Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3654/2025 26.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 Binəqədi rayon Sukanal İdarəsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X8 və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 Binəqədi rayon Sukanal İdarəsinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vurulmuş zərərin əvəzi olaraq 8000 manat məbləğində kompensasiyanın cavabdehlərdən tutularaq birdəfəlik şəkildə ona ödənilməsi və gələcəkdə bu kimi hallarla qarşılaşmamaq üçün xəttin yerinin dəyişdirilməsi və başqa qabaqlayıcı tədbirlərin görülməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 10 ildən çoxdur ki, iddiaçının istifadə və sahibliyindədir. 5-6 il öncə həyat yoldaşı vəfat etdiyinə görə onlar rayona getmiş və gələndə görmüşdür ki, evinə bitişik su xətti çəkilib. O zaman etiraz etsələr də artıq heçbir faydası olmadı və onların fikirlərini heçkim nəzərə almamışdır. O gündən bəri ilə 2-3 dəfə su xətti partlayır və evi su basır. Dəfələrlə cavabdeh quruma müraciət edilsə də müvəqqəti təmir işləri görülmüş amma gələcəkdə bu hadisənin qarşısını almaq üçün heçbir addımlar atılmamışdır. Nəticədə evə maddi zərər dəymişdir ki, bu günədək gəmin zərər qarşılanmamaqdadır. Ev hazırda qəzalı vəziyyətdədir. Yaşayış üçün ciddi təhlükə yaranıb. Hazırda hesab edilir ki, vurulmuş zərər ödənilməli və gələcəkdə bu kimi halların baş verməməsi üçün xəttin dəyişdirilməsi vəyaxudda önləyici tədbirlərin görülməsi barədə qərar qəbul edilməsi zəruridir. İddiaçı xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vurulmuş zərərin əvəzi olaraq 14.000 manat məbləğində kompensasiyanın, ekspertizanın xərci olaraq ödənilmiş 200 manat pul vəsaitinin cavabdehdən birdəfəlik şəkildə iddiaçıya ödənilməsi və gələcəkdə bu kimi hallarla qarşılaşmamaq üçün xəttin yerinin dəyişdirilməsi və başqa qabaqlayıcı tədbirlərin görülməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə baxış iclasında verildiyindən məhkəmə tərəfindən qismən, yəni “ekspertiza xərci olaraq ödənilmiş pul vəsaitinin tutulması” hissəsində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2011-ci ildən qeyd edilən ünvanda yaşayırlar. 2023-cü ildə evdə olmadıqları vaxtda su boruları evin kənarından çəkilmişdir. Həmin borular il ərzində 3 dəfə partlamışdır və 3 daşla tikilmiş evlərinə su sızmışdır. 2023cü ilin avqust ayında ilk dəfə partlayış olmuş və evi qəzalı vəziyyətə salmışdır. Növbəti dəfə isə sentyabr və oktyabr aylarında baş vermişdir. 2024-cü ildə FHN-ə müraciət etmiş və video-çəkiliş də aparmışlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə partlayış baş vermişdir. Evin divarları və döşəməsi artıq sıradan çıxıb, elektrik sisteminə zərər dəyib və evin özü də yararsız hala düşüb. Verilən suallara cavab olaraq bildirmişdir ki, ev təmir etdirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, dəfələrlə su borusunun partayışı olub, döşəmə çürüməyə başlayıb, divar kağızlarına ziyan dəyib. Sonuncu dəfə xx.xx.2025ci ildə partlayış baş verib. Bununla bağlı cavabdehlərə də məlumat vermişdir. Su xətti əyri formada çəkilib. "xxxx" tərəfindən su borusu ev tikiləndən sonra çəkilmişdir. Əgər qarşı tərəf cavabdeh olmasaydı, qəza baş verəndə nümayəndələri gəlməzdilər. Ev torpaq düzləşdiriləndən sonra tikilib və suyun yığılacağı yer yoxdur. Evin divarları zədələnib və evə palçıqlı su dolmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Evin mühafizə zonasında tikilib-tikilmədiyi müəyyənləşdirilməlidir. Belə ki, 5 metr məsafə nəzərə alınmalıdır. Ekspert suallara tam şəkildə cavab verməmişdir. Onlar tərəfindən də evə baxış keçiriləcəkdir. Həmçinin, həmin ərazidə yerləşən evlərin əksəriyyətinin sənədi yoxdur. Evin çıxarışının hazırkı mübahisəyə aidiyyəti yoxdur. Torpaq yuxarı ərazidə yerləşir və həmin ərazidə ev tililərkən drenaj sistemini möhkəmləndirməlidir. Su yığılaraq evin bünövrəsinə tökülür. Suyun ana xətti orta hissədə yerləşir. Onlar balanslarında olan xəttə görə cavabdehdirlər və ana xəttə qəza baş verməyib. Ekspert də qəzanın harada baş verdiyini qeyd etməyib. Əməkdaşları su itkisi olmaması üçün qazıntı işləri aparılmışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, təzyiq olduğuna görə partlayışın baş verməsi halı mümkündür. Məhkəmə iclasında dindirilmiş ekspert X4 izahatında rəyi təsdiq etdiyini qeyd etmiş və bildirmişdir ki, mühafizə zonaları ilə bağlı normalar tətbiq edilməli idi. Lakin, su borularının su buraxması qabiliyyəti ilə bağlı məlumat olmadığından tədqiqat aparıla bilməmişdir. Həmçinin, cavabdehlərin nümayəndələri iştirak etməmişdilər və buna görə də qazıntı aparılmadığından borular barədə məlumat əldə edə bilməmişdilər. İddiaçının bildirdiyi kimi qazıntı işləri aparılıbsa, qəza baş verməsini göstərir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar su xətləri ilə bağlı tədqiqat aparmışlar, evin maili ərzidə tikilməsi ilə bağlı məsələ əlavə ekspertizanın predmetidir. İddiaçının evi tam maili hissədə yerləşmir, su ən aşağı hissədə toplanır və daimi rütubət olur. Baxış zamanı nümayəndələri iştirak etsə idi, qazıntı işləri aparılacaqdı. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı tərəfindən "xxxx" ASC-yə və Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı su xəttinin partlaması nəticəsində evdə yaranmış qəzalı vəziyyətin aradan qaldırılmasını və dəymiş zərərin bərpa edilməsinin təmin edilməsinin xahiş etmişdir. Binəqədi rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13-16-5-3/2-02/1- 14-615/1-34/1050/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd olunan ünvana İdarə qəza-bərpa briqadası tərəfindən texniki baxış keçirildiyi və su xəttində heç bir axıntı halı aşkarlanmadığı bildirilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-18-2/2-12020/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, evinə dəymiş ziyanın müəyyən edilməsi üçün baxış keçirib rəy verilməsi barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı müraciətə Nazirliyin Tikintidə X2 Agentliyində baxılmışdır. Bildirilmişdir ki, ona məxsus fərdi yaşayış evinə baxış keçirərək rəyin verilməsi bu sahədə müvafiq lisenziya əsasında fəaliyyət göstərən istənilən qurumla, o cümlədən Agentliyin tabeliyində olan təsərrüfat hesablı layihə institutları ilə aralarında bağlanmış müqavilə əsasında həyata keçirilə bilər. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 Binəqədi rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-53-3-2/2-192/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda görünür ki, qeyd olunan ünvana İdarə qəza-bərpa xidməti tərəfindən texniki baxış keçirilməsi, görülmüş zəruri tədbirlər nəticəsində su xəttində baş verən axıntının qarşısı alınaraq yaranmış problem aradan qaldırılması bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4897 saylı, xx.xx.2025-ci il tarixli eskpert rəyindən görünür ki, tədqiq olunan ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin mailli ərazidə yerləşdiyi müəyyən olunmuşdur. Fərdi yaşayış evinə baxış keçirilən zaman divarlarda xaricdən və daxildən çatların, aralanmaların olduğu, daxili divarlara vurulmuş, suvaq, şpatlyovka və boya təbəqələrində qabarmalar, ovulmalar, divarlarda, tavanda və döşəmədə nəmişlik izləri müəyyən olunmuşdur. İddiaçı tərəfindən mübahisələrdirilən hissədə iddia olunan su xəttinin torpağın altı illə çəkildiyi müəyyən olunmuşdur. Baxış keçirilən tarixə su axmasının faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. Qərardadın birinci sualı üzrə: İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su basması, axıdılması hallarının olduğu müəyyən edilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: Tədqiqat obyektinə baxış keçirilən tarixdə (xx.xx.2025) su basması, axıdılması halları davam etmədiyindən, eyni zamanda su xətti torpağın altı ilə çəkildiyindən qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Qərardadın dördüncü sualı üzrə: Su xətti torpağın altı ilə çəkildiyindən, eyni zamanda su xəttinin texniki göstəriciləri barədə məlumat olmadığından (diametri, su buraxma qabiliyyəti, təzyiqi və s.) qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. "xxxx" MMC-nin CC/QH-031-2025 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin məbləği 7857 (yeddi min səkkiz yüz əlli yeddi) manat olaraq hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə baxışında tədqiq olunmuş videoyazılarından və fotoşəkillərdən müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzildə divarda qopmalar və çatlamalar, həmçinin nəmişlik izləri müşahidə olunur. Bundan əlavə, mənzilin müxtəlif otaqlarının divarlarında ləkələr və çatlar müəyyən edilmişdir. Evin divarına bitişik torpaq sahəsinin altından su xətti keçməsi, həmin hissədə su yığılması, bir sıra əməkdaşlar tərəfindən orada qazıntı və təmir işlərinin aparılması görünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən, Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1098.1-ci maddəsinə əsasən, Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.1-ci maddəsinə əsasən, Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.4-cü maddəsinə əsasən, Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eskpert rəyindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinə su sızması faktı mövcuddur. Sızma nəticəsində iddiaçının yaşayış evinə zərər dəymişdir. Hazırda iddiaçı vurulmuş maddi ziyanın ödənilməsini və cavabdehin üzərinə gələcəkdə onun evinə su axılmasının qarşısının alınması üçün xəttin yerinin dəyişdirilməsi və başqa qabaqlayıcı tədbirlərin görülməsi vəzifəsinin qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşayış evində yaranmış zədələnmələrin mənbəyi məhz cavabdehin balansında olan su xəttindəki qəza nəticəsində dəydiyinindən iddiaçı ona dəymiş zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə maddi zərərin məbləğinə münasibətdə iddianın qismən əsaslı olduğu qənaətinə gələrək, hesab edir ki, cavabdehdən maddi zərərin əvəzi olaraq 7857 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, "xxxx" MMC-nin CC/QH-031-2025 saylı, xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 7857 manat məbləğində zərər dəymişdir. İddiaçı maddi ziyanın əvəzi olaraq tələb etdiyi qalan məbləği kifayət qədər əsaslandırmadığından və sübut edə bilmədiyindən məhkəmə iddianı həmin hissədə təmin etmir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin üzərinə gələcəkdə onun evinə su axılmasının qarşısının alınması üçün xəttin yerinin dəyişdirilməsi və başqa qabaqlayıcı tədbirlərin görülməsi öhdəliyinin qoyulması barədə tələbi əsassızdır. Belə ki, su xətlərinin çəkilişi şəhərsalma və mühəndis-kommunikasiya planlarına əsasən həyata keçirilir. Fərdi şəxsin tələbi ilə magistral və ya paylayıcı xəttin yerinin dəyişdirilməsi digər istehlakçıların hüquqlarını poza bilər və texniki cəhətdən mümkün olmaya bilər. Bundan başqa, mülki prosessual qanunvericilik məhkəmənin yalnız hüquqların pozulması, yaxud onların pozulması ehtimalı yaranmış hallarda müdaxilə etməsini, konkret mövcud hüquq pozuntusunun qarşısının alınmasını nəzərdə tutur. İddiaçının tələbi isə, faktiki olaraq, qeyri-müəyyən gələcək dövrə şamil edilməklə, gələcəkdə ehtimal olunan ziyanın qarşısının alınmasına yönəlmiş abstrakt xarakter daşıyır. İddiaçının hüququ yalnız artıq dəymiş zərərin əvəzinin ödənilməsi və ya real təhlükənin mövcud olduğu hallarda ziyan vurulmasının qarşısının alınması ilə məhdudlaşır. Ehtimal xarakterli, gələcəkdə baş verə biləcəyi güman edilən zərərin qarşısının alınması ilə əlaqədar tələb irəli sürülməsi əsassızdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəm hesab edir ki, iddiaçı tərəfindən ekspertiza təhqiqatının dəyəri olaraq ödənilmiş 200 (iki yüz) manat pulun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 maddi ziyanın əvəzi olaraq 7857 (yeddi min səkkiz yüz əlli yedd) manat məbləğində pul və ekspertiza təhqiqatının dəyəri olaraq ödənilmiş 200 (iki yüz) manat pulun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 maddi ziyanın əvəzi olaraq 7857 (yeddi min səkkiz yüz əlli yedd) manat məbləğində pul və ekspertiza təhqiqatının dəyəri olaraq ödənilmiş 200 (iki yüz) manat pulun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat pul cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3654/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3654/2025
26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver