdə 3.667,71 manat borcu yaranmışdır. Borclu müqavilənin şərtlərini pozaraq və xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmişdir. Həmçinin “AZEMİS” sistemi vasitəsilə +**********33 nömrəli mobil telefonuna SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 06.08.2008-ci il tarixli F6-1063İ nömrəli kredit müqaviləsinə əsasən kreditor "xxxx" ASC borcalan Cavabdeh illik 30 faizlə 12 ay müddətinə 2.200 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 30.07.2021-ci il tarixli maliyyə arayışında göstərilir ki, borclu Cavabdeh 06.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə 26.07.2021-ci il tarixə 1.537,55 manat əsas borcu, müqavilə müddətinə (06.08.2008-06.08.2009-cu il) 283,28 manat hesablanmış faiz borcu, borcun gecikdirilməsinə görə hesablanmış 941,78 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 905,10 manat faiz borcu olmaqla, cəmi 3.667,71 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 941,78 manat cərimə azaldılaraq 100 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06.08.2008-ci il tarixli F6-1063İ nömrəli kredit müqaviləsi üzrə 26.07.2021-ci il tarixə yaranmış 1.537,55 manat əsas borc, 06.08.2009-cu il tarixə yaranmış 283,28 manat faiz borcu (müqavilənin müddətinin bitdiyi tarixə), 100 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 905,10 manat faiz borcu və ödənilmiş 10 manat dövlət rüsumu olmaqla, cəmi 2.835,93 manat pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Cavabdeh 20 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İddia tələbi - 841,78 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06.08.2008-ci il tarixli F6-1063İ nömrəli kredit müqaviləsi üzrə 26.07.2021-ci il tarixə yaranmış 1.537,55 manat əsas borc, 06.08.2009-cu il tarixə yaranmış 283,28 manat faiz borcu (müqavilənin müddətinin bitdiyi tarixə), 100 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 905,10 manat faiz borcu və ödənilmiş 10 manat dövlət rüsumu olmaqla, cəmi 2.835,93 (iki min səkkiz yüz otuz beş manat doxsan üç qəpik) manat pul tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar