Məhkəmə qərarları › İş №2(004)-3502/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3502/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3502/2024 09.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul, mobil telefon və planşetin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul, mobil telefon və planşetin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı oğlu X1 iddiaçının qardaşı oğlu Cavabdeh ilə iş (biznes) qurmaq adı ilə ona ümumilikdə 12500 manat pulu xx.xx.2023-cü il tarixdə vermişdir. Lakin, cavabdeh razılaşma üzrə malın (taxta materiallar) gətirilməsini təşkil etməmiş və öhdəliklərinə əməl etməmişdir. Sözügedən pul vəsaiti iddiaçıya məxsus olmuşdur. Həmçinin, İddiaçı cavabdehin xahişi ilə xx.xx.2023-cü il tarixdə nisyə alqı-satqı müqavilə əsasında öz adına lakin, cavabdeh üçün "xxxx" MMCdən ümumi dəyəri 3392 manat olan Samsung S-918 markalı mobil telefon və T 225 3/32 GB Gray markalı planşet almışdır. Öz aralarında olan razılaşmaya əsasən sözügedən əşyalar üzrə aylıq ödənişlər cavabdeh X1 tərəfindən həyata keçirilməli olsa da, cavabdeh son bir neçə ay üzrə ödənişləri etmir. Odur ki, həmin əşyaların iddiaçıya geri qaytarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiyini, tələbi müvafiq pul vəsaitinin tutulması hissəsində qəbul etmədiyini, lakin, mübahisə predmeti olan mobil telefon və planşetə münasibətdə iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatların doğru olduğunu bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə iddia tələbinin ilk hissəsi ilə bağlı bildirir ki, 12500 manat pul vəsaitinin geri qaytarılmasına münasibətdə iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, iddiaçı özü bildirir ki, sözügedən pul vəsaiti üzrə mübahisənin yaranmasının əsası qismində iddiaçının oğlu ilə cavabdeh arasındakı müvafiq razılaşmaya əməl edilməməsi çıxış edir. Baxmayaraq ki, iddiaçı həmin pul vəsaitinin özünə məxsus olmasını iddia edir, məhkəmə hüquq münasibətlərini və hüquq münasibətlərinin subyektlərini ayırmaqla mübahisəni həll edir. Yəni, burada iddiaçı ilə oğlu arasında həmin pul vəsaitinə münasibətdə yaranmış hüquq münasibəti ilə (bağışlama, borc və s.), iddiaçının oğlu ilə cavabdeh arasında yaranmış hüquq münasibətləri (tapşırıq və s.) münasibətləri fərqlidir. Deməli, sözügedən hüquq münasibəti üzrə öhdəliyin tərəfləri iddiaçının oğlu və cavabdehdir. Nəticədə, həmin pul vəsaitinin geri qaytarılması barədə iddia qaldırmaq hüququ iddiaçıya məxsus deyildir. Odur ki, iddia tələbi sözügedən hissədə əsassızdır və təmin edilməməlidir. Mülki işin mübahisəsiz hallarına əsasən (cavabdehin izahatı) “İddiaçı cavabdehin xahişi ilə xx.xx.2023-cü il tarixdə nisyə alqı-satqı müqavilə əsasında öz adına lakin, cavabdeh üçün "xxxx" MMC-dən ümumi dəyəri 3392 manat olan Samsung S-918 markalı mobil telefon və T 225 3/32 GB Gray markalı planşet alması, öz aralarında olan razılaşmaya əsasən sözügedən əşyalar üzrə aylıq ödənişlərin cavabdeh X1 tərəfindən həyata keçirilməli olsa da, cavabdehin son bir neçə ay üzrə ödənişləri etməməsi” müəyyən edilir. Burada da, İddiaçı ilə Satıcı "xxxx" MMC arasında yaranmış nisyə alqı-satqı müqaviləsi üzrə münasibətlərlə İddiaçı ilə Cavabdeh arasında yaranmış öhdəlik münasibətləri (şifahi müqavilə) fərqləndirilməlidir. Nəticədə, cavabdeh özü qəbul edir ki, o, aralarında yaranmış mübahisə nəticəsində son 3 ay üzrə ödənişləri həyata keçirtməmişdir. Yəni, cavabdeh iddiaçı ilə əldə etdiyi razılaşma üzrə öhdəlik münasibətlərinə əməl etməmişdir. Bu səbəbdən, iddiaçının iddia tələbi sözügedən hissədə əsaslıdır. Məhkəmə nəzərə alır ki, həmin əşyalar iddiaçı tərəfindən cavabdehə bağışlanmamış, məhz şərtli qaydada (aylıq ödənişləri ödəməklə) ona təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumi dəyəri 3392 manat olan Samsung S-918 markalı mobil telefon və T 225 3/32 GB Gray markalı planşet alınaraq İddiaçı qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul, mobil telefon və planşetin geri qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh ümumi dəyəri 3392 manat olan Samsung S-918 markalı mobil telefon, T 225 3/32 GB Gray markalı planşet və ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar