Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3546/2025 28.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3370 manat və ödənilmiş 55 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tələb üzrə 1070 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi əsası ilə tələbi 1070 manat hissədə azaltmışdır. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2024-cü ilin iyun ayında Cavabdeh elıektron qurğularının hazırlanmasında xəttlərin çəkilməsi və birgə gəlir əldə edilməsi ilə bağlı İddiaçı 3870 manat pul almışdır. Cavabdeh bildirmişdir ki, əldə ediləcək qazancdan iddiaçıya da pul verəcəkdir. Həmin puldan 500 manat hissəsini iddiaçıya qaytarsa da, qalıq məbləği geri qaytarmamışdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə 1070 manat pulu iddiaçıya ödəmişdir. İş materiallarında olan Binəqədi RPİ tərəfindən təqdim edilmiş təhqiqat materiallarına əsasən müəyyən edilir ki, İddiaçı şikayət ərizəsi əsasında aparılan araşdırma çərçivəsində izahatı alınmış Cavabdeh İddiaçı 3870 manat pul almış, onun 500 manat hissəsini geri qaytarmış, qalıq 3370 manat hissəsini isə 30 aprel 2025-ci il tarixdə qaytaracaqdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında müqavilənin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385, 390.1, 390.5-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:
1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.
2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Məhkəmə qeyd edir ki, tərəflər ortaqlıq şəklində (adi ortaqlıq) sahibkarlıq fəaliyyəti ilə məşğul olması prezumpsiyası əsas götürülməklə, predmet nöqteyinəzərdən tərəflər arasındakı münasibətin sahibkarlıq münasibətinə bənzər halı görünsə də, subyekt tərkibi baxımından kommersiya münasibətinin olması imperativ tələbi (sahibkarlıq subyekti qismində (hüquqi və ya fiziki şəxs kimi) dövlət qeydiyyatına alınması) yerinə yetirilmir. Həmçinin, sahibkarlıq münasibətlərinin əsas xarakterik xüsusiyyəti olan “davamlılıq” şərti ödənilmir. Yəni, sahibkarlıq fəaliyyəti birdəfəlik deyil, davamlı xarakter daşımalıdır. Bu səbəbdən, mübahisə kommersiya deyil, mülki hüquq mübahisəsidir. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındaki münasibətlər borc münasibətləri hesab edilməməlidir. Belə ki, hüquq münasibətinin mahiyyəti əsasən iddiaçı tərəfindən sərmayə qoyulması, cavabdeh tərəfindən isə işlərin görülməsi ilə birgə şəkildə gəlir əldə etməklə bağlı olmuşdur. Bu səbəbdən, hüquq münasibəti mahiyyəti üzrə borc münasibəti kimi qiymətləndirilmir. Bundan əlavə, MM-in 740.2-ci maddəsinin dispozitiv şərtləri nöqteyi-nəzərdən müqavilənin yazılı formada bağlanmaması həmin müqavilənin forma şərti baxımından etibarsızlığına əsas ola bilməz. Çünki, həmin şərt etibarlılıq şərti kimi deyil, sübutetmə vasitəsi kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, 2024-cü ilin iyun ayında Cavabdeh elektron qurğularının hazırlanmasında xəttlərin çəkilməsi və birgə gəlir əldə edilməsi və əldə ediləcək gəlirin bölüşdürülməsi ilə bağlı İddiaçı 3870 manat pul almışdır. Cavabdeh tərəfindən öhdəlik şərtləri pozulmuşdur. Həmin puldan cavabdeh 1570 (500 manat + məhkəmə icraatı zamanı 1070 manat) manat hissəsini iddiaçıya qaytarsa da, qalıq 2300 manat məbləği geri qaytarmamışdır. Bu xüsusat Binəqədi RPİ tərəfindən təqdim edilmiş təhqiqat materiallarında da cavabdehin izahatına əsasən öz təsdiqini tapmışdır. Göstərilən xüsusatlar cavabdeh tərəfindən tam qəbul edilir. Məhkəmə tələb iddia həddində baxır. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüsü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdeh tərəfindən iddia tələbinin qəbul edilməsi xüsusatı nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu məhkəmə xərci kimi cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2300 (iki min üç yüz) manat və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh oğlundan 2300 (iki min üç yüz) manat və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə