Məhkəmə qərarları › İş №2(004)-3473/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3473/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3473/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddia tələbi ilk öncə cavabdeh tərəfindən daşınmaz əmlakın sökülməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, yeni şərtlərlə mənzillə təmin edilmə və pul tələbinə dair iddia qaldırmışdır. Məhkəmə hazırlıq mərhələsində araşdırmanın gedişatına uyğun olaraq iddiaçı tərəfindən sözügedən tələbin hüquqi əsası dəyişdirilmiş və müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması kimi irəli sürülmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının evi cavabdehlə bağlanmış müqaviləyə əsasən sökülərək yerində yeni binanın tikiləcəyi və həmin binada iddiaçıya mənzil veriləcəyi tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə Cavabdeh MTK tikiləcək binaların ünvanını, veriləcək konkret mənzil göstərilməmiş, binanın layihəsi və digər sənədlər müqaviləyə əlavə edilməmişdir. İddiaçı1 arvadı İddiaçı2 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi, ipoteka ilə yüklü edilmiş əmlakla bağlı Maraqlı şəxs ASC-nin razılığı alınmamışdır. Sökülmüş mənzil ipotekada olduğundan cavabdeg tərəfindən verilmiş kirayə pulunun əsas hissəsi ipoteka kreditinə ödənilmişdir. Cavabdeh MTK tərəfindən binanın nə vaxt tikiləcəyi, mənzilin nə vaxt təhvil veriləcəyi qeyri-müəyyəndir. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin yanında Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışına əsasən müəyyən edilir ki, Cavabdeh MTK-nın əvvəlki adı "xxxx" MMC olmuşdur. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı1 mülkiyyətində olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış müqavilənin 1.1-ci bəndində əsasən Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 103 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsü İcraçı "xxxx" MMC tərəfindən həyata keçirilməli, Sifarişçi İddiaçı1 mülkiyyətində olan 2 otaqlı, 11 saylı, 38.8 kv.m. mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil Sifarişçi İddiaçı1 təhvil veriləcəkdir. Müqavilənin 2.1.3-cü maddəsinə əsasən İcraçı yaşayış üçün yararsız olan mənzilini boşaldaraq müvəqqəti olaraq kirayə mənzilə köçmək üçün Sifarişçiyə birdəfəlik 150 manat məbləğində kompensasiya ödəyir və binanın tikintisi başa çatdırılaraq Sifarişçiyə təhvil verilənə kimi İcraçı hər ay 500 manat kirayə məqsədləri üçün kompensasiya ödəyir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə müqavilənin notarial qaydada bağlanılması məcburi hesab edilmir. Bu səbəbdən, müqavilə sadə yazılı formada bağlanmaqla forma şərtlərinə cavab verir. Sözügedən müqavilə daşınmaz əmlaka sərəncam verməklə (alqı-satqı, bağışlanma və s.) bağlı deyil, Sifarişçi və İcraçı arasında bağlanmış əmlakın söküntüsünün həyata keçirilməsi şərtləri və yeni tikiləcək binada mənzillə təmin edilmə ilə bağlı olmuşdur. Müqavilənin məzmunu ilə bağlı məhkəmə qeyd edir ki, məzmun tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipləri rəhbər tutulmaqla qarşılıqlı razılıq əsasında tərtib edilir. Mübahisə predmeti olan müqavilənin formal tələblərinə əməl olunur, məzmunu aydın və anlaşılandır. Müqavilə şərtlərin detallı, təfsilatı formada müəyyən edilməməsi onun etibarsızlığına dəlalət etmir. Etibarsızlığın iradə qüsurluluğu ilə bağlı məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə sözügedən müqavilənin bağlanmasına münasibətdə iddiaçının iradəsi zədələnməmiş, iddiaçı sərbəst şəkildə iradəsini ifadə etməklə müqavilə münasibətlərinə daxil olmuşdur. Qeyd edildiyi kimi müqavilənin şərtlərinin detallı olmaması iradə qüsuruna səbəb olmur. Nəzərə almaq lazımdır ki, iddiaçı mülkiyyətçi qismində iradə ifadəsini daha ətraflı formada ortaya qoyaraq müqavilə şərtlərinin daha təfsilatlı müəyyənləşdirilməsinə nail ola bilərdi. Həmin xüsusatlarla bağlı razılıq əldə edilmədikdə isə mülkiyyətçinin toxunulmaz mülkiyyət hüquqları qanunla müəyyən edilmiş qaydada dövlət tərəfindən müdafiə ediləcəkdi. Subyekt tərkibi ilə bağlı məhkəmə qeyd edir ki, müqaviləni bağlayan şəxslər fiziki və hüquq şəxs olmaqla tam fəaliyyət qabiliyyətli subyektlər olmuşlar. Sifarişçi qismində mənzilin mülkiyyətçisi məhz İddiaçı1 çıxış etmişdir. Deməli, subyekt tərkibi nöqteyinəzərdən də müqavilənin etibarsız hesab olunmasına əsaslar yoxdur. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində müqavilə azadlığı və mülki hüquq münasibətlərinin subyektlərinin iradə sərbəstliyi prinsipləri müəyyən edilmişdir. Prinsip “rəhbər, başlanğıc müddəa” mənasını verir. Hüquq sahəsinin prinsipilərinə zidd olan hüquq normaları etibarsızdır, hüquqi əhəmiyyət kəsb etmir. Məhz qeyd olunan prinsiplər rəhbər tutulmaqla yeni müqavilə bağlanması öhdəliyinin mülki hüquq münasibətlərinin subyekti qismində Cavabdeh MTK-nın üzərinə qoyulması yolverilməzdir, iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edir. Məhkəmə izah edir ki, müqavilə şərtləri qanunla nəzərdə tutulmuş qaydalar çərçivəsində tərəflərin sərbəst iradəsi əsasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə iddiaçılara izah edir ki, müqavilə öhdəliklərinin cavabdeh tərəfindən icra olunmaması və ya lazımi qaydada icra olunmaması halları mövcuddursa, öhdəliklərin icra edilməməsi əsası ilə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilə bilər. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar