Məhkəmə qərarları › İş №2(004)-36/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-36/2023

06.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-36/2023 06.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6046 manat məbləğində vurulmuş zərərin, 2000 manat məbləğində əldən çıxmış faydanın, həmçinin Mərkəzi Bankın uçot faiz dərəcəsi (6,5%) nəzərə alınmaqla hesablanmış 500 manat məbləğində faiz məbləğinin və ödənilmiş 105,46 manat dövlət rüsumunun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 593-cü məhəllə, ev 72, 5-ci korpusun, 27 saylı mənzilindən icarə obyektinə su axıdılaraq iddiaçıya zərər vurulmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 190/E saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, icarə obyektinə 4546,50, icarə obyektində İddiaçı MMC tərəfindən satış üçün yerləşdirilmiş mebellərə isə 1500 manat məbləğində zərər dəymişdir. Bundan əlavə iddiaçı cavabdeh tərəfindən vurulmuş zərərin aradan qaldırılması müddətində (müvafiq təmir-bərpa işlərinin görülməsi) sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş və o, ən azı 2000 manat məbləğində qazancından məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, orada heç bir ziyan yoxdur. Maksimum 500 manat məbləğində ziyan ola bilər. Onların məqsədləri şantajla pul almaqdır. Turba şaxtanın içindən partlayıb turbanın üstündən içəri bir də aşağı vurub. Onun özünə də ziyan dəyib. Onlarda kafel idi. Üç yerdən deşilib və oradan su təmizlənib. Ekspertizanın keçirilməsindən xəbəri olmayıb. Çünki heç kim gəlməyib və ona məlumat verilməyib. Ekspert rəyi ilə razı deyil. Onun iştirakı olmadan ekspert dəymiş ziyanla bağlı 4696 manat məbləğində rəy vermişdir. İddiaçı yeni təmir etmişdi. Heç onlar mebeli salmamışdılar. Mebel kənarda qutunun içində olmuş, heç açılmamışdı. Mebellər islanmamışdı. Əgər orada hansısa ziyan olsaydı ödəyərdi. Orada 100-200 manat məbləğində zərər dəyə bilərdi. O da 500 manat pul təklif etmişdir. Lakin, onlar 7000-8000 manat zərərdən danışmışlar. Bu da haqsızlıqdır. Orada da onun şahidləri olmuşdur. Orada hər kəs görmüşdür ki, oraya heç bir ziyan dəyməyib. İddianı 1000 manat miqdarında qəbul edir. Məhkəmə iclasında iştirak edən ekspert X5 izahatında bildirmişdir ki, o baxış aparan vaxt iddiaçının qeyri-yaşayış sahəsində hər hansı qüsur görməmişdir. Ona bildirmişlər ki, təmir olunub. Cavabdehin mənzilinə qalxmışlar. Cavabdeh bildirmişdir ki, divardaxili boru xətləri var, onlar da gizli şəkildə olduğuna görə o, səbəbi və ziyanın dəyib-dəyməməsini müəyyən edə bilmir. O iddiaçının qeyri-yaşayış sahəsinə baxış keçirən zaman qüsur aşkarlamamışdır. Onun sahəsinə aid olmadığı üçün o həmin qeyri-yaşayış sahəsində zədə almış mebelin olub-olmamasına baxmayıb. Maraqlandıqda ona bildirmişlər ki, ilkin ekspertiza aparılan zaman qüsur mövcud olub. xx.xx.2020-ci ildə akt tərtib olunub. O, qüsuru özü görməmişdir, ona görə də yeni smeta tərtib etməmişdir. Rəydə qeyd etdiyi məbləği ilkin ekspert rəyinə əsasən qeyd edib. O, ziyanın səbəbini və nə qədər ziyan dəydiyini müəyyən edə bilmir. Rəydə qeyd etdiyi 4696 manat məbləği o özü müəyyən etməyib. O, məbləğ müəyyənləşdirmək üçün qüsuru görməli idi, ona uyğun da smeta çıxartmalı idi. Lakin qüsuru görməmişdir. Rəyin giriş hissəsində səbəbi və ziyanın miqdarını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. 20 ildən çoxdur ki, bu sahədə ekspert işləyir. 80 m2 sahəsi olan mənzildən suyun axması nəticəsində iddiaçının sahəsi 280 m2 divar, sahəsi 186 m2 olan asma tavanının zədələnməsi o halda mümkün ola bilər ki, cavabdehin evi tamamilə suyun içində olsun. Təmir aparılan zaman hissəvi təmir aparılmır. Otağın bir divarına ziyan dəyirsə, bütün divarlar rənglənir. Çünki hissəvi təmir seçilir. Otaq 100 m2-dırsa, onun 20 m2-nə ziyan dəysə belə, bütün otaq təmir olunur. Tikinti texnologiyasının qaydası budur. Şəkillərə əsasən tavanın müəyyən hissəsi zədələnib. İddiaçının qeyri-yaşayış sahəsində gözəçarpan təmir izləri yox idi. 4696 manat məbləği də ilkin ekspert rəyinə əsasən qeyd edib, özü heç nə hesablamayıb. Cavabdehin evində döşəmədə qaraltı var idi. 186 m2 sahədə bütöv şəkildə ləkə olması üçün gərək bütün ev suyun altında olsun. Sırf dəyən ziyan baxımından yanaşanda iddiaçıya həmin məbləğdə ziyanın dəyməsi mümkün deyil. Lakin bütün divarların təmir olunması aspektindən yanaşanda mümkün ola bilər. Ümumi nəzəri əsaslar nəticəsində susızmaların metodikası müəyyən edilib. O, da həmin metodikaya əsaslanıb. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil mülki iş üzrə iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdeh olan şəxs İddiaçı MMC-nin fəaliyyət göstərdiyi icarə obyektinin bir üst mərtəbəsində yaşayır. Cavabdehə məxsus mənzildən axan su nəticəsində icarə obyektinə zərər vurulmuş, eyni zamanda icarə obyektində mövcud olan İddiaçı MMC-yə məxsus mebellər ziyan görmüşdür. Onlar tərəfindən bu barədə cavabdehə dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş, lakin hər birində onlara ödəniş etmək iqtidarında olmadığını, ödəniş etməyəcəyini bildirmişdir. Odur ki, iddiaçı tərəf yeganə çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüşdür. Cavabdehə məxsus mənzilin sahəsi 86 kv metr, onların icarə obyektinin sahəsi 280 kv metr, divarı 186 kv metr sahə olsa da, cavabdehin mənzilindən su axıntısı olduğu üçün əmlakına ziyan dəymişdir. Bundan əlavə icarə obyektində satışa təqdim olunan mebellər də olmuş, onlara da ziyan dəymişdir. İddiaçı tərəfindən bu hadisədən sonra "xxxx" MMCyə müraciət olunmuş, fotoşəkillər çəkilmişdir. Sözügedən icarə obyektinə su sızma faktı nəticəsində ciddi zərər dəymişdir. İcarə obyektindəki əşyaları İddiaçı MMC özü, həm də digər mebel sexlərindən təmin etmişdir. "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyində tədqiq olunub, əşyalara zərər dəyməsi nəticəsində onlar satış edə bilmirlər. Ziyan nəticəsində həmin yer təmir olunub. Təmirin xərci ilə bağlı onlarda heç bir rəsmi sübut yoxdur. Ekspert rəyindən də göründüyü kimi və ondan əvvəl təqdim etdikləri qiymətləndirmə rəyinə əsasən də müəyyən olunur ki, dəyən zərərin məbləği 500 manat deyil, hətta 5000 manat təşkil edir. Bundan əlavə olaraq ekspertiza rəyində təəssüflər olsun ki, mebel əşyalarına dəymiş zərər qeyd edilməyib, halbuki satış üçün təqdim olunmuş mebel əşyaları da vardı ki, həmin o əşyalara da zərər dəymişdir və orada ekspertizaya göndərilən tikinti təmir ekspertizasına göndərilib. İddiaçı tərəf mebellərin satışı və təmiri fəaliyyəti ilə özü məşğul olduğu üçün məhz bu baxımdan da təmir xidmətini özü həyata keçirdir və mebelləri yenidən satışa təqdim edir. Mebellər artıq satılıb. Təmirə xərclənən məbləğlə bağlı suallar yaranmasın deyə qiymətləndirmənin rəyini təqdim ediblər. Mebellərin neçəyə və hansı qiymətə satılması və məhz hansı əşyaya nə qədər ziyanın dəyməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasda iştirak edən proses iştirakçılarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 avqust 2020-ci il tarixli İM-03/20 nömrəli icarə müqaviləsinə əsasən müəyyən olunur ki, X6 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yeləşən ümumi 500 m2 qeyri-yaşayış İddiaçı MMC-nin ticarət fəaliyyətini həyata keçirmək məqsədi ilə 5 il müddətinə İddiaçı MMC-yə verilir, İddiaçı MMC isə həmin sahəni icarəyə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində notarial qaydada təsdiq olunmuş icarə müqaviləsinə əsasən müəyyən olunur ki, X6 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yeləşən ümumi 500 m2 qeyri-yaşayış İddiaçı MMC-nin ticarət fəaliyyətini həyata keçirmək məqsədi ilə 5 il müddətinə İddiaçı MMC-yə verilir, İddiaçı MMC isə X4 aylıq 1800 manat icarə haqqı ödəyir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5, yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A ünvanında ümumi sahəsi 3983 m2 olan qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 029866 nömrəli Orderdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən 27 saylı mənzil Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan akta əsasən müəyyən olunur ki H.B.Zərdabi 593-cü məhəllə 72, 5-ci korpusun 1-ci mərtəbəsində yerləşən İddiaçı MMC-yə məxsus mağazanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yəni, 13 gün təmir işləri ilə əlaqədar 2000 manat məbləğində pul vəsaiti əldə edə bilərdilər, hansı ki, bunun nəticəsində əldə edə bilməmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən müəyyən olunur ki, İddiaçı MMC-nin xidmət göstərdiyi binaların (H.B.Zərdabi 593-cü məhəllə 72) V korpusunun 1-ci mərtəbəsində yerləşən İddiaçı mebel evini xx.xx.2020-ci il tarixində su basmışdır. Araşdırma nəticəsində müəyyən olunub ki, problem həmin korpusun 27-ci mənzilinin mətbəxində arko kranın partlaması nəticəsində baş vermişdir. Mebel evinin təxminən 180 m2-i tamamilə su içərisində olub. Bəzi mebellərə tamamilə ziyan dəymiş, bəziləri ilə qismən yararsız hala düşmüşdür. Döşəmənin dikt vurulmuş hissəsi tam yararsız hala düşüb. Tavanın alçıpanı bəzi yerlərdə xarab olub. Divarın boyası yararsız hala düşüb. İş materiallarında olan 08 sentyabr 2020-ci il tarixli 190/E nömrəli "xxxx" MMC-nin qiymətləndirmə aktına əsasən Bakı şəhəri, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, bina 72, 1-ci mərtəbə, 5-ci korpusda yerləşən qeyri-yaşayış sahəsinə dəymiş ziyan 4546,5 manat, mebellərə dəymiş ziyan 1500 manat dəyərləndirilmişdir. İş materiallarında olan 26 oktyabr 2020-ci il tarixli Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X6 tərəfindən imzalanmış ərizədən görünür ki, 27 avqust 2020-ci il tarixdə əmlakına Cavabdeh tərəfindən vurulmuş 4546 manat məbləğində zərər İddiaçı MMC tərəfindən aradan qaldırılmışdır. Zərərin ödənilməsi barədə tələb hüququnun İddiaçı MMC-yə güzəşt edilməsinə etiraz etmir. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli dəymiş zərərin ödənilməsinə dair bildirişə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-yə onun tərəfindən 6046 manat məbləğində vurulmuş zərərin, 2000 manat məbləğində əldə çıxmış faydanın, həmçinin Mərkəzi Bankın uçot faiz dərəcəsi (6,5%) nəzərə alınmaqla hesablanılmış 500 manat məbləğində faiz məbləğinin 3 gün müddətində İddiaçı MMC-yə ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/249 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, 1. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiqat obyektlərinin yerləşmə planını, yəni iddiaçının istifadəsində olan obyektin (qeyri-yaşayış sahəsinin) binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus mənzilin isə binanın 2-ci mərtəbəsində, həmin obyektin üstündə yerləşdiyini, İddiaçı MMC-nin istifadəsində olan obyektin konstruktiv elementləri üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızma nəticəsində yaranmasına xarakterik olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu. Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5, (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60A) ünvanında yerləşən qeyri yaşayış sahəsinə Cavabdeh məxsus mənzildən su axması və nəticədə İddiaçı MMC-nin istifadəsində olan qeyri yaşayış sahəsinə ziyan vurulması mümkündür. Lakin, Cavabdeh məxsus mənzilə baxış keçirilməsi mümkün olmadığına görə İddiaçı MMC-nin istifadəsində olan qeyri yaşayış sahəsinə su sızmasının bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. 2. Divarlarda, tavan və döşəmədə yaranan qüsurların aradan qaldırılması üçün zəruri olan təmir işlərinin hissəvi aparılan zaman istifadə olunan materialların, boyanın rənginin tam eyniliyini təmin etmək mümkün olmur. Buna görədə metodikaya əsasən yaranan qüsurların aradan qaldırılması üçün təmir işləri konstruktiv elementlərin (divar, tavan, döşəmə və s.) tam sahəsi üzrə aparılır. Bu səbəbdən də, obyektdə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 kv.metr, tavan üzrə isə 186 kv.metr təşkil edir. 3. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72- 5, (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60A) ünvanında yerləşən İddiaçı MMC-nin istifadəsində qeyri yaşayış sahəsində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyən təqribən 4696,5 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli 10/5468 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən qeyri-yaşayış sahəsi təmir olunduğundan, həmin qeyri-yaşayıl sahəsinə hər hansı bir ziyan dəyib-dəyməməsini və hansı səbəblərdən ziyan dəyməsini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin ilkin ekspertiza rəyində göstərilənlərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh məxsus mənzildən su axması və nəticədə İddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə ziyan vurulması mümkündür. Divarlarda, tavan və döşəmədə yaranan qüsurların aradan qaldırılması üçün zəruri olan təmir işlərinin hissəvi aparılan zaman istifadə olunan materialların, boyanın rənginin tam eyniliyini təmin etmək mümkün olmur. Buna görə də metodikaya əsasən yaranan qüsurların aradan qaldırılması üçün təmir işləri konstruktiv elementlərin (divar, tavan, döşəmə və s.) tam sahəsi üzrə aparılır. Bu səbəbdən də, obyektdə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 m2, tavan üzrə isə 186 m2 təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5 (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən İddiaçı MMC-nin istifadəsində qeyri-yaşayış sahəsində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4696,5 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 593-cü məhəllə, ev 72, 5-ci korpusun, 27 saylı mənzilindən icarə obyektinə su axıdılaraq iddiaçıya ziyan vurulmuşdur. Hazırda İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6046 manat məbləğində vurulmuş zərərin, 2000 manat məbləğində əldən çıxmış faydanın, həmçinin Mərkəzi Bankın uçot faiz dərəcəsi (6,5%) nəzərə alınmaqla hesablanmış 500 manat məbləğində faiz məbləğinin və ödənilmiş 105,46 manat dövlət rüsumunun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev72-5, (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən qeyri yaşayış sahəsinə su sızmasına nəyin səbəb olduğunu, qeyri yaşayış sahəsinə həmin qeyri yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 27 saylı mənzildən su axıdılıb-axıdılmaması, vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə-tikinti-texniki ekspertizası təyin eilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022ci il tarixli, 10/249 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli 10/249 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, rəy ekspert tərəfindən tərtib edilərkən Cavabdeh məxsus mənzilə baxış keçirilməsi mümkün olmamış və nəticədə iddiaçının istifadəsində olan qeyri yaşayış sahəsinə su sızmanın bilavasitə texniki səbəbi müəyyən edilməmişdir. Habelə ekspert qarşısına qoyulmuş “Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-5, 27 saylı mənzildən iddiaçının sahibliyində olan sahəyə suyun axıldığı müəyyən edilərsə, cavabdehə məxsus mənzilin sahəsi 86,9 kv.m olduğu təqdirdə iddiaçının sahibliyində olan əmlakının 280 kv.m divarının və 186 kv.m asma tavanın zədələnməsi mümkündürmü?” sualına qeyri-müəyyən cavab verilmişdir. Ekspert rəyində həmin suala münasibət bildirilərkən qeyd edilmişdir ki, “divarlarda, tavan və döşəmədə yaranan qüsurların aradan qaldırılması üçün zəruri olan təmir işlərinin hissəvi aparılan zaman istifadə olunan materialların, boyanın rənginin tam eyniliyini təmin etmək mümkün olmur. Buna görə də metodikaya əsasən yaranan qüsurların aradan qaldırılması üçün təmir işləri konstruktiv elementlərin (divar,tavan və s.) tam sahəsi üzrə aparılır. Bu səbəbdən də obyektə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 kv.m, tavan üzrə isə 186 kv.m təşkil edir”. Göründüyü kimi ekspert bu suala qeyri müəyyən cavab verməklə hansı metodikaya əsaslandığını qeyd etməmiş, təmir işlərinin aparılmalı olduğu sahə divarlar üzrə 280 kv.m., tavan üzrə isə 186 kv.m. olmasının səbəbini göstərməmişdir. Bu səbəbdən mülki iş üzrə təkrar məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2022-ci il tarixli 10/5468 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu ekspert rəyi mövcud vəziyyəti obyektiv olaraq əks etdirməmişdir. Müvafiq ekspert rəyini hazırlamış X1 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o baxış aparan vaxt iddiaçının qeyri-yaşayış sahəsində hər hansı qüsur görməmişdir. Ona bildirmişlər ki, təmir olunub. Cavabdehin mənzilinə qalxmışlar. Cavabdeh bildirmişdir ki, divardaxili boru xətləri var, onlar da gizli şəkildə olduğuna görə o, səbəbi və ziyanın dəyib-dəyməməsini müəyyən edə bilmir. O iddiaçının qeyri-yaşayış sahəsinə baxış keçirən zaman qüsur aşkarlamamışdır. Maraqlandıqda ona bildirmişlər ki, ilkin ekspertiza aparılan zaman qüsur mövcud olub. xx.xx.2020-ci ildə akt tərtib olunub. O, qüsuru özü görməmişdir, ona görə də yeni smeta tərtib etməmişdir. Rəydə qeyd etdiyi məbləği ilkin ekspert rəyinə əsasən qeyd edib. O, ziyanın səbəbini və nə qədər ziyan dəydiyini müəyyən edə bilmir. Rəydə qeyd etdiyi 4696 manat məbləği o özü müəyyən etməyib. O, məbləğ müəyyənləşdirmək üçün qüsuru görməli idi, ona uyğun da smeta çıxartmalı idi. Lakin qüsuru görməmişdir. Rəyin giriş hissəsində səbəbi və ziyanın miqdarını müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Həmçinin ekspert Xəyyam İsgəndərov qeyd etmişdir ki, 80 m2 sahəsi olan mənzildən suyun axması nəticəsində iddiaçının sahəsi 280 m2 divar, sahəsi 186 m2 olan asma tavanının zədələnməsi o halda mümkün ola bilər ki, cavabdehin evi tamamilə suyun içində olsun. 4696 manat məbləği də ilkin ekspert rəyinə əsasən qeyd edib, özü heç nə hesablamayıb. Sırf dəyən ziyan baxımından yanaşanda iddiaçıya həmin məbləğdə ziyanın dəyməsi mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspert rəyi ilə razılaşmaq olmaz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/249 nömrəli ekspert rəyi həm də 12 dekabr 2022-ci il tarixli 10/5468 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Lakin işin mübahisəsiz halı odur ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 593-cü məhəllə, ev72-5, (yeni qaydalarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 60 A) ünvanında yerləşən qeyri yaşayış sahəsinə ziyan dəyməsinə həmin qeyri yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 27 saylı mənzildən susızması olmuşdur. Dəymiş ziyanın məbləğinə gəldikdə isə hər iki ekspert rəyi ilə ziyanın məbləği obyektiv olaraq müəyyən olunmadığından dəymiş ziyan cavabdehin iddianı qəbul etdiyi məbləğdə müəyyən olunmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı 1000 manat məbləğində qəbul edir. Həmçinin iddiaçı iddia ərizəsində icarə obyektində İddiaçı MMC tərəfindən satış üçün yerləşdirilmiş mebellərə 1500 manat məbləğində zərər dəydiyini qeyd etmişdir. Bu hal ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, iddiaçı tərəf mebellərin satışı və təmiri fəaliyyəti ilə özü məşğul olduğu üçün məhz bu baxımdan da təmir xidmətini özü həyata keçirir və mebelləri yenidən satışa təqdim edir. Mebellər artıq satılıb. Mebellərin neçəyə və hansı qiymətə satılması və məhz hansı əşyaya nə qədər ziyanın dəyməsi ilə bağlı məlumatı yoxdur. Məhkəmə hesab edir ki, hansı mebelə nə qədər zərərin dəydiyini müəyyən etmək mümükün olmadığından və iddiaçı istinad etdiyi faktı təsdiq edən kifatətedici sübutları məhkəməyə təqdim etmədiyindən mebelə ziyan dəyməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “həmçinin Mərkəzi Bankın uçot faiz dərəcəsi (6,5%) nəzərə alınmaqla hesablanmış 500 manat məbləğində faiz məbləğinin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Həmçinin qanunvericiliyin tələblərindən göründüyü kimi, faizlər kreditor tərəfindən o zaman tələb edilə bilər ki, borclu məhz pul məbləğinin ödənilməsini gecikdirirsə. Hazırda tərəflər arasında mübahisə isə kredit müqaviləsi və s. pul məbləğinin ödənilməsi ilə deyil, maddi ziyanın vurulması ilə bağlıdır. Məhkəmə həmçinin iddia tələbinin “2000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı bu tələbinə münasibətdə istinad etdiyi faktları təsdiq edəcək hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə prosesi zamanı bu fakt öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən – 1000 manat məbləğində təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq 105,46 manat məbləğində deyil 30 manat məbləğində Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar