Məhkəmə qərarları › İş №2(004)-3468/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3468/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3468/2024 18.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Bəhram qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bəhram qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəhram qızından 700 (yeddi yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh Bəhram qızı ilə bir müddət əvvəl tanış olub. Onda müəyyən qədər etibar yaranmışdır. Bir müddət əvvəl cavabdehin təklifi ilə lotoreyya oynamaq qərarına gəldilər və nəticədə 6 nömrəlik yer olmaqla, aylıq 1000 manat ödəmək şərti ilə xx.xx.2023-cü il tarixindən onlar lotoreyyaya başladılar. Altı nəfərin iştirak etdiyi bu lotoreyyada iki yer cavabdehin, dörd yer isə onlarınbiri iddiaçının olmaqla, qalan üç yer də iddiaçının gətirdiyi şəxslərə məxsus idi. Avqust ayında 1-ci nömrədə iki nəfərin yerinə 2000 manat ödəniş etdi. Sentyabr ayında 2-ci nömrə cavabdehin olduğundan o, 4000 manat pulu yığıb ona verdi. Dörd nəfərlik yerin ödənişini verdi, qalan iki nömrə cavabdehə məxsus idi. Pulu götürdükdən sonra isə bildirirdi ki, “mən bir üzrə yer oynayacam” əlavə olaraq bildirirdi ki, altı nömrə oynamır. Cavabdeh ona 4 ay hər ay 1000 manat olmaqla pulunu qaytarmalı idi. Lakin o cavabdehdən pulu hissə-hissə aldı. Bir ayın ödənişini çıxdı, 2000 manat qalan hissədə 1300 manat ödəniş etdi. Ödənişdən 700 manat bu günədək borclu qalmışdır. Qalan borcunu ödəyəcəyini bildirsə də, bu günədək borcunu ödəməmişdir. Cavabdeh ona 700 manat pu vəsaiti borclu qalmışdır. Bu günədək borcunu ödəməmiş və bunu ödəməkdən yayınmışdır. Onun əməllərinə hüquqi qiymət verilməsi üçün ilkin olaraq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət etdi. Burada o aiddiyatı üzrə sahə müvəkkilinə yönləndirildi və sahə müvəkkilin tələbi ilə cavabdeh və o sahə müvəkkilinin otağına dəvət edildi. Orada müvafiq dindirilmələr aparıldı və cavabdeh də təsdiq etdi ki, borcu vardır. Hal-hazırda ona bu işin mülki xarakter daşıdığı barədə məktub verildi və bildirildi ki, aiddiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Bu səbəbdən mövcud iddia ərizəsi ilə məhkəməy müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin 700 manat borcu qalmışdır və ödəməyə imkanı da vardır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli “LeoBank” vasitəsilə ödənilmiş qəbzdən görünür ki, İddiaçı Cavabdeh Bəhram qızının şəxsi hesabına 1000 manat pul vəsaiti göndərmişdir. xx.xx.2023-cü il tarixli “Mpay” vasitəsilə ödənilmiş qəbzdən görünür ki, İddiaçı Cavabdeh Bəhram qızının şəxsi hesabına 1000 manat pul vəsaiti göndərmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Cavabdeh Bəhram qızının şəxsi hesabına 1000 manat pul vəsaiti göndərmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Cavabdeh Bəhram qızının şəxsi hesabına 1000 manat pul vəsaiti göndərmişdir. xx.xx.2024-cü il tarixli, 3-13-53-4/2-A-1711 nömrəli Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin cavab məktubundan görünür ki, qeyd olunan xüsusatlar araşdırılmış və müəyyən olundu ki, göstərilən məsələ mülki xarakterlidir və bununla bağlı məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. “Whatsapp” mobil tətbiqində aparılmış danışıqların ekran görüntüsündən görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən “salam.3 oyun gedim 3300 vermişəm.700 da o biri oyuna qədər atacam.Yığıb bezdirməyin məni”, xx.xx.2023-cü il tarixdə “mənim sizə 700 borcum qalıb” mənzmunlu yazılar iddiaçının mobil nömrəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli Hökümət ödəniş portalı vasitəsilə ödənilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2023-cü ilin sentyabr ayında iddiaçı tərəfindən cavabdehin bank hesabına 4000 manat məbləğində pul köçürülmüşdür. İddiaçının deməsinə görə 2023-cü ilin avqust ayında onlar 6 nəfərdən ibarət qrup olmaqla lotoreya oynamaq qərarlarına gəlmiş və əldə edilmiş razılığa əsasən cavabdeh ikinci növbə olmaqla yığılan pul vəsaitini götürmüşdür. Lakin sonrakı növbənin pullarını verməməkdən yayınmışdır. Hazırda götürdüyü məbləğdən 700 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğdə pulu tələb etməkdə haqlıdır. Cavabdeh hüquqi əsas olmadan başqa şəxsin əmlakı hesabına əsassız olaraq varlanmışdır. Pulun iddiaçıya qaytarılmasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh məhkəmə bildirişini alsa da, verilmiş iddiaya münasibət bildirməmiş, etirazını təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Bəhram qızı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, əsassız olaraq əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bəhram qızından 700 (yeddi yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bəhram qızından 700 (yeddi yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar