Məhkəmə qərarları › İş №2(004)-378/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-378/2022

05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-378/2022 05.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5335 manat əsas, 722.11 manat faiz, 0.297 manat cərimə borcu olmaqla, cəmi 6057.40 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 80.58 manat və 40 qəpik xidmət haqqı məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 11.03.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5335 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 27.10.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 5335 manat əsas, 722.11 manat faiz, 0.29 manat cərimə borcu olmaqla, cəmi 6057.40 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, o, bank ilə bağladığı 11.03.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5335 manat məbləğində kredit götürmüşdür. Düzdür kredit ödənişlərində axsamalar olmuşdur. Belə ki, onun atası və qardaşı rəhmətə getdiyi üçün imkan edib kredit borcundan ödəniş edə bilməmişdir. Kredit borcundan ödəniş etmiş, lakin həmin məbləğ də, faiz borcuan silinmişdir. Bankın tələb etdiyi məbləği birdəfəlik ödəmək iqtidarında deyildir. O, özü işləyir və ailəsinin yeganə gəlir mənbəyini o təmin edir. Aylıq gəlir isə 380 manat civarındadır və həmin maaşından hər ay banka 120-130 manat məbləğində ödəniş edə bilər. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında 11.03.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5335 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun 27.10.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 5335 manat əsas, 722.11 manat faiz, 0.29 manat cərimə borcu olmaqla, cəmi 6057.40 manat borcu yaranmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 439.1, 439.2, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 5335 (beş min üç yüz otuz beş) manat, faiz borcu üzrə 722 (yeddi yüz iyirmi iki) manat 11 (on bir) qəpik, 29 (iyirmi doqquz) qəpik cərimə məbləği olmaqla, cəmi 6057 (altı min əlli yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 80 (səksən) manat 58 (əlli səkkiz) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 5335 (beş min üç yüz otuz beş) manat, faiz borcu üzrə 722 (yeddi yüz iyirmi iki) manat 11 (on bir) qəpik, 29 (iyirmi doqquz) qəpik cərimə məbləği olmaqla, cəmi 6057 (altı min əlli yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 80 (səksən) manat 58 (əlli səkkiz) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar