Məhkəmə qərarları › İş №2(004)-3653/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3653/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3653/2025 06.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: pul) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC ilə vurduğu ziyan və zərərin 35460 manat pul vəsaitinin, 60 manat və 137 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC-yə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. 2024-cü ilin aprel ayının birindən işdən kənarlaşdırılmışdır. Buna səbəb o, sürücü kimi işlədiyi dövrdə müəssisəyə aid olan 35460 manat pul vəsaitini müştərilərdən nəğd şəkildə alaraq öz şəxsi ehtiyaclarına xərcləməsi olmuşdur. Belə ki, cavabdeh sürücü kimi müəssisədə istehsal olunan qida məhsullarını, o cümlədən süd və süd məhsullarını müştərilərinin sifarişinə uyğun olaraq. anbardan təhvil alaraq onlara çatdırmışdır. Növbəti dəfələrdə həmin müştərilərə yeni mallar təhvil verərkən, əvvəlki dəfə verdiyi məhsulların pullarının bir hissəsini onlara bilindirmədən alırmış. Nəzərə alsalar ki, onlar həmin məhsulları müştərilərə nisyə şəklində verirlər, onlar o pulları sürücünün alaraq öz şəxsi ehtiyaclarına xərcləməsini yalnız onların audit yoxlamasından sonra bilmişlər. Müəssisənin səlahiyyətli şəxslərinin müştərilərlə apardığı üzləşmədən sonra aşkar edilmişdir və bununla bağlı tərəflər arasında müvafiq üzləşmə aktları tərtib edilmişdir. Həmin üzləşmə aktlarında göstərilənlərlə cavabdeh razılaşaraq həmin aktlarda qeyd olunan pul məbləğlərini müştərilərdən aldığını etiraf etmiş və bununla yazılı izahat vermişdir. Cavabdehin 25 aprel 2024-cü il tarixli izahatından da görünür ki, o, müəssisəyə aid olan 35460 manat pul vəsaitini mənimsəmiş və 2024-cü il may ayının 15dək ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi müxtəlif bəhanələr gətirməklə ödəməkdən yayınmışdır. Bununla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq olunsa da, o hər dəfə bir bəhanə ilə yaxın vaxtda ödəyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixində ona pretenziya məktubu göndərilmişdir. Məktub geri qaytarılmışdır ki, şəxs bu ünvanda yaşamır. Telefonla zəng edərək ona pretenziya göndərildiyi və o ünvanda yaşamadığı üçün geri qaytarıldığı bildirilmişdir. Xəbərdar edilmişdir ki, 10 gün müddətində vurduğu zərəri ödəmədiyi halda məhkəməyə müraciət olunacaqdır. O yenə də müxtəlif vədlər verməklə qısa bir zamanda ödəyəcəyinə söz vermişdir. Göründüyü kimi o bu dəfə də aldadaraq bu pulu ödəməkdən yayınır. Cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə Bakı 3 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00256 saylı mediasiya arayışı verilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini bildirmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsinə təyin edilmişdir.

7. Həmin əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən bu Əmək müqaviləsinin tərəflərindən biti digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

8. Həmin əmək müqaviləsinin 5.2-ci bəndinə əsaəsn tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgır bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödəniolməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

9. 25.04.2024-cü il tarixli izahata əsasən müəyyən edilir ki, Cavabdeh şirkətə çatası ümumi 35460,20 manat məbləğində pulu müştərilərdən nəğd şəkildə almasını və öz şəxsi problemlərinə xərcləməsini etiraf edir. Həmçinin bildirir ki, məbləği 2024-cü ilin may ayının 15-nə kimi tam şəkildə ödəyəcək.

10. "xxxx" MMC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziyaya əsasən cavabdeh 35460 manat pulun 10 gün müddətində müəssisəyə qaytarılması ilə bağlı xəbərdar edilmişdir.

11. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

13. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

14. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

15. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

16. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

17. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

18. Həmin Məcəllənin 200-cü maddəsinin birinci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

19. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

20. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

21. Həmin Məcəllənin 204-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər.

22. Həmin Məcəllənin 206-cı maddəsinin 2-ci hissəsinə əsasən əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür.

23. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus 35460 manat pul mənimsənilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş izahat əsasən cavabdeh tərəfindən etiraf edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

25. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasəncavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 35460 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

27. Bundan başqa məhkəmə cavabdehin hərəkətlərində cinayət təkibi müəyyən etmədiyindən iddiaçı tərəfindən verilmiş xüsusi qərardadın çıxarılması ilə bağlı vəsatəti əsaslı hesab etmir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddiaçı təmin edildiyindən 60 manat məbləğində mediasiya xərci və 137 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 35460 (otuz beş min dörd yüz altmış) manat məbləğində pul, 60 (altmış) manat mediasiya xərci və 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar