Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-37/2024 10.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərər məbləği olaraq 2133 manat maddi zərər, 50 manat qiymətləndirmə ödənişi, 62,43 manat məhkəmə rüsumu və yol verilən süründürməçilik səbəbindən dəymiş maddi və mənəvi zərərə görə 2000 manat olmaqla, ümumilikdə 4245,43 manat məbləğində ödənişin cavabdeh "xxxx" ASC tərəfindən zərərçəkmiş İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu ərazisində ona məxsus olan **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı “Hyundai ACCENT” markalı avtomobili ilə hərəkətdə olan zaman, **-RC-*** dövlət qeydiyyat nömrə nişanlı “X2” markalı avtomobil ilə sonuncun ara məsafəsinin düzgün saxlamaması səbəbindən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə onun da qarşısında dayanan avtomobilə dəyməyi səbəbindən, ona məxsus avtomobilə həm arxa hissəsinə, həm də ön hissəsinə olmaqla maddi zərər dəymişdir. Qəzada səbəbkar olan avtomobil "xxxx" ASC-də sığorta olunduğu üçün, qeyd olunan sığorta şirkətinə məlumat verildi və əməkdaş hadisə yerinə yaxınlaşaraq avtomobilə dəymiş zərəri qeydə alaraq getdi. Avtomobilini qiymətləndirmə üçün İndividual servisə təqdim etməli olduğu haqqında sms bildiriş aldıqdan sonra, xx.xx.2022-ci il tarixində avtomobilini qeyd olunan servisə qiymətləndirmə üçün təqdim etsə də, servis tərəfindən qiymətləndirmə 5 dəqiqəlik viziual baxış əsasında aparılmışdır və zərər dəymiş detalların hamısı servisin səhvi və ya sığortanın tələbi ilə məqsədli şəkildə qeyd olunmamışdır. xx.xx.2023-cü il tarixində dəymiş zərərin 550 manat olaraq qiymətləndirilməsi haqqında "xxxx" ASC tərəfindən sms bildirişi almışdır. Tələbi üzrə uzun zaman sonra - xx.xx.2023-cü il tarixində təqdim olunan zərər aktında (servisin möhürü və səlahiyyətli şəxsin imzası olmadan) zərər dəymiş detallar yalnız arxa bufer, arxa sağ işıqqaytarıcı və arxa baqaj qapısı olaraq qeyd olunmuş və usta xərcləri belə obyektiv şəkildə qiymətləndirilməmişdir. Belə ki, avtomobilin digər zərər çəkmiş detalları haqqında heç bir qeyd aparılmamış və zərər məbləği müəyyənləşdirilməmişdir. Avtomobilə hadisə nəticəsində dəymiş zərər “Hundai Service”də qiymətləndirilmiş və avtomobilə hadisə nəticəsində 2133 manat zərər dəydiyi müəyyənləşdirilsə də, sığorta şirkəti 530 manat xərc hesablamış və sığorta şirkətində Azər bəy ilə (qiymətləndirmə departamentinin rəhbəri kimi təqdim edib özünü) xx.xx.2023-cü il tarixində görüşdə qeyd olunan iradlanını bildirəndən sonra ona yenidən zərərin 820 manat olaraq qiymətləndirilməsi haqqında sms bildiriş gəlib. Onu da qeyd etmişdir ki, müstəqil ekspert tərəfindən qiymətləndirilmə aparılması tələbinə isə, yalnız Xalq Sığortanın müqavilə imzalamış olduğu 4 müstəqil ekspertdən birini seçə biləcəyi təqdirdə bunun mümkün olacağını bildirdilər. O, isə müstəqil ekspert seçiminin qarşılıqlı razılıq əsasında təyin olunmalı olduğu (Sığorta Fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsi) və sığorta şirkəti ilə öncədən müqavilə imzalamış müstəqil ekspertin tərəfsizliyinin onda şübhə doğurması səbəbindən qeyd olunan 4 ekspert istisna olunmaqla, reyestr qeydiyyatına alınmış istənilən müstəqil üzərində razılığa gələ biləcəklərini qeyd etsə də, heç bir cavab ala bilməmişdir. Dəymiş zərərin obyektiv qiymətləndirilməməsi səbəbindən zərərin ödənilməməsinə görə, ona məxsus olan əmlakından düzgün və ona lazım olan qaydada istifadə edə bilmir. Bu hal onun əlavə olaraq taksi xidmətlərindən istifadə etməklə həm vaxt baxımından, həm də əlavə xərclər yaranması səbəbindən maddi baxımdan zərər görməyi ilə nəticələnir. Cavabdehin qiymətləndirməsinin obyektiv olmadığı təsdiq etmək məqsədilə “Hundai Service”də qiymətləndirmə rüsumu olaraq 50 manat ödəniş tərəfindən şəxsi vəsaiti hesabına ödənilib. Qeyd olunan halın xx.xx.2022-ci il tarixindən davam etdiyini və uzun müddət ərzində zərərin düzgün şəkildə qiymətləndirilməməsi ilə yanaşı məqsədli süründürməçiliyə yol verildiyini nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, zəncirvari yolnəqliyyat hadisəsi baş vermiş, lakin öndə olan avtomobilə cuzi ziyan dəydiyindən, o çıxıb getmiş və bu heç yerdə öz əksini tapmamışdır. Həmçinin qeyd etmişdir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy ilə razı deyil. Belə ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza qərardadında ekspertiza avtomobilə baxış keçirilməklə həyata keçirilməsi qeyd olunsa da ekspert tərəfindən verdiyi birinci rəyə uyğun olaraq yenidən rəy vermişdir. Lakin avtomobilə baxış keçirtməmişdir. Ekspert rəyində dəyişdirilməli hissələr düzgün qeyd olumayıb. Belə ki, rəydə bir stop göstərilsə də, faktiki avtomobilin hər iki tərəfdən stopu zədələnmişdir. Bu səbəbdən Məhkəmə Ekspertiza Mərkəzinin düzgün rəy vermədiyi üçün onun hərəkətlərindən İnzibati məhkəməyə şikayət etmişdir. Bu səbəbdən ekspertiza rəyində qeyd olunan məbləğin deyil onun iddia ərizəsində qeyd olunan məbləğin cavabdehdən tutulmasını, yəni iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir, lakin heç yerdə onun zəncirvari qəza olduğu qeyd olunmur, hətta polis tərəfindən təqdim olunmuş materialları bu öz əksini tapmamışdır. Onlar iddiaçıya ilk öncə 820 manat pul təklif etmiş, lakin iddiaçı bu məbləğlə razılaşmamışdır. Hal-hazırda ekspertiza rəyi ilə qismən razıdırlar, həmin rəy ilə onların qiymətləndirməsi arasında 170 manat fərq var və onlar bunu mübahisələndirmirlər. Qeyd olunanlara əsasən iddia tələbinin 990 manat hissəsində təmin olunmasına etiraz etmirlər. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - “Auto Azərbaycan” Servis Mərkəzinin AA041/1555 saylı, xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, “Hyundai ACCENT” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 2133 manat məbləğində müəyyən edilmişdir. - “Auto Azərbaycan” Servis Mərkəzinin xx.xx.2023-cü il tarixli qəbzinə əsasən İddiaçı “Hyundai ACCENT” yük markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən olunmasına görə “Auto Azərbaycan” Servis Mərkəzinə 50 (əlli) manat pul ödəmişdir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı 05/01-151 saylı, 23 yanvar 2023-cü il tarixli cavab məktubuna əsasən xx.xx.2022-ci il tarixində saat Bakı şəhəri, Sabunçu rayonu ərazisində sığortalı “X2” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi “Hyundai ACCENT” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya maddi zərər dəymişdir. Həyata keçirilən sığorta araşdırması nəticəsində nəqliyyat vasitəsinin buraxılış ili, ehtiyat hissələrinin orta bazar dəyəri və xidmət haqqı nəzərə alınmaqla avtomobilə dəymiş real zərər tərəflərindən qiymətləndirilmişdir. Eyni zamanda, avtomobilin həmin qiymətləndirmə əsasında tam şəkildə təmirinin həyata keçirilməsinin mümkünlüyü də nəzərinə çatdırmışlar. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılacaqdır. Odur ki, dəymiş zərərin qiymətləndirilməsi üçün aşağıda sadalanan, maliyyə bazarlarına nəzarət orqanının reyestrdən qeydiyyatdan keçmiş müstəqil ekspertlərdən birini seçməyi və seçimi barədə "xxxx" ASC-yə 5 (beş) iş günü ərzində yazılı məlumat verməyi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3910 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai ACCENT” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/7287 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai ACCENT” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 990,0 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş 9/3910 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi təsdiq edilir. O, cümlədən: - dəyişilməli hissələrin qiyməti – 465,0 manat; - təmir-bərpa işlərinin qiyməti – 525,0 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 saylı məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2013-cü il buraxılışlı “Hyundai ACCENT” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(004)-2151/2023 saylı mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində "xxxx" ASC Sığorta şirkətində sığortalı olan “X2” markalı, **-RC-*** dövlət qeydiyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi “Hyundai ACCENT” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı məxsus “Hyundai ACCENT” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. İddiaçı ona məxsus nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 2133 manat məbləğində ziyan dəydiyini iddia edir. Cavabdeh sığorta hadisəsinin baş verdiyini etiraf edərək tələb olunan məbləğin qismən ekspertiza həcmində qəbul edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən İddiaçı xeyrinə 990 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/3910 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən “Hyundai ACCENT” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirbərpa xərci təxminən 990 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 62,43 (altmış iki manat 43 qəpik) manat dövlət rüsumunun 20 (iyirmi) manatı İddiaçı aid edilməli, qalan 42,43 (qırx iki manat 43 qəpik) manatı isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 130 (yüz otuz) manat ekspertiza xərcinin 80 (səksən) manat İddiaçı, digər 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 62,43 (altmış iki manat 43 qəpik) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin, 42,43 (qırx iki manat 43 qəpik) manatı isə İddiaçı özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 130 (yüz otuz) manat ekspertiza xərcinin 80 (səksən) manatı İddiaçı, 50 (əlli) manatı cavabdeh "xxxx" ASC-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-37/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-37/2024
10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver