Məhkəmə qərarları › İş №2(004)-3466/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3466/2022

14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3466/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4813/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək hər ay əmək haqqısının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh Vaqif oğlu ilə xx.xx.2017-ci iİ tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2018-ci ildə X7 anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlamaqla hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Bildirir ki, oğlunun saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment hazırkı dövr üçün çox azdır. Uşağın maddi tələbatını təmin etmir. Uşağın tələbatları günü-gündən artır. O, işləmir, uşağa baxır və eyni zamanda qadın olduğu üçün iş tapmaq da çətindir. Uşaq maddi-mənəvi məhrumiyyətlər içində yaşayır. Cavabdehə alimentin həcminin artırılması barədə təklif göndərsə də, cavabdeh təklifi qəbul etməmişdir. Cavabdeh Neft şirkətində işləyir, yüksək əmək haqqı almasına baxmayaraq, uşağın saxlanması üçün məhkəmə qətnamnəsi ilə müəyyən olunmuş alimentdən artıq pul vermir. Suala cavab olaraq bildirir ki, cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulmasını tələb edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ¼ hissədə alimentin tutulmasına razı deyil. Ondan digər nikahdan olan iki uşağın da saxlanılması üçün 1/3 hissədə aliment tutulur. Əgər iddiaçı ilə birgə nikahdan olan uşağın saxlanılması üçün ¼ hissədə aliment tutulsa, bu onun əmək haqqısının ½ hissəsindən çox edir. O bütün uşaqlara görə tutulan aliment məbləğinin əmək haqqısının yarısından çox olmasına razı deyil. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4813/2019 saylı qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ № 311929 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan elektron portaldan əldə edilmiş vətəndaşın iş yeri haqqında xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-də operator vəzifəsində çalışır və orta aylıq əmək haqqısı 1310,2 manat təşkil edir. İş materiallarında olan 2(005)-415/13 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin surətinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq X3 ödənilməlidir. İşin mübahisəsiz halıdır ki, cavabdeh hazırda iki uşağa görə qazancının 1/3 hissəsi məbləğində, iddiaçı ilə birgə nikahdan olan 1 uşağa görə isə 160 manat sabit pul məbləğində olmaqla, cəmi üç uşağın saxlanılması üçün aliment ödəyir. Məhkəmə uşağın mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini və cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə eyni zamanda cavabdehin üç uşağa aliment ödəməsini və qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği hər ay əmək haqqısının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində müəyyən edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən 3 uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Hazırkı halda cavabdehdən 3 uşağa görə cəmi əmək haqqısı və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutula bilər. Cavabdehin iddiaçı ilə birgə nikahdan bir uşağı olduğundan, alimentin miqdarı cavabdehin aylıq qazancından üç uşağa görə tutula biləcək ümumi aliment məbləğinin 1/3 hissəsi miqdarında, yəni əmək haqqısının 1/6 (½/3 =1/6) hissəsi məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4813/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar