Məhkəmə qərarları › İş №2(004)-3738/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3738/2021

13.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3738/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 58, 28 nömrəli mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 1300 (min üç yüz) manat pulun cavabdehdən onun xeyrinə tutulmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, Cavabdeh vəfat etdiyini bildiyi üçün cavabdehin əsl cavabdehlə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan AZ-İİ №107523 seriya nömrəli 10 avqust 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh 07.07.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb Cavabdeh vəfat etdiyini müəyyən edərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzs’ iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, iş üzrə müəyyən edilir ki, iddia ərizəsi iş üzrə cavabdeh şəxs vəfat etdikdən sonra verildiyindən və cavabdehə qarşı iddia verildiyi an onun prosessual hüquq qabiliyyətinə xitam verildiyindən mülki işin məhkəmədə baxılması mümkün deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar