Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3654/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması vtələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması vtələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2139,66 ABŞ dolları əsas, 1654,18 ABŞ dolları faizborcu, 7499,16 ABŞ dolları cərimə, xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 791,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 12084.9 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxxxx” İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 7000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin onunla iddiaçı “xxxxxx” İKB arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M-1-0-240-14 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar olmasını, həmin müqavilənin müddətinin xx.xx.2015-ci il tarixdə bitdiyini göstərmiş və bank tərəfindən iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxxxx” İKB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M-1-0-240-14 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana illik 28 faizlə 12 ay müddətinə 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxx” İKB ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 27-M-1-0-240-14 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsü üçün öz üzərinə məsullyyət götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 27-M-1-0-240-14 saylı kredit müqaviləsi üzrə 2139,66 ABŞ dolları əsas, 1654,18 ABŞ dolları faiz borcu, 7499,16 ABŞ dolları cərimə, xx.xx.2015ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 791,90 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 12084.9 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məxsus hesabdan çıxarışdan müəyyən olunur ki, borcalan tərəfindən son ödəniş xx.xx.2015-ci il tarixdə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 12 ay təşkil edir, xx.xx.2015-ci il tarixdə isə borcalan tərəfindən son ödəniş edilmişdir. Buna baxmayaraq, iddiaçı mülki qanunvericiliyin iddia müddətinə dair tələblərini nəzərə almadan xx.xx.2020ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, hazırki iddia müddəti ötürülmüş sayılıb iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması vtələbinə dair” iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3654/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3654/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver