Məhkəmə qərarları › İş №2(004)-3420/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3420/2023

14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3420/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə anadan olmuş qızı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 220 manat sabit məbləğdə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşdur. Rəsmi nikahlarından xx.xx.2013-cü il tarixdə Əsma adlı qızları anadan olmuşdur. Səbail Rayon Məhkəməsinin 2(009)-2240/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 iddiaçının yanında saxlanılmış, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə xx.xx.2016-cı ildən başlayaraq cavabdehin hər ay qazancının ¼ hissəsi miqdarında aliment ödənilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Əvvəllər cavabdeh şifahi razılıq əsasında iddiaçıya hər ay üçün gecikmələrlə 150 manat alimenti nəğd ödəyirdi. Sonradan gecikmələr mütəmadi xarakter aldı və cavabdehin təqsirindən aralarında olan razılıq pozuldu. Bu səbəbdən də məhkəməyə müraciət edir. Hesab edir ki, uşağın saxlanılması üçün təyin edilmiş aliment dəyişdirilərək sabit məbləğdə təyin edilməlidir. Hazırda cavabdeh X7 Tam Orta Ümumtəhsil Məktəbi Məhdud Məsuliyyətli Cəmiyyətində idman tədrisi üzrə müəllim işləyir və 1000 manat əmək haqqı alır. Onun aldığı əmək haqqından aliment tutulması uşaqlar üçün 2023-cü il müəyyən edilmiş yaşayış minimumundan aşağıdır. Həmin səbəbdən alimentin sabit məbləğdə tutulması barədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir, iddiaçı ilə birgə nikahlarından olan övladının saxlanılması üçün hər ay 220 manat məbləğində aliment ödəməyə razıdır. Bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə də təqdim etmişdir. İş materiallarında olan AZE seriyalı, 12832738 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Nurəliyeva Əsma xx.xx.2013-cü il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-2240/2016 nömrəli, 12 may 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 10 noyabr 2012ci il tarixdə, Səadət Sarayı Bakı Nikah Evində bağlanaraq 2960 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikaha xitam verilməsi, 29 avqust 2013-cü il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə, 13 aprel 2016-cı il tarixdən başlayaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi ö/t 152 ünvanında yaşayan Cavabdeh hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət olunmuşdur. İş materiallarında olan “Baku-Oxford School” tərəfindən vəkil X3 ünvanlanmış BOSOUT/1404-01 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, X7 Tam Orta Ümumtəhsil Məktəbi Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi – idman tədrisi üzrə müəllimi xx.xx.1975 təvəllüdlü Cavabdeh əmək haqqı 1000 AZN (brutto) və 889 AZN (netto) təşkil edir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2240/2016 nömrəli, 12 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir və buna görə də məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq, iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Həmin Qanuna əsasən 2023-cü il yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan və iddia tələbi cavabdeh tərəfindən qəbul edildiyindən təmin olunmalı, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar