Məhkəmə qərarları › İş №2(004)-3637/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3637/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3637/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X2 iştirakı ilə, İddiaçı LPO «xxxx» ASC-nin Cavabdehn qarşı əsas borcun, hesablanmış faizlərin tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO «xxxx» ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.02.2008-ci il tarixli 641İ saylı kredit müqaviləsinə əsasən cavabdeh 12 ay müddətinə, illik 30 faiz olmaqla 3000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavbdeh Cavabdeh banka 21.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə 24.11.2014-cü il tarixinədək əsas borc üzrə 2267 (iki min iki yüz altmış yeddi) manat 35 (otuz beş) qəpik, faiz borcu üzrə 4546 (dörd min beş yüz qırx altı) manat 52 (əlli iki) qəpik, dəbbə pulu 4217 (dörd min iki yüz on yeddi) manat 27 (iyirmi yeddi) qəpik, ümumilikdə cəmi 11031 (on bir min otuz bir) manat 14 (on dörd) qəpik məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh LPO «xxxx» ASC-nin xeyrinə 21.02.2008-ci il tarixli 641İ saylı kredit müqaviləsi üzrə 2267 (iki min iki yüz altmış yeddi) manat 35 (otuz beş) qəpik, faiz borcu üzrə 4546 (dörd min beş yüz qırx altı) manat 52 (əlli iki) qəpik, dəbbə pulu 4217 (dörd min iki yüz on yeddi) manat 27 (iyirmi yeddi) qəpik, ümumilikdə cəmi 11031 (on bir min otuz bir) manat 14 (on dörd) qəpik borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1072/2015 saylı, 03.03.2015-ci il tarixli qiyabi qətnaməsinə əsasən, iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən şikayət verilmiş və məhkəmənin 2(004)- 3637/2021 saylı, 08.05.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1072/2015 saylı, 03.03.2015-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş təzələnərək mahiyyəti üzrə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək bildirdi ki, 21.02.2008-ci il tarixli 641İ saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh 12 ay müddətinə, illik 30 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliklərini vaxtında icra etmədiyi üçün bank qarşısında borcu yaranmışdır. İş üzrə qiyabi qətnamə çıxarılaraq iddia tələbləri təmin edilmiş, həmin qətnamədən cavabdeh şikayət vermiş və məhkəmənin müvafiq qərardadı ilə qiyabi qətnamə ləğv edilərək, işə əyani qaydada iddia icraatında baxılması qərara alınmışdır. Qiyabi qətnamədən sonra da, cavabdeh tərəfindən ödəniş edilməmişdir. Sonuncu ödəniş isə 23.02.2009-cu il tarixdə 285.33 manant məbləğində edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cCavabdeh nümayəndəsi və eyni zamanda vəkili X4 iddia tələbinə etiraz edərək bildirdi ki, 21.02.2008-ci il tarixdə 1 illik müddətə kredit verilmiş və sonuncu ödəniş 23.02.2009-cu il tarixdə edilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsinin bitdiyi tarixdən 5 il 10 ay keçdikdən sonra, yəni 15.12.2014-cü il tarixində məhkəməyə iddia verilmişdir. Bu ötən müddət ərzindən bank tərəfindən onlardan hər hansı bir ödəniş tələb olunmamışdır. Bununla yanaşı iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Odur ki, iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 21.02.2008-ci il tarixli 641İ saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 30 faizlə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh “LPO «xxxx» ASC-yə 24.11.2014-cü il tarixinə əsas borc üzrə 2267.35 manat, faiz borcu üzrə 4546.52 manat, dəbbə pulu 4217.27 manat, ümumilikdə cəmi 11031.14 manat borcu vardır. İş materiallarında olan 12.12.2014-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 5 gün müddətində borcunu qaytarmayacağı təqdirdə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət ediləcəyi haqqında bildiriş göndərilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 21.02.2008-ci il tarixli 641İ saylı kredit müqaviləsinin müddəti bitmiş və tərəflər arasında həmin müqaviləsinin uzadılması halı baş verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 21.02.2008-ci il tarixli 641İ saylı kredit müddətinin icra müddəti müqavilənin ödəniş planına əsasən 21.02.2009-cu il tarixdə bitmiş, qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddətində bank tərəfindən məhkəmədə iddia qaldırılmamışdır. Belə olan halda məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbləri əsassız olduğu üçün təmin edilə bilməz və buna görə də rədd edilməlidir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO «xxxx» ASC-nin Cavabdehn qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu LPO «xxxx» ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar