Məhkəmə qərarları › İş №2(004)-380/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-380/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-380/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alınmış idman məhsullarının 3.431 manat dəyərindən ödənilməmiş qalan 3.131 manat əsas borc, hesablanmış 431,07 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.592,07 manat tutularaq “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC-yə 300 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə aylıq 260,92 manat ödənilməsi şərti ilə 3431 manat dəyəri olan idman məhsullarını Cavabdeh nisyə satmışdır. Cavabdeh müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina etmişdir. Hazırda, cavabdehin xx.xx.2019cu il tarixli müqavilə üzrə 3.131 manat əsas borc və hesablanmış 431,07 manat cərimə borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, həmçinin “AZEMİS” vasitəsilə +**********16 mobil nömrəsinə SMS xəbərdarlığı göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC-yə 300 manat ilkin ödəniş edilməklə 12 ay müddətinə aylıq 260,92 manat ödənilməsi şərti ilə 3431 manat dəyəri olan idman məhsullarını Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə “xxxx” MMC-yə 3.131 manat əsas borc və hesablanmış 431,07 manat cərimə pulu olmaqla, cəmi 3.562,07 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, məhkəmə yüksək məbləğdə hesablanmış 431,07 manat dəbbə pulunun azaldılaraq 39 manat təyin olunmasını qənaətbəxş hesab edir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alınmış idman məhsullarının 3.431 manat dəyərindən ödənilməmiş qalan 3.131 manat əsas borc, hesablanmış 39 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.200 manat pul tutularaq “xxxx” MMCyə ödənilməlidir. İddia tələbi - hesablanmış 392,07 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən alınmış idman məhsullarının 3.431 manat dəyərindən ödənilməmiş qalan 3.131 manat əsas borc, hesablanmış 39 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.200 (üç min iki yüz) manat pul tutularaq iddiaçı “xxxx” MMCyə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar