Məhkəmə qərarları › İş №2(004)-3612/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3612/2020

06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3612/2020 06.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dairmülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahdan 2 (iki) övladları olmuşdur: xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3. Məlumat üçün bildirir ki, o, ərinin narkotik aludəçisi olduğu və azyaşlı qızlarla cinsi əlaqədə olduğuna görə məhkum olunduğu üçün bütün bunlara dözməyərək Şirvan Şəhər Məhkəməsinə “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsi isə öz növbəsində 2(032)-154/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh ilə onun arasında olan nikah münasibətlərinin pozulması, uşaqların onun yanında saxlanılması və xx.xx.2017-ci il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsini qət etmişdir. Bundan sonra, o, “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4930/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə əsasında iddia tələbi təmin edilərək Şirvan Şəhər Məhkəməsinin 2(032)-154/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında təyin edilmiş aliment məbləğini artıraraq hər ay, hər uşağa görə 154 (yüz əlli dörd) manat olmaqla cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qət etmişdir. Lakin, Yasamal Rayon Məhkəməsinin sözü gedən qətnaməsindən həmin qətnamə üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh apellyaiiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-10392/2018 saylı qətnaməsi əsasında cavabdehin apellyasiya şikayəti təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-4930/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və aliment məbləği 100 (bir yüz) manat olaraq saxlanılmışdır. Sözü gedən məhkəmə qətnaməsi əsasında nikahları pozulduğu vaxtdan da bir müddət əvvəldən övladları onun himayəsindədirlər, onların gündəlik məişət xarakterli təlabatlarını o təmin edir və onlara baxıram, övladlarının bütün qayğılarını və ehtiyaclarını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Hal-hazırda övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Onların təhsil, tibbi və digər əlaqədar xərclərinin çəkilməsi onun üçün bir sıra əlavə çətinliklər yaradır ki, buna da maddi rifahı yetmir. Övladlarının gündəlik xərclərini təmin edə bilmir. Həmçinin, bildirmək istəyir ki, o, hal hazırda heç bir yerdə işləmir, evdar xanımdır və övladlarının maddi tələbatlarını valideynləri vasitəsi ilə ödəyir. Buna görə də o, “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladları, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğinə çatdırılması və həmin aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, iddianı etiraf etmir. Belə ki, o, heç bir yerdə işləmir və daimi gəliri yoxdur. Hazırda taksi fəaliyyəti ilə məşğuldur və karantin dövrü başlayandan isə artıq demək olar ki, işi olmur. İddia təmin edilsə belə o, hər ay hər uşağa saxlanılmaları üçün 170 manat ödəyə bilməyəcəkdir. Ümumiyyətlə aylıq gəliri yoxdur. Qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Şirvan Rayon Məhkəməsinin 2(032)- 154/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Şirvan şəhər Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış və 416 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Məhkəmə iclasında həmçinin o da müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-154/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh sözü gedən qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10392/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi normada nəzərdə tutulan hansı dəyişikliklərin baş verməsinə dair sübutlar təqdim etməməsi səbəbindən ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin alimentin tutulması müddətinin iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 2(032)-154/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-154/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar