Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3773/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat olmaqla sabit pul məbləğinin Cavabdeh tutularaq ona, yəni iddiaçı X4 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)-164/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün ayda aliment miqdarı cəmi 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən olunmuşdur. Hal-hazırda uşağın yaşı böyüməkdədir və Astara Rayon məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğılarını ehtiyaclarını tamamilə o, çəkir. Onun təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Eyni zamanda o, cavabdehin alimenti artım məbləği ilə də ödəmək imkanının olduğunu bilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa məcburdurlar. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Astara Rayon Məhkəməsinin 2(018)-164/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında 14 mart 2022-ci il tarixdə Masallı Regional ASAN Xidməti Mərkəzinin Qeydiyyat şöbəsində 02 iyul 2014-cü il tarixdə 257 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 07 aprel 2022-ci il təvəllüdlü X2 anası - X4 yanında saxlanması, iddiaçı Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq 07 aprel 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 ödənilməsi, alimentin bu qaydada tutulmasının 07 dekabr 2023-cü il tarixdən hesablanması, tərəflərə boşanma haqqında şəhadətnamə verilərkən 20 (iyirmi) manat məbləğindəki dövlət rüsumunun cavabdeh X3 tutulması qət edilmişdir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin 235 manat məbləğində artırılmasını tələb edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə qeyd edir ki, Astara Rayon Məhkəməsinin 2(018)-164/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş və həmin zamanda «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil etmişdir. Müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, iddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-164/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmasını xahiş etsə də, sonuncu tərəfindən məhkəmə qətnaməsi qəbul edildikdən sonrakə dövrdə cavabdehin maddi vəziyyətində dəyişilik olması, şəraitin dəyişməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, məhkəmə qətnaməsi qəbul edildikdən sonrakı dövrdə cavabdehin maddi vəziyyətində dəyişilik olmaması, iddiaçı tərəfindən şəraitin dəyişməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməməsini, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3773/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3773/2024
17.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver