Məhkəmə qərarları › İş №2(004)-3673/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3673/2023

29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3673/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına qarşı “borcun olmaması barədə məlumatın verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına qarşı “borcun olmaması barədə məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “X1 Bankına borcunun olmaması barədə məlumatın Cavabdeh1 MMC-yə verilməsi vəzifəsinin cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankının üzərinə qoyulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, kredit götürmək üçün bir neçə banka müraciət etmişdir. Lakin banklar tərəfindən ona kredit verilməsinin mümkün olmaması bildirilmişdir. Banklardan ona əvvəllər götürdüyü kredit müqaviləsi üzrə borcu və gecikdirmələri olduğundan bank tərəfindən kredit verilməsi qeyri-mümkün olduğu bildirilmişdir. Ona banklar kredit verməmişdən öncə vətəndaşın kredit tarixçəsinə baxdığını və əvvəllər kredit ödənişində hər hansı problem olduğunu gördükləri halda, həmin şəxsə kredit verilmədiyini, onun QSC "xxxx" KB-yə xx.xx.2015-ci il tarixli müqaviləsi üzrə borcu və gecikdirmələri olduğundan, ona kredit verilməsinin mümükün olmadığı bildirilmişdir. İddiaçı yaranmış problemlə bağlı xx.xx.2023-cü il tarixində LPO QSC “Bank Standard" KB-na ərizə ilə müraciət edərək yaranmış problemə aydınlıq gətirilməsini və onun həqiqətən LPO QSC "xxxx" KB-na borcunun olmaması barədə arayışın verilməsi xahiş etmişdir. QSC “Bank Standard" KB tərəfindən ona cavab məktununda bildirilmişdir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/113612/15 saylı kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bağlı bank tərəfindən məhkəmədə iddia qaldırıldığı, Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4298/2020 saylı qətnaməsi ilə iddiaçi QSC "xxxx" KB-nın cavabdeh İddiaçı garşı iddia tələbinin rədd edildiyi, Bakı Apelyasiya məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(103)-1394/2021 saylı qətnaməsi ilə Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 4298/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanıldığı və sözügedən məhkəmə qətnamələrndə Əmanətlərin Sığortalanma Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmadığı bildirilmişdir. Onun hər hansı banka o cümlədən də QSC “Bank Standard" KB-yə heç bir borcu olmasına baxmayaraq onun adı borclular və krediti gecikdirilənlər siyahısında saxlanılır.Belə ki, QSC "xxxx" KB ilə onun arasında xx.xx.2015-ci il tarixdə, 1xx/xx/1136112/15 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 16 faiz ödəmək şərti ilə 24 ay müddətinə 13.500 manat məbləğində kredit verilmişdir. O, qrafikə müvafiq olaraq hər ay ödənişləri həyata keçirmişdir. Daha sonra iddaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard' Kommersiya Bankı ona qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, onunla ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/113612/15 saylı kredit müqaviləsi üzrə ondan banka 5155.67 manat məbləğində əsas borc, 806.15 manat məbləğində faiz borcu, 2206 22 manat məbləğində cərimə borcu, 782.64 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8950.68 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-4298/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard’’ Kommersiya Bankının iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı bank tərəfindən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1394/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankının apelyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin e-2(004)-4298/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Lakin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının iddiasının rədd edilməsinə baxmayaraq, onun adı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının borclular siyahısında qalmışdır. Bir neçə dəfə iddiaçı onun adının kredit borcu olanlar və gecikdirilənlər siyahısından çıxarılması xahiş etsə də cavabdeh məhkəmə qətnaməsi ilə onların üzrinə belə bir öhdəliyin qoyulmamasını bəhanə gətirərək bundan imtina etmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir daha bildirir ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 1xx/xx/1136112/15 saylı kredit müqaviləsi üzrə Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankına heç bir borcu və öhdəliyi yoxdur. Odur ki, onun adı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının kredit borcu olan və gecikməsi olan müştərilərin siyahısından çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarına əsasən iddia müddətinin keçməsi öhdəliyin xitamına səbəb olmur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 MMC nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4298/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/113612/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 5155.67 manat məbləğində əsas borc, 806.15 manat məbləğində faiz borcu, 2206.22 manat məbləğində cərimə borcu, 782.64 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8950.68 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, iddia müddətinin keçməsi səbəbindən iddia tələbi rədd edilmişdir. Həmçinin qeyd edilən qətnamədən görünür ki, tərəflərin məhkəməyə təqdim etdikləri sənədlərə əsasən, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/113612/15 saylı kredit müqaviləsinə əsasən, kreditor borcluya 24 ay müddətinə, illik 16 faizlə, 13500 manat məbləğində krediti verməyi, borclu isə müqavilədə göstərilən məqsədlər üçün kreditdən istifadə etməyi, krediti və kreditə hesablanmış faizləri müqavilədə göstərilən şərtlərlə və qaydada kreditin qaytarılmalı olduğu son tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür.Cavabdeh İddiaçı kredit müddəti ərizində iddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına kredit ödənilməsi ilə bağlı ödənişlər etmiş və son ödəniş xx.xx.2017-ci il tarixində olmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışına, cavabdeh İddiaçı xx.xx.2015-cu il tarixli, 1xx/xx/113612/15 kredit müqaviləsi üzrə 5155.67 manat əsas borc, 806,15 manat faiz borcu, 2206.22 manat məbləğində cərimə borcu, 782.64 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz bocu, ümumilikdə isə 8950.68 manat məbləğində borcu vardır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 1394/2021 saylı qətnaməsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4298/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan LPO QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 17 aprel 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə "xxxx" Kommersiya Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/113612/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 13500 manat məbləğində kreditin verildiyi, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyin vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddianın qaldırıldığı, Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx.xx.2020-ci il ta 2(004)-4298/2020 saylı qətnaməsi ilə iddiaçı QSC "xxxx" KB-nin cavabdeh İddiaçı qarşı iddia tələbinin rədd edildiyi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-1394/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4298/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması və sözügedən məhkəmə qərarlar ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, İddiaçı Banka olan borcunu tam olaraq ödədiyini bildirsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4298/2020 saylı qətnaməsinə əsasən onun kredit borcunun olmaması əsası ilə yox, bank tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı rədd olunması müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, hazırda iddiaçının banka olan borc öhdəliyi tam icra edilməmişdir. Lakin, nəzərə alınmalıdır ki, iddia müddətinin ötürülməsi öhdəliyin aradan qalxmasına səbəb olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, «İddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.» Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının öhdəliyi bitmədiyindən və tam icra edilmədiyindən, yalnız tələbkarın iddiası iddia müddətini keçirməsi iddiaçını üzərinə götürmüş olduğu öhdəliyindən azad etmir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı borcu hələ də mövcud olduğundan və əskini sübut edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdehlər Cavabdeh1 MMC-yə və Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına qarşı “borcun olmaması barədə məlumatın verilməsi” tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına qarşı “borcun olmaması barədə məlumatın verilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar