Məhkəmə qərarları › İş №2(004)-3437/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3437/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3437/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə 30.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 1772,4 manat məbləğində əsas borc, 28,98 manat məbləğində faiz borcu, 24,68 manat məbləğində cərimə borcu, 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 305,8 manat faiz borcu olmaqla, cəmi 2131,86 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-3437/2021 saylı, 03.05.2021-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, Cavabdeh 08.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən , “xxxx” İKB ASCdən illik 1 faizlə 60 ay müddətinə 1772,4 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 19.03.2021-ci ilədək Cavabdeh banka 08.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1772,4 manat məbləğində əsas borc, 28,98 manat məbləğində faiz borcu, 24,68 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 305,8 manat faiz borcu olmaqla, cəmi 2131,86 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, əslində krediti özü yox, onun adına iş yoldaşı olan qadın götürmüşdür. Maddi imkanı yoxdur. Həmçinin ankoloji xəstədir, yoldaşı astma xəstəsidir, oğlunun da psixoloji problemləri var. Onlara qonşular kömək edir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il tarixli saylı kredit müqaviləsinə əsasən, bank borcalana problemli kreditlərin restrukturizasiya edilməsi üçün illik 1% ödəmək şərtilə 60 ay müddətinə 1772,4 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.03.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 19.03.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 08.08.2019-cu il tarixli, kredit müqaviləsi üzrə 1772,4 manat məbləğində əsas borc, 28,98 manat məbləğində faiz borcu, 24,68 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 305,8 manat faiz borcu olmaqla, cəmi 1826,06 manat məbləğində borcu vardır. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı “xxxx” İKB ASC, hazırki adı isə İddiaçı ASC-dir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 5 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 305,8 manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsində əsassızdır. Belə ki, 08.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditin bitmə tarixi 08.08.2024cü il olduğundan icra müddəti bitməmişdir. İddiaçı isə xəbərdarlıqdan sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08.08.2019cu il tarixli kredit müqaviləsi üzrə 1772,4 manat məbləğində əsas borc, 28,98 manat məbləğində faiz borcu, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1806,38 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 08.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1772,4 manat məbləğində əsas borc, 28,98 manat məbləğində faiz borcu, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1806,38 (bir min səkkiz yüz altı manat otuz səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar