Məhkəmə qərarları › İş №2(006)-2482/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2482/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2482/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 1000 (bir min) manat əmanət məbləğinin və 3 il üçün bank faizinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (Sumqayıt filialı) ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X4 2.1-ci bəndinə görə Bank Əmanətçidən 1000 (bir min) manat əmanət məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərdə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, yəni 12 ay müddətinə illik 11% olmaqla qoyulmuş, müqavilənin 2.2-ci bəndinə görə müqavilənin müddəti və əmanətin qaytarılma tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-131/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilərək iflas proseduruna başlanmış, həmin qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı məxsus əmanət kitabçasına görə "xxxx" ASC xx.xx.2019-cu il tarixdə 1000 (bir min) manat pul qəbul etmişdir. Lakin "xxxx" ASC ləğv edildiyinə görə İddiaçı banka əmanət kimi qoyduğu 1000 (bir min) manat və həmin pula görə hesablanmış faizləri ala bilmir. İddiaçı pulun ödənilməsi xahişi ilə LPO "xxxx" ASC-yə müraciət etmiş, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş cavab məktubunda tələbin növbəlilik qaydasında həyata keçiriləcəyi bildirilmişdir. Lakin iddiaçı cavabdehin müraciətə cavabı ilə razılaşmır. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X4 5.2-ci bəndinə görə əmanətin qaytarılma tarixi xx.xx.2020-ci il təyin edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 1000 (bir min) manat əmanət məbləğinin və 3 il üçün bank faizinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qət edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli iclasının 106 saylı protokolundan görünür ki:

1. X2 tövsiyələrinə uyğun olaraq 01 iyul 2019-cu il tarixindən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin milli valyutada 10%, xarici valyutada isə 2,5% müəyyən edilməsi;

2. X2 tövsiyələrinə uyğun olaraq maliyyə mazarlarındakı vəziyyətdən, o cümlədən Mərkəzi Bank tərəfindən uçot dərəcəsinə edilən dəyişikliklərdən asılı olaraq qorunan əmanətlər üzrə faiz siyasətinə baxılması, habelə aidiyyəti məlumatların təqdim edilməsinin təmini məqsədilə qeyd olunan istiqamət üzrə təhlillərin aparılması və nəticəsi barədə rüblük əsasda Himayəçilik Şurasına məlumatın verilməsinin Əmanətlərin Sığortalanması Fonduna tapşırılması;

3. Qərarın icrasının Fondun icraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevə tapşırılması barədə qərar verilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2020-ci il tarixli iclasının 116 saylı protokolundan görünür ki:

1. X2 tövsiyəsinə uyğun olaraq 01 iyun 2020-ci il tarixindən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 12% müəyyən edilməsi;

2. Qərarın icrasının Fondun icraçı direktorunun müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevə tapşırılması barədə qərar verilmişdir. "xxxx" ASC (bank) ilə İddiaçı (əmanətçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X3 görünür ki: 2.1. bu müqaviləyə görə bank əmanətçidən və ya əmanətçi üçün daxil olmuş 1000 (bir min) AZN məbləğində pul vəsaitini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 2.2. Əmanət xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək, 12 ay müddətinə, illik 11 faizlə qoyulur. 3.1.Əmanətin məbləğinə faizlər gündəlik hesablanır. Əmanətin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. 4.1. Bankın hüquq və öhdəlikləri: 4.1.5. Əmanətçini 1 (bir) ay öncə xəbərdar edərək Əmanətlərin Sığortalanması Fondu tərəfindən faiz dərəcəsi dəyişdiyi təqdirdə tərəflərin qarşılıqlı razılığı ilə həmin müqaviləyə əlavə imzalanmaqla müqavilədə nəzərdə tutulmuş faiz dərəcələrini artırmaq və ya azaltmaq; 4.1.11. Əmanətin əmanətçiyə qaytarılmasını təmin etmək. 5.2. Bank tərəfindən Əmanətçidən Fondun tələblərinə uyğun olaraq bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. 5.6. Aşağıdakı əmanətlər qorunan əmanətlər hesab edilmir: e) cəlb edildiyi günə AZN 10%, USD/AVRO 2.5%-dən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. 8.1. Müqaviləyə hər hansı əlavə və dəyişiklik tərəflərin qarşılıqlı razılığı əsasında və yazılı şəkildə həyata keçirilir. 8.3. Əlavə və dəyişikliklər tərəflər bu barədə müvafiq sənədi imzaladıqdan sonra qüvvəyə minir və bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. 9.2. Həmin müqavilənin müddəti və əmanətin qaytarılma tarixi: xx.xx.2020-ci il müəyyən edilir. LPO "xxxx" ASC-nin hesabdan çıxarış sənədindən görünür ki, İddiaçı (əmanətçi) tərəfindən banka 1000 (bir min) manat əmanət qoymuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.8-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin öhdəlikləri üzrə ödənişlərə moratorium tətbiq edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin vaxtdan etibarən əmanətçilər qarşısında öhdəliklər qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirilə bilmədiyini nəzərə alaraq qeyd olunan bankda sığorta hadisəsinin baş verdiyi gün xx.xx.2020-ci il tarixi hesab olunur. Sığorta hadisəsi baş vermiş banklarda qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-127/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsinin təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə (Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvlərindən başqa bankın işçilərinin əmək haqqı üzrə ödənişlərin, bankın cari təsərrüfat xərcləri üzrə ödənişlərin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlər istisna olmaqla) moratoriumun tətbiq edilməsi qərara alınmışdır. İddiaçı ləğv prosesində olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı ərizəsindən görünür ki, o "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X6 üzrə banka qoyulmuş 1000 (bir min) əmanət məbləğinin ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. LPO "xxxx" ASC Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-3(103)-131/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cəlb etdiyi günə bu Qaydanın 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qeydə alınmış kreditor tələbinin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" ASC ilə 07/UNİ2019/0294 nömrəli “Universal” X6 bağlamış və banka 1000 manat məbləğində əmanət pul qoymuşdur. Həmin müqaviləyə əsasən müqavilənin müddəti, yəni əmanətin qaytarılma vaxtı xx.xx.2020-ci il müəyyən edilmişdir. Əmanət 12 ay müddətinə, illik 11 (on bir) faiz ilə qoyulmuşdur (xx.xx.2019-cu il tarixli müqavilənin 2.2-ci bəndi). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-127/2020 nömrəli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratoriumun tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2020-ci il tarixdən bankın əmanətçiləri qarşısında öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilmədiyini nəzərə alaraq, sığorta hadisəsinin baş verdiyi günü xx.xx.2020-ci il tarixi hesab etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə, yəni İddiaçı ilə "xxxx" ASC arasında müvafiq əmanət müqaviləsinin bağlandığı vaxt Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının xx.xx.2019-cu il tarixli qərarı qüvvədə olmuşdur. Həmin qərara görə xx.xx.2019-cu il tarixdən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 10% müəyyən edilmişdir (X1 Himayəçilik Şurasının iclasının 106 saylı protokolu). xx.xx.2020-ci il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 12% müəyyən edilmişdir (X1 Himayəçilik Şurasının iclasının 116 saylı protokolu). "xxxx" ASC-də sığorta hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Yəni, sığorta hadisəsi baş verən tarixdə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 10% olmuş, lakin İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli “Universal” X5 əlavə və ya dəyişikliklər edilməmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. 4.1-ci maddəsinə əsasən, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 5-ci maddəsinə görə, Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.1-ci maddəsinə görə, əmanət – bank tərəfindən elektron pulun emissiyası üçün qəbul edilmiş pul vəsaitləri istisna olmaqla, hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir. 2.1.2-ci maddəsinə görə, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.2 və 2.1.2.6-cı maddələrinin tələbinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 2.1.9-cu maddəsinə görə, sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir. 2.1.10-cu maddəsinə görə, sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq Mərkəzi Bank tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir. 2.1.11-ci maddəsinə görə, kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 8.1.20-ci maddəsində qeyd edilmişdir ki, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-390.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Hazırkı işdə işin mübahisəli halı iddiaçının əmanətinin qorunan (sığortalanmış) olubolmaması ilə bağlıdır. Çünki, qorunan əmanətlərə münasibətdə Əmanətlərin Sığortalanması Fondu məsuliyyət daşıya bildiyi halda, qorunmayan əmanətlər bankın bilavasitə bank fəaliyyəti ilə bağlı öhdəlikləri hesab olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli əmanət müqaviləsində illik faiz dərəcəsi 11% razılaşdırılmışdır. Həmin vaxt qüvvədə olan normalara əsasən qorunan əmanətlərin milli valyutada yuxarı faiz dərəcəsi 10% olmuşdur. Buna görə də müqavilə bağlanan vaxt həmin əmanət qorunan əmanət hesab olunmurdu. Müqavilə ikitərəfli qaydada imzalandıqdan (qüvvəyə mindikdən) sonra hər hansı əlavə və dəyişikliklərə ehtiyac yaranardısa, bu, qarşılıqlı razılıq əsasında və yazılı qaydada həyata keçirilməli idi (xx.xx.2019-cu il tarixli “Universal” X4 8.3cü maddəsi). Mülki iş üzrə aparılan icraat zamanı müqaviləyə əlavə və dəyişikliklərin edilməsi, o cümlədən müvafiq illik faiz dərəcəsinin yuxarı həddinin tərəflərin razılığına əsasən dəyişdirilməsi barədə məhkəməyə sənəd təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-də sığorta hadisəsi baş vermiş və xx.xx.2020-ci il tarixdən etibarən qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilmişdir. Yəni, qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edilərkən artıq sığorta hadisəsi baş vermiş və Bank qanunvericilikdə nəzərdə tutulmuş öz hüquq və vəzifələrini yerinə yetirə bilməyəcək vəziyyətə gəlmişdir. Həmçinin, qeyd etmək zəruridir ki, qorunan əmanətlər üzrə milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 12% müəyyən edildikdən (xx.xx.2020-ci il tarixdən) sonra belə İddiaçı ilə LPO "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə və ya dəyişiklik edilməsinə dair razılaşma olmamışdır. Məhkəmə xüsusi ilə qeyd edir ki, əmanət müqaviləsi bağlandıqdan sığorta hadisəsi baş verən vaxtadək əmanət qoyulan pul vəsaiti qorunan əmanət olmamışdır. Sığorta hadisəsi baş verdikdən sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının milli valyutada illik faiz dərəcəsinin yuxarı həddinin 12% olması barədə qərar qəbul etməsi hazırkı mübahisənin həlli üçün əsaslı dəlil deyil. Çünki, Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş verənə qədər qorunan əmanətlər üzrə kompensasiya vermək iqtidarındadır. İş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun sığorta hadisəsi baş verdikdən sonra yaranan və ya dəyişən münasibətlər üçün cavabdeh olması hüquqi cəhətdən mümkün deyildir. Buna görə də iddia tələbi əmanətin ödənilməsi hissəsində əsassızdır və rədd edilməsi məqsədəmüvafiqdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbinin 3 il üçün bank faizinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlamış xx.xx.2019-cu il tarixli, 07/UNİ2019/0294 nömrəli “Universal” X6 üzrə banka verilmiş 1000 manat məbləğində əmanətin qorunan əmanət hesab edilmədiyindən və buna görə kompensasiya cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməli olmadığından həmin əmanət məbləğinə müvafiq olaraq yaranmış faiz məbləğinin də cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsi əsassızdır və rədd edilməsi məqsədəmüvafiqdir. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar