Məhkəmə qərarları › İş №2(004)-3759/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3759/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3759/2021 02.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 20.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2019cu il tarixli RPF-00026-15/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 05.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixə yaranmış 2.175,73 manat əsas borc, 23,44 manat faiz borcu olmaqla, cəmi 2.199,17 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla, ümumilikdə 2.229,57 manat pulun müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 05.08.2019-cu il tarixli RPF-00026-15/19A nömrəli kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC borcalan Cavabdeh1 illik 1 faiz olmaqla 60 ay müddətinə 2572,03 manat kredit vermişdir ki, borcalan Cavabdeh1 həmin kreditdən Bank "xxxx" ASC ilə bağladığı 24.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalığının ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 05.08.2024-cü ilə kimi faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. 05.08.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında zamin durmuşdur. Güzəşt müddəti başa çatmasına baxmayaraq, borclu öhdəliyini icra etməmişdir. Hazırda borclunun banka 2.175,73 manat əsas borc, 23,44 manat faiz borcu olmaqla, cəmi 2.199,17 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, Bank "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin 30.07.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, 05.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC ona illik 1 faiz olmaqla 60 ay müddətinə 2572,03 manat kredit vermişdir ki, Bank "xxxx" ASC ilə bağladığı 24.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalığını ödəsin və krediti 05.08.2024-cü ilə kimi faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Borcu vaxtında ödəyə bilmədiyinə görə, bank onu məhkəməyə vermişdir. Hazırda 2.199,17 manat borcu qalmasını etiraf edir və həmin məbləği ödəməyə etiraz etmir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, 05.08.2019cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2.199,17 manat borcu Cavabdeh1 ilə birlikdə ödəməyə etiraz etmir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bank "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 05.08.2019-cu il tarixli RPF-00026-15/19A nömrəli kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC borcalan Cavabdeh1 illik 1 faiz olmaqla 60 ay müddətinə 2572,03 manat kredit vermişdir ki, borcalan Cavabdeh1 həmin kreditdən Bank "xxxx" ASC ilə bağladığı 24.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalığının ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 05.08.2024-cü ilə kimi faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 05.08.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 07.05.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh1 17.04.2020-ci il tarixədək 413 manat ödəniş etmişdir. 07.05.2021-ci il tarixə borclunun Bank "xxxx" ASC-yə 2.175,73 manat əsas borc, 23,44 manat faiz borcu olmaqla, cəmi 2.199,17 manat borcu var. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin Cavabdeh2 həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 05.08.2019-cu il tarixli RPF-00026-15/19A nömrəli kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixə yaranmış 2.175,73 manat əsas borc, 23,44 manat faiz borcu olmaqla, cəmi 2.199,17 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla, ümumilikdə 2.229,57 manat pul müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.08.2019-cu il tarixli RPF-00026-15/19A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 05.08.2019-cu il tarixli RPF- 00026-15/19A nömrəli kredit müqaviləsi üzrə 07.05.2021-ci il tarixə yaranmış 2.175,73 manat əsas borc, 23,44 manat faiz borcu olmaqla, cəmi 2.199,17 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı olmaqla, ümumilikdə 2.229,57 (iki min iki yüz iyirmi doqquz manat əlli yeddi qəpik) manat pul müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar