Məhkəmə qərarları › İş №2(004)-3804/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3804/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3804/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə 1001,96 manat əsas borcu, 230,70 manat faiz borcu olmaqla, cəmi 1242,66 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında 15 noyabr 2019-cu il tarixdə bağlanan İNSHA -81-41 nömrəli kredit müqaviləsinə və onun tərkib hissəsi olan 15 noyabr 2019-cu il tarixdə bağlanan İNSHA -81-41 nömrəli Razılaşmaya əsasən, ikinciyə illik 21% faizlə 15 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 20.05.2021-ci il tarixinədək 1011,96 manat əsas borcu, 230,70 manat faiz borcu, cəmi 1242,66 manat borcu qalmışdır. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1% miqdarında dəbbə pulu tətbiq edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında qeyd edilir ki: “Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyildir. Daha sonra «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, məhkəməyə müraciət olunduqdan sonra cavabdeh tərəfindən müəyyən məbləğdə ödəniş edildiyini, bu səbəbdən Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 811,96 manat əsas borc və 60 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 871,96 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirərək, əlavə olaraq qeyd etmişdir ki, 15 noyabr 2019-cu il tarixdə 15 ay müddətinə 2300 manat məbləğində kredit götürmüşdür. İlk vaxtlar aylıq ödənişləri vaxtında etmiş, lakin sonradan pandemiya ilə əlaqədar olaraq işləmədiyindən ödənişləri gecikdirmişdir. Borc məbləğini qəbul edir, lakin bocun hissə-hissə ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 15.11.2019-cu il tarixli İNSHA-81-41 nömrəli kredit müqaviləsinin və onun tərkib hissəsi olan 15 noyabr 2019-cu il tarixdə bağlanan İNSHA -81-41 nömrəli Razılaşmanın məzmunundan görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 15 ay müddətinə illik 21% dərəcəsi ilə 2300 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş 15 noyabr 2019-cu il tarixli ödəniş qrafikindən görünür ki, 15.11.2019-cu il tarixli İNSHA-81-41 nömrəli kredit müqaviləsinə və onun tərkib hissəsi olan 15 noyabr 2019-cu il tarixdə bağlanan İNSHA -81-41 nömrəli Razılaşmaya əsasən borclu hər ay 176 manat ödəniş etməli idi. İş materiallarında əlavə olunmuş müvafiq maliyyə arayışından görünür ki, Cavabdeh 20.05.2021-ci il tarixə iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə 1011,96 manat əsas, 230,70 manat cərimə borcu olmaqla, cəmi 1242,66 manat borcu vardır. İş materiallarına əlavə olunmuş «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə ünvanladığı 14.04.2021-ci il tarixli bildirişdən müəyyən olur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 15.11.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə, 15.11.2019-cu il tarixli İNSHA-81-41 nömrəli kredit müqaviləsinin və onun tərkib hissəsi olan 15 noyabr 2019-cu il tarixdə bağlanan İNSHA -81-41 nömrəli Razılaşmaya əsasən iddiaçı tərəfindən hesablanmış əsas borc və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməli, 811,96 manat əsas və 60 manat cərimə borcu olmaqla, cəmi 871,96 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 811,96 manat əsas və 60 manat cərimə borcu olmaqla, cəmi 871,96 (səkkiz yüz yetmiş bir manat doxsan altı qəpik) manat və ödənilmiş 30 manat tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar