Məhkəmə qərarları › İş №2(004)-3585/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3585/2021

07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3585/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə 07.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 19.06.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən Yasamal rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(004)-9391/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, iddiaçı cavabdehlə 11.06.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 19.06.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə nikahı Yasamal Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(004)- 9391/2015 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan 19.06.2014-cü il təvəllüdlü X3 ananın yanında qalması və 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Məhkəmə qətnaməsilə müəyyən olunmuş aliment uşağın heç bir tələbatını ödəmir. Hal-hazırda uşaq böyüdükcə onun tələbatı da artmaqda davam edir, daha çox vəsait tələb olunur. Cavabdehin maddi imkanı yaxşıdır. Eyni zamanda bir ata kimi övladının tələbatlarını ödəmək onun vəzifəsidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, hazırda işləmir, pandemiya vəziyyəti ilə əlaqədar işdən çıxarılmışdır. O da uşağının tələbatlarını ödəmək istəyir, lakin bunu edə bilmir. Hazırda 108 manat məbləğində aliment ödəyir. Gücü bu məbləği ödəməyə çatır. Lakin imkanı olsa əlavə də pul verər. Əlavə olaraq bildirir ki, indi ev kirayəsini ödəməyə imkanı olmadığına görə rayonda, valideyninin yanında qalmaq məcburiyyətində qalmışdır. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(004)-9391/2015 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsində 11.06.2013-cü il tarixdə, 655 saylı akt qeydi ilə bağlanmış nika pozulmuş, birgə nikahdan olan 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında qalması müəyyən edilmiş, 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət etmişdir. İş materiallarında olan AR Səyiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-tədqiqat pediatriya İnstitu tərəfindən verilmiş 4 nömrəli, 18.05.2021-ci il tarixli arayışa əsasən İddiaçı klinikada konsultativ poliklinika şöbəsində tibb bacısı vəzifəsində çalışır və aylıq əmək haqqı 319 manat təşkil edir. Məhkəmə uşağın mənafeyini və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 28.09.2015-ci il tarixli, 2(004)-9391/2015 saylı qətnaməsi ilə 19.06.2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 19.06.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar