Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3778/2025 05.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurabnova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulan zərərin hər iki qardaşdan tutularaq ona ödənilməsi və evi qeyd-şərtsiz tərk etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, ona vurulmuş 50000 manat ziyanın cavabdehlərdən tutularaq hesabına köçürülməsi və Şəhriyar və Cavabdeh3ların 11-ci Xrebtovi 173V ünvanındakı ev qeydşərtsiz tərk etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, göstərilən ünvnda kirayədə yaşayır. 2016-cı ildə valideynləri ayrılanda cavabdeh atası Cavabdeh1 aliment və yaşayış yeri barədə Yasamal Rayon Məhkəməsində hakim E.Şamayevin sədrliyi ilə iki qətnamə qəbul olundu. Bu günə qədər onlardan heç biri icra edilmədi. Səbəb Cavabdeh2 və Şahlar qardaşlarının daim ataları Cavabdeh1 təzyiq və təhdid altında saxlamalarıdır. Cavabdeh1 oğullarının təhdidlərindən qorxaraq xəstə düşdü və heç vaxt alimenti və evin pulunu verə bilməzdi. Hazırda 60 yaşında olan atası Cavabdeh1 oğlu – müharibə iştirakçısı, kirayədə yaşayan iddiaçıya qısıldı. Maddi durumu aşağı olduğundan qardaşlarına zəng edib xahiş etdi ki, ya ona kirayə haqqını ödəməyə kömək etsinlər, ya da mənzilin ona aid hissəsini ona versinlər ki, problemi aradan qaldırana qədər bir-birilərinə dəstək olsunlar. Mümkün bütün variantlardan imtina etdilər. Üstəlik atasını da, onu da hədələdilər. Halbuki, 2024-cü ildə atası icraçıya bildirdi ki, pulu ödəyə biilmir, əvəzində övladını mənzilinə köçürməyə etiraz etmir. Onda hər iki qardaşı xüsusilə Şəhriyar atasını təhdid etdi, onu evdən qovub: “Bu bizim evimizdir” dedilər. Halbuki ev atasının mərhum valideynlərinə məxsusdur və onlara Yasamal 56 saylı MKİS-in 245 saylı, xx.xx.2024-cü il tarixli arayışında və ümumiyyətlə, heç bir rəsmi sənəddə bu evin mülkiyyətçisi rolunu ifa etməyə hüquqi əsas verən bir cümlə yoxdur. Zamanında hakim Elşad Şamayev onun evə köçürülmə tələbini “barışıq sazişi” ilə yalnız ona görə əvəz etdi ki, evin çıxarışı yox idi. Sonra gədələr onları da məhv elədi. Dəfələrlə Asan-a sənədləri gətirmələrini təklif etdi ki, çıxarışı alıb problemi həll etsinlər. Nadir evi sənədli-sənədsiz satıb vərəsə problemini aradan qaldırmağa nə qədər çalışsa da, oğlanlarının və analarının azğınlığı imkan vermədi. Uşaqları atalarına qarşı daim təhrik edən anaları Afət Nadirovadır. Baxmayaraq ki, qardaşlarına xəbərdarlıq etdi ki, ataları ona səlahiyyətli etibarnamə verib, barışmaq lazımdır. Onlar ona istehza ilə “haqqını get məhkəmədən istə” dedilər. İcraçı Emil müəllimnə necə “razılığa” gəliblərsə, bu Şəhriyarı çox arxayın salıb. Bunlar mane olmasaydılar, çoxdan hər kəs özünün xüsusi mülkiyyətində olardı. O artıq 23 ildən çoxdur ki, anası ilə kirayədə yaşayır. İllərlə davam edən basqı nəticəsində maddi durumu o qədər aşağıdır ki, gün çörəyi güclə tapır və kirayəni ödəməmişdir. Odur ki, məhkəmə xərclərinin və dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Kirayə evin illik xərcini 5000 manat hesab etsə və onu 23 ilə vursa, bu azı 115000 manat edər. Dəfələrlə xahiş etdi ki, bunu ona etməsinlər, onlar qardaşdırlar. 60 yaşında qoca anası və atası – ikisi də xəstədir və hər ikisinin əməliyyata ehtiyacı vardır.
4. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsinə etiraz təqdim edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Etiraz onunla əsaslandırılmışdır ki, qardaşlar olaraq iddia tələbini əsassız hesab edirlər. Belə ki, onlar iddiaçı qarşısında hər hansı bir öhdəlik daşımırlar. Ailəlidirlər və yaşadıqları ev ailə üzvlərinə dardır. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçının onlarla biryerdə yaşaması üçün şərait yoxdur. Görünür məhz buna görə də kirayə haqqını ödəmədiyi halında evdən çıxarılmaqlarını tələb edir. İddianın iki hissədən ibarət olmasını nəzərə alaraq əvvəldə 115000 manat ziyan ödənilməsi barədə tələbə toxunmaq istəyirlər. İddiaçı atasının ikinci nikahından doğulub və heç vaxt onlarla yaşamayıb. Başqa sözlə mənzildə yaşamaq hüququ əldə etməyib. Onlar iddiaçı qarşısında onun kirayə haqqını ödəmək barədə öhdəlikləri yoxdur. Öhdəlikləri olmadığı üçün ona ziyan vurmaqları istisna olur. Ziyan o vaxt ödənilə bilər ki, onlar hər hansı bir hüquq pozuntusu törətmiş olsunlar. Başqa sözlə Mülki Məcəllənin 21-ci maddəsinə istinad olunması qanunsuzdur. İddianın onların mənzildən çıxarılması hissəsi də əsassızdır. Belə ki, iddiaçının mənzilə hər hansı bir hüququ olmadığı halda onların evdən çıxarılmaqlarını tələb etməsi də qanunsuzdur. Ev köhnə tikili olmaqla, nənələrindən qalıb. İddiaçı onun və qardaşının ailə üzvü deyil. Evdən çıxarılmaqlarını tələb etdiyi halda iddianı hüquqi cəhətdən əsaslandırmayıb. İddianın ikinci hissəsi birinci hissəsi ilə əlaqələndirilib. Nə qədər ki, iddianın birinci hissəsi əsassız və qanunsuzdursa, səbəbindən asılı olmayaraq ikinci hissə də rədd edilməlidir. İddia ərizəsinə ümumilikdə qiymət verildikdə görünür ki, iddiaçının hər hansı bir hüququ pozulmayıb və o məhkəməyə müraciət etməkdə haqlı olmayıb. Yuxarıda göstərildiyi kimi iddiaçının mülkiyyət, sahiblik və istifadə hüququ yoxdur və təbiidir ki, olmayan hüquqların pozulmasından bəhs olunması mənasızdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddia ərizəsinin məzmunu onun xahiş etdim hissəsi ilə uyğunsuzluq təşkil edir. Ərizənin məzmununda Cavabdeh1la birgə yaşadıqları göstərilir. Birgə yaşadıqları atasına qarşı iddia sürməsi iddia ərizəsnin qeyri-müəyyən olunmasına dəlalət edir. Eyni zamanda cavabdeh kimi göstəriləsə də, Cavabdeh1 qarşı tələb irəli sürülməyib. Nəzərə almaq lazımdır ki, ərizənin məzmununda etik normalara zidd olan ifadələrə yol verilib ki, bu da yolverilməzdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
11. Digər cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir.
III.Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5198/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx xxxxxxx 2001-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən Yasamal Rayon Məhkəməsinin 2(004)- 3393/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyənləşdirilən hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 154 manat məbləğində müəyyən edilmişdir.
14. X2 ilə Cavabdeh1 Zərbalı oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, X2 10000 manat müqabilində Cavabdeh1 Zərbalı oğluna qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə iddiasından imtina edir. Cavabdeh1 Zərbalı oğlu öhdəsinə götürür ki, X1 istifadə hüququnun tanınması və mənzilə köçürülmə iddiasından imtina etməsi müqabilində ona xx.xx.2017-ci il tarixədək 10000 manat kompensasiya verilməsini təmin edəcəkdir. X2 öhdəsinə götürür ki, azyaşlı uşağı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ilə birliikdə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaklara dair hər hansı iddia irəli sürməyəcəkdir.
15. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
16. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
19. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
20. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
21. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
22. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
23. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
26. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
27. Hazırkı halda iddiaçı cavabdehlər tərəfindən ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.
28. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
29. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
30. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
32. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
33. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
34. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
35. Bundan başqa iddiaçı cavabdehlərdən Cavabdeh3 və Cavabdeh2 yaşadıqları evi qeyd-şərtsiz tərk etməsi tələbini qoysa da, lakin həmin tələbini əsaslandıran halları da sübut edə bilməmişdir.
36. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil