Məhkəmə qərarları › İş №2(004)-3764/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3764/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3764/2021 02.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 20.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 10.08.2020-ci il tarixli 1142nkCNTR/20 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.520 manat əsas borc, hesablanmış 1.117,71 manat faiz borcu, 1,86 manat cərimə olmaqla, cəmi 7.639,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı ASC illik 25% faizlə 60 ay müddətinə Cavabdeh 6.520 manat kredit vermişdir. Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Hazırda cavabdehin 10.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 6.520 manat əsas borcu, hesablanmış 1.117,71 manat faiz borcu, 1,86 manat cərimə olmaqla, cəmi 7.639,57 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. İddiaçı "xxxx" KB ASC 02.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə mobil telefonuna SMS bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müfafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 10.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı ASC illik 25% faizlə 60 ay müddətinə Cavabdeh 6.520 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və cərimə borcunu vaxtlı-vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. "xxxx" KB ASC-nin 01.05.2021-ci il tarixli çıxarışına əsasən Cavabdeh 10.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 01.05.2021-ci il tarixə 6.520 manat əsas borcu, 1.117,71 manat faiz borcu, 1,86 manat cərimə olmaqla, cəmi 7.639,57 manat borcu yaranmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 10.08.2020-ci il tarixli 1142nkCNTR/20 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.520 manat əsas borc, hesablanmış 1.117,71 manat faiz borcu, 1,86 manat cərimə olmaqla, cəmi 7.639,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.669,57 manat tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı borcun tam qaytarılmasını müqavilənin müddəti başa çatmamış tələb etdiyinə görə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 10.08.2020-ci il tarixli kredit müqaviləsi də ləğv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.08.2020-ci il tarixli 1142nkCNTR/20 nömrəli kredit müqaviləsi üzrə yaranmış 6.520 manat əsas borc, hesablanmış 1.117,71 manat faiz borcu, 1,86 manat cərimə olmaqla, cəmi 7.639,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.669,57 (yeddi min altı yüz altmış doqquz manat əlli yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. İddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 10.08.2020-ci il tarixli 1142nkCNTR/20 nömrəli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar