Məhkəmə qərarları › İş №2(004)-3437/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3437/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3437/2020 16.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi Nümayəndə3 Məmmədli qızının iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada x xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3543,36 ABŞ dolları əsas, 1570,46 ABŞ dolları faiz, xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 740,85 ABŞ dolları faiz, 1377,16 ABŞ dolları cərimə, cəmi 7231,83 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2015-ci il tarixli kredit və zaminlik müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin müqaviləyə zaminlər Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 bank qarşısında öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərlərinə götürmüşlər. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə3 Məmmədli qızı izahatında bildirmişdir ki, o, Cavabdeh2 anasıdır. Kredit Cavabdeh1 tərəfindən götürülmüşdür. Belə olan halda isə, həmin borcun məhz Cavabdeh1 tutulmasını xahiş etmişdir. İddianın oğlu Cavabdeh2 qarşı olan hissədə isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyini nəzərə alaraq hesab edir ki, kreditora ümumi ödənilməmiş 3543,36 ABŞ dolları əsas, xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 740,85 ABŞ dolları faiz və 1570,46 ABŞ dolları faiz borcun cavabdehdən tutulması hissəsində iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə 1377,16 manat məbləğində cərimə borcunun tutulması ilə əlaqədar tələb üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, Cavabdeh1 tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, həmçinin cavabdehin maddi vəziyyətini, eyni zamanda kreditorun əmlak mənafelərini, habelə tərəflərin digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 138 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia zaminlərə qarşı hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsindən görünür ki, müqavilədə zaminliyin verilmə müddəti təyin edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı bank zaminlərə qarşı iddianı Mülki Məcəllənin 477.0.4.-cü maddəsi ilə müəyyən olunmuş müddət ötürülməklə, yəni zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı bitdiyi gündən üç il sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyinə xitam verildikdən sonra ona qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 24,90 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 3543,36 (üç min beş yüz qırx üç ABŞ dolları otuz altı sent) ABŞ dolları əsas borc, 1570,46 (min beş yüz yetmiş ABŞ dolları qırx altı sent) ABŞ dolları faiz borcu, xx xxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 740,85 (yeddi yüz qırx ABŞ dolları səksən beş sent) ABŞ dolları faiz borcu və 138 (yüz otuz səkkiz) ABŞ dolları cərimə borcu olmaqla, ümumilkdə 5992,67 (beş min doqquz yüz doxsan iki ABŞ dolları altmış yeddi sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) kredit borcu və 24,90 (iyirmi dörd manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar