Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3570/2021 04.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “su axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “su axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 80 saylı evin 13 saylı mənzilinin sahibi Cavabdeh tərəfindən iddiaçının mənzilinə vurulmuş maddi ziyanın əvəzi olaraq 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda olan 10 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi RX ******* saylı Çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Eyni zamanda mənzil tam təmirlidir. Lakin 2020-ci ilin yanvar ayından başlayaraq onun qonşusu olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 80 mənzil 13-ün sahiblərinin səhlənkarlığı nəticəsində su axaraq onun mənzilini bərbad hala salmışdır. Cavabdehin bu səhlənkarlığı nəticəsində onun mənzilinin böyük bir hissəsi, yəni dəhlizin tavanına, dəhlizin divarları və divar kağızları və hamamxananın divar və tavan hissəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Dəfələrlə cavabdehə bu barədə müraciət etməyinə baxmayaraq əhəmiyyət verməmiş və onun mənzilinə ziyan vurmaqda davam etmişdir. Cavabdehin bu səhlənkarlığı ucbatından onun mənzilinə 6000 (altı min) manat məbləğində ziyan dəymişdir. Beləliklə cavabdeh dəymiş ziyanın ödənilməsi üçün məsuliyyət daşıyır və bu ödəməni könüllü şəkildə icra etməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etməyə məcbur qalıb. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, ekspert rəyi ilə qismən razı olduğunu bildirərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, ekspert rəyi ilə razı olmadığını, təmir-bərpa işlərinə çəkilən xərcin ekspert rəyində yüksək yazıldığını, özünün təqaüdçü olduğunu və həmin məbləği birdəfəlik ödəyə bilməyəcəyini bildirmiş, məhkəmədən bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan ******* saylı, 15 iyun 2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 80 nömrəli evin 10 nömrəli mənzili İddiaçı adınadır. İşdə olan Yasamal rayon 22 saylı MİKS-nin mühəndisi P.Sadatov, sahə nəzarətçisi O.Abdullayeva, çilingəri Z.Məmmədyarov tərəfindən yazılmış 19 fevral 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 80 nömrəli evin 13 nömrəli mənzildən 10 nömrəli mənzilinə su axması nəticəsində m10 nömrəli mənzilin dəhliz və hamamxanasının divar və tavanına ziyan dəymişdir. İşdə olan Yasamal rayon 22 saylı MİKS-nin mühəndisi P.Sadatov, sahə nəzarətçisi O.Abdullayeva, çilingəri Z.Məmmədyarov tərəfindən yazılmış 19 fevral 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 80 nömrəli evin 13 nömrəli mənzildən 10 nömrəli mənzilinə su axması nəticəsində m10 nömrəli mənzilin dəhliz və hamamxanasının divar və tavanına ziyan dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(004)-3570/2021 nömrəli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2988 nömrəli, 10 sentyabr 2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilə baxış keçirilən zaman mənzilin su və kanalizasiya xətlərinin gizli olduğu və aşkarda olan hissəsinin qüusrlarının olmadığı müşahidə olunmuşdur. Lakin 10 saylı mənzildə müşahidə olunan su sızma izlərini və mülki iş materiallarında olan 22 saylı MİKS mühəndisi P.Sadatov, sahə nəzarətçisi O.Abdullayeva, çilingəri Z.Məmmədyarovun tərtib etdikləri 19.02.2020-ci il tarixli aktı nəzərə alaraq ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilə 13 saylı mənzildən su sızdığı müəyyən olunur. ünvan 2 ünvanında yerləşən 13 saylı mənzilə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1075 manat məbləgində olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus mənzilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 80 nömrəli evin 13 nömrəli mənzilindən susızma baş verməsi müəyyən edilmişdir. Ona görə də maddi zərər hissəsində iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2988 nömrəli, 10 sentyabr 2021-ci il tarixli rəyi əsas götürülməklə 1075 manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, mənzilə vurulmuş maddi zərərin əvəzi kimi 1075 manat Cavabdeh tutulub iddiaçıya ödənilməli, 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, məhkəmə xərclərindən ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməli, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi 1075 (bir min yetmiş beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza xərcinə görə 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3570/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3570/2021
04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver