Məhkəmə qərarları › İş №2(004)-358/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-358/2022

10.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-358/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Əhədov Fərı̇ d Balağa oğlunun cavabdeh "xxxx" MMC-yə q̇arşı “maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əhədov Fərı̇ d Balağa oğlu cavabdeh "xxxx" MMC-yə q̇arşı “maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.07.2018-ci il tarixli müqaviləyə əsasən götürdüyü “Samsung Galaxy A6” telefonunun saz vəziyyətdə və ya onun dəyəri kimi ödədiyi 1155 manatın cavabdehdən alınıb ona qaytarılması, cavabdehin hərəkətləri nəticəsində öz telefonundan istifadə hüququ pozulduğuna görə 1500 manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış 06.07.2018-ci il tarixli müqaviləyə əsasən MMC-dən “Samsung Galaxy A6” telefonunu kreditə götürmüşdür. Yanğınsöndürən işləyir və "xxxx" MMC-dən qızıl zəmanətlə 905 manata götürdüyü mobil telefon yanğın hadisəsi baş verdiyi vaxt, xidmət zamanı cibindən düşərək ekranı sınmışdır. Telefon qızıl zəmanətlə götürüldüyünə görə MMC-nin servis xidmətinə gedərək ustadan telefonu təmir etməsini xahiş etmiş, lakin telefonun təmirinə görə əlavə 150 manat pul tələb edilmişdir. Telefonu zəmanətlə götürdüyünü və zamənət müddətinin bitmədiyini izah etsə də, əməkdaş razılaşmamış və telefonu təmir edilməsi üçün servisdə qoyaraq evə qayıtmışdır. Cavabdeh müqavilənin şərtlərinə riayət etməmiş, zəmanət müddətində telefonu təmir etmək əvəzinə, əsassız olaraq ona qarşı məhkəmədə iddia qaldırmışdır. Yardımlı Rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(038)-190/2019 saylı qətnaməsi ilə ondan 900 manat əsas borc, 225 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1155 manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə Apellyasiya şikayəti versə də, şikayəti təmin edilməmişdir. Lakin telefonu həmin vaxtdan ABC Telekomun servis xidmətində qalmış və pulunu ödədiyi telefondan istifadə hüququ məhdudlaşdırılmışdır. Telefonun pulunu tam ödəməklə öz üzərinə düşən öhdəliyi tam icra etsə də, cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmiş və telefonunu servis xidmətində saxlamaqla, həm telefondan istifadə hüququnu həmdə, müqavilədə qeyd edilən şərtləri pozmuşdur. Dəfələrlə cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır.Bundan sonra məcbur olub özünə telefon almış və maddi zərər görmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Yardımlı Rayon Məhkəməsinin 20.06.2019-cu il tarixli 2(038)-190/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Əhədov Fərı̇ d Balağa oğluna qarşı “pul tələbinə dair” iddiası təmin edilmiş, cavabdehdən 06.07.2018-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A6” markalı mobil telefon üçün 900 manat əsas borc, 225 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1155 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda iddiaçı Əhədov Fərı̇ d Balağa oğlu 06.07.2018-ci il tarixli müqaviləyə əsasən götürdüyü “Samsung Galaxy A6” telefonunun saz vəziyyətdə və ya onun dəyəri kimi ödədiyi 1155 manatın cavabdehdən alınıb ona qaytarılması, cavabdehin hərəkətləri nəticəsində öz telefonundan istifadə hüququ pozulduğuna görə 1500 manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə təmin olunan iddianın mübahsiləndirilməsini məqbul saymır. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əhədov Fərı̇ d Balağa oğlunun cavabdeh "xxxx" MMC-yə q̇arşı “maddi ziyanın ödənilməsi tələbinə dair" barədə iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyi üçün ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar