Məhkəmə qərarları › İş №2(004)-3466/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3466/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3466/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 03.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2309,09 ABŞ dolları əsas, 5527,15 ABŞ dolları cərimə, 5134,99 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanan 322,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13293,79 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan "DəmirBank” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 14.10.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək mülki iş üzrə iddia müddətinin tətbiq olunması və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 08.06.2021-ci il tarixli məhkəmə iclasına iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 10.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh “DəmirBank" ASC tərəfindən 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 10.02.2015-ci il tarixli kredit müqaviləsinə 18 mart 2015-ci il tarixli əlavə sazişə əsasən İddiaçı ASC-nin cavabdehə verdiyi kreditin qalıq məbləği 4851,28 ABŞ dolları hesablanmış, kreditin müddəti 35 aya kimi uzadılmışdır. 31.08.2015-ci il tarixli əlavə sazişə əsasən cavabdehə verilən 5000 ABŞ dolları məbləğində kreditin qalıq məbləği 4579,37 ABŞ dolları hesablanmış, kreditin müddəti 30.04.2018-ci il tarixinədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 01.02.2021-ci il tarixədək Cavabdeh kredit müqaviləsi üzrə cəmi borcu 2309,09 ABŞ dolları əsas, 5527,15 ABŞ dolları cərimə, 5134,99 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanan 322,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13293,79 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, borc məbləği ilə razı deyil. Krediti 2015-ci ildə ABŞ dollarının manata məzənnəsinin aşağı olduğu vaxtda götürmüşdür. Prezidentin fərmanı onun kredit borcuna da şamil edilmişdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən, bank – İddiaçı ASC tərəfindən müştəriyə – Cavabdeh 24 ay müddətinə illik 33% ödəmək şərtilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.02.2015-ci il tarixli kredit müqaviləsinə 18 mart 2015-ci il tarixli əlavə sazişə əsasən 10.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 4851,28 ABŞ dolları hesablanmış, kreditin müddəti 35 aya kimi uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31.08.2015-ci il tarixli əlavə sazişə əsasən, 10.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 4579,37 ABŞ dolları hesablanmış, kreditin müddəti 30.04.2018-ci il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş 16.03.2021-ci il tarixli, **********881 saylı maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh 01.02.2021-ci il tarixə 2309,09 ABŞ dolları əsas, 5527,15 ABŞ dolları cərimə, 5134,99 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanan 322,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13293,79 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.09.2021-ci il tarixli, 9/4666 saylı ekspert rəyinə əsasən 10.02.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh 01.02.2021-ci il tarixə İddiaçı ASC-yə 861,83 ABŞ dolları əsas, 3848,38 ABŞ dolları faiz borcu müəyyən olunmuşdur. Ləğv prosesində olan İddiaçı ASC-nin 30.09.2021-ci il tarixli məktubuna əsasən 10.02.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli fərmanının təsiri altına düşmüş, lakin Cavabdeh ilə yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi və həmin müqavilə üzrə əlavə sazişlər bağlanmış və Cavabdeh kredit müqaviləsi üzrə borcunu tam ödəməmişdir. Lakin cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti ötürülmüşdür. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə 10.02.2015-ci ildə 24 ay müddətinə bağlanmışdır. 18 mart 2015-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti 35 aya, 31.08.2015-ci il tarixli əlavə sazişə əsasən isə 30.04.2018-ci il tarixə kimi uzadılmışdır. Müqavilə müddəti 30.04.2018-ci ildə bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə 03.05.2021-ci il tarixdə, müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən keçirilmiş ekspertiza xərci olan 100 manat cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməməli, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı 2309,09 ABŞ dolları əsas, 5527,15 ABŞ dolları cərimə borcu, 5134,99 ABŞ dolları faiz, kredit müqaviləsinin müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 322,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13293,79 (on üç min iki yüz doxsan üç ABŞ dolları yetmiş doqquz sent) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı 2309,09 ABŞ dolları əsas, 5527,15 ABŞ dolları cərimə borcu, 5134,99 ABŞ dolları faiz, kredit müqaviləsinin müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 322,56 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 13293,79 (on üç min iki yüz doxsan üç ABŞ dolları yetmiş doqquz sent) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddiası rədd edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar