Məhkəmə qərarları › İş №2(004)-3439/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3439/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3439/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 24.09.2013-cü il tarixli 19-M-2-0-963- 13 saylı kredit müqaviləsi üzrə 124,11 ABŞ dolları əsas borc, 112,28 ABŞ dolları faiz borcu, 468,83 ABŞ dolları cərimə, geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 63,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 768,47 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh1 24.09.2013 il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 30 faizlə 24 ay müddətinə 4500 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 24.09.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər müqavilə şərtlərini pozmuş, xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdırlar. 19.03.2021-ci il tarixinə Cavabdeh1 banka 24.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə 124,11 ABŞ dolları əsas borc, 112,28 ABŞ dolları faiz borcu, 468,83 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 19.03.2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 63,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 768,47 ABŞ dolları borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 462, 472, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 24.09.2013-cü il tarixli 19-M-2-0-963-13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 30 faizlə 24 ay müddətinə 4500 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2 24.09.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borcalanla birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş 19.03.2021ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka borcu 124,11 ABŞ dolları əsas borc, 112,28 ABŞ dolları faiz borcu, 468,83 ABŞ dolları cərimə, geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 63,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 768,47 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, “xxxx” İKB ASC-nin adı İddiaçı ASC adına dəyişdirilmişdir. Beləliklə, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borclanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Habelə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi 24.09.2013-cü il tarixdə bağlanmışdır. Müvafiq kredit müqaviləsi üzrə icra müddəti 24.09.2015-ci il tarixdə başa çatmışdır. Buna baxmayaraq, iddiaçı 24.09.2016-cı il tarixədək zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən 24.09.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, Cavabdeh1 124,11 ABŞ dolları əsas borc, 112,28 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 63,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 399,64 ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu bankın xeyrinə tutulmalıdır. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 24.09.2013-cü il tarixli 19-M-2-0-963-13 saylı kredit müqaviləsi üzrə 124,11 ABŞ dolları əsas borc, 112,28 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 63,25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 399,64 (üç yüz doxsan doqquz dollar 64 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar