Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3553/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsinin, xx xxxxxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, 009R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2248,87 manat əsas, 409,49 manat faiz, 377,36 manat cərimə, ümumilikdə 3035,72 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxx 2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx xxxxxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxxxxx 2015-ci il tarixli 009R**********S saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SA saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SB saylı, xx xxxx 2017-ci il tarixli 009R**********SC saylı, xx xxxxxx 2018-ci il tarixli 009R**********SD saylı, xx xxx 2019-cu il tarixli 009R**********SF saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit razılaşması üzrə götürülmüş kreditin son qaytarılma müddəti xx xxxxx 2021-ci il tarixi müəyyən edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxxxx 2019-cu il tarixdən banka qaytarmamışdır. Eyni zamanda kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, bankdan kredit götürdüyü zaman mütəmadi iş yeri olmuş, hətta özünün şəxsi mağazası varmış. Lakin müəyyən bir vaxt sonra ABŞ dollarının Azərbaycan manatına olan kursu qalxdıqdan sonra, o dükanını bağlamaq məcburiyyətində qalmış, bu səbəbdən də maddi vəziyyəti pisləşmişdir. Daha sonra, o, gözündən əməliyyat olunmuş və həmin əməliyyatdan sonra onun əmək funskiyalarını yerinə yetirmək üçün fəaliyyət qabiliyyəti müəyyən dərəcədə məhdudlaşmışdır. Hazırkı günədək, o, banka 5000 manata yaxın faiz ödənişi etmişdir. O, dəfələrlə banka ona borcun ödənilməsinə dair vaxt verilməsi üçün müraciət etmiş, lakin bank ona qarşı heç bir güzəştə getməmişdir. Hazırda isə kredit üzrə əsas və faiz borc hissəsi ilə razıdır, lakin cərimə borcunun şişirdilmiş məbləğdə hesablandığını bildirmişdir. Göstərilənlərə əsasən kredit üzrə borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddia ona qarşı əsas və faiz borcu hissəsində təmin olunaraq 2248,87 manat əsas, 409,49 manat faiz borcu ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə 377,36 manat məbləğində cərimə borcunun tutulması ilə əlaqədar tələb üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, Cavabdeh1 tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, həmçinin cavabdehin maddi vəziyyətini, eyni zamanda kreditorun əmlak mənafelərini, habelə tərəflərin digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 38 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia xx xxx 2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsinin, xx xxxxxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, iddia zaminlərə qarşı rədd edilməlidir. Belə ki, zaminlik müqavilələrindən görünür ki, zaminlər yalnız kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəlikləri üzrə məsuliyyəti üzərlərinə götürmüşlər. Kredit xətti müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşması və həmin razılaşmaya əlavə sazişlər üzrə zaminlərin razılığı alınmamış, onlarla bu barədə müqavilələr bağlanmamışdır. Bundan əlavə zaminlik müqavilələrində faiz dərəcəsi barəsində zaminlərin razılığı alınmadığından zaminlər borclu ilə kreditor İddiaçı QSC qarşısında məsuliyyət daşıya bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,70 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2013-cü il tarixli 03L000009255 saylı kredit xətti müqaviləsi, xx xxxxxx 2015-ci il tarixli 009R********** saylı kredit razılaşması və ona əlavə edilmiş xx xxxxxxx 2015-ci il tarixli 009R**********S saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SA saylı, xx xxxxxx 2016-cı il tarixli 009R**********SB saylı, xx xxxx 2017-ci il tarixli 009R**********SC saylı, xx xxxxxx 2018-ci il tarixli 009R**********SD saylı, xx xxx 2019-cu il tarixli 009R**********SF saylı sazişlər ləğv edilsin. Cavabdeh1 2248,87 manat məbləğində əsas borc, 409,49 manat faiz borcu, 38 manat cərimə borcu, ümumilikdə 2696,36 (iki min altı yüz doxsan altı manat otuz altı qəpik) manat borc və 26,70 (iyirmi altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3553/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3553/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver